1911
12:08
22 Sentyabr 2011

Qənirə Paşayeva: “Mən maksimalistəm - hər şey, ya heç nə...” - SÖHBƏT

Qonaq: Qənirə Paşayeva
Qarşılayan: Günel Mövlud

Payız fəsli bir az şair qəlbinin tüğyan elədiyi, ağlının bir qarış havada olduğu vaxtlara aiddir deyə, «səhər yeməyi» bir az gec-gec baş tutur. Amma hərləyib-fırlayıb, realist düşünən bir zaman tapıb, eləyirsən əvvəl-axır...

Bu dəfə qonağım ölkədə səlis və bitməz-tükənməz nitqi, möhkəm xarakteri, uzun boyu, simmetrik üz cizgiləri, insanın bacara biləcəyi bütün peşələrdə istedadı olmağı, siyasətdən vurub, şairlikdən çıxmağı ilə seçilən tək-tük qadınlardan biridir. Keçmiş həmkarımız, millət vəkili Qənirə Paşayeva.

Düzdü, onu qonaq çağıranda babat da ürkdüm. Eh, Günel Mövlud kimdi, bacı adamlar susdurub e qarşısında! Amma ta indi, biz onu davaya çağırmırıq ki, uzaqbaşı səhər yeməyinə çağırırıq...

Qənirə xanımla görüş vaxtını müəyyənləşdirəndə məlum oldu ki, səhər yeməyini gec yeyənlər arasında rekordu qırır. Nə az, nə çox, düz günorta saat 3-ə vaxt təyin elədi. Allahdan, mən də səhər yeməyini günortadan sonra yeyirəm, yoxsa o vaxt nə yeyəcəkdim, bilmirəm.

Həəəə, uzun sözün qısası, saat 3-də saçlarını boynunun bir tərəfinə tökmüş, əynində əvəzsiz zil qara paltar, hamı ilə salamlaşa-salamlaşa masaya yaxınlaşdı. Hansısa ciddi tədbirdən gəlirdi, özünü qaranəfəs çatdırıb bir stəkan buzlu su istədi. Və mən ağzımı hələ açmamış:

- Bəs başqa vaxt deyirsən ay mən solçuyam, nə bilim burjua həyatı belə, özün dəbdəbəli kafelərdə layihə eləyirsən ki?

Dəqiqə – 1, qol – 1! Oğulsan, bundan sonra özünü toparla, der-der deyiş onunla.

Amma mən hələ ki, yeməyə bir şey seçməkdən yana oldum. Menyudakı hansı yeməyin üstünə barmağımı qoydumsa, «bax, bu da burjua yeməyidir də» dedi və özü axırda ikicə sosislə kartof qızartmasının üstündə dayandı.
Onu görəndə sevinə-sevinə bizə qulluq eləyən ofisiantlara, menecerə gülümsəyərək, sifarişini verdi və:

- Eşidirəm səni, ay bacı – dedi.

Başladıq.

- Qənirə xanım, niyə həmişə qara geyinirsiniz? Cəmiyyətə açıq deyilsiniz, ifrat rəsmisiniz, nə olacaq bunların axırı?

- Bilirsən, mən belə böyümüşəm. Bu xasiyyət, bu ciddi, rəsmi həyat tərzi mənim öz seçimim deyil. Dörd yaşında məktəbə gedən, 5 yaşından məktəbdə oxuyan, dərsdən başqa musiqi ilə, şahmatla məşğul olan uşaq olmuşam. Hələ üstəlik, atam bizə dərslərdən əlavə bir mütaliə limiti də qoyurdu. Onun norma qoyduğu qədər kitab da oxumalı idik. Mənim heç vaxt oyuncaqlara, qonşu uşaqları ilə oxumağa vaxtım olmayıb. Sonra universitet vaxtlarında da həm oxumuşam, həm işləmişəm, həm ev işlərini görmüşəm, ailəmizə baxmışam. Yəni əyləncələr, dostlarla xoş vaxt keçirmək lüksüm də olmayıb. O ki qaldı qara, boz rənglərə bunlar mənim ruhumun rəngləridi. Düzdü, rəngli paltarlar geyinən adamlar görəndə xoşuma gəlir. Amma özümün içimdən gəlmir o rəngləri geyinmək. Mənim ruhuma ağ-qara, boz daha uyğundur.

- Yəni ruhunuz elə belədi?

- Sən başladın da yenə... Əzizim, mən xislətcə maksimalistəm. Ya ağ, ya qara. Ya hər şey, ya heç nə!

- Bayaq danışdığınız həyat tərzi, o özünüzün seçdiyiniz, sizə xoş gələn uşaqlıq idi, yoxsa məcbur olduğunuz üçün elə yaşayırdınız?

- Bilirsən, əslində mən heç fikirləşmirdim ki, bunu özüm seçmişəm, ya yox. Elə böyüdürdülər, mən də elə yaşayırdım. İndi də şikayətçi deyiləm. Nəticədə piano çalıram, yaxşı musiqi, ədəbiyyat zövqüm var, yaxşı şahmat oynaya bilirəm...yəni öyrəndiklərimin ancaq xeyrini gördüm.

- Necə ola bilər ki, Simona da Bovuarın, Lermontovun, Çe Gevaranın heyan olan bir qadın desin ki, belə darıxdırıcı həyat mənim xoşuma gəlir?

- Axı mən o adamların həyat tərzini yox, ruhlarını, elədiklərini, yaratdıqlarını sevirəm. Mən Simona kimi yaşamağın yox, onun yazdıqlarının, cəmiyyətə təqdim eləyib, müdafiə elədiyi fikirlərin tərəfdarıyam. Lermontovun, Çe Gevaranın da həmçinin. Bir də ki, mən belə yaşayıramsa, bu o demək deyil ki, mənim ruhum da, xislətim də elə belə sən demişkən darıxdırıcıdı. Əslində, mənim ruhumda bir Lermontovluq var...

- Oooo! Bəs o Lermontovluğunuzu insanlara niyə göstərmirsiniz? Bu qorxudu, təkəbbürdü, insanlara etibar eləməməkdi, nədi?

- Sənin sadaladıqlarının heç biri deyil. Amma mən belə öyrəşmişəm. Üstəlik, bizim cəmiyyətdə qadının öhdəlikləri var. Bir kişinin edə biləcəyi azad hərəkəti hamı ona bağışlayar, amma qadınlara münasibətdə cəmiyyət mühafizəkardı. Hələ bir də ictimailəşmiş qadın olanda, həyatına, hərəkətlərinə ikiqat cavabdehsən. Bir də ki, insanın gizlinləri, içindəkilər ancaq onun özünündü. Onu hamıya niyə göstərim ki? Mənim boynuma biçilmiş obraz başqadı.

- Deyirsiz yəni, heç o Lermontovluğunuzu göstərəcəyiniz yaxın dostlarınız da yoxdu? Axı insan heç olmasa bəzi adamların yanında sərbəst, azad olmağı bacarmalıdı. Yoxsa adam dəli olar ki...

- Yox, niyə ki, elə dostlarım var. Onların yanında olduqca azad, sərbəst ola bilirəm. Ruhumdakı o çılğın, şairanə tərəfləri göstərə bilirəm. Amma elələri çox azdır.

Bu arada fotoqrafımız gəldi. Qonağım onu uzun-uzadı söhbətə tutdu, müxtəlif tədbirlərdə çəkilmiş fotoşəkillərini istədi, yemək yediyi vaxt çəkməməyini tələb elədi, bu səhər yeməyi vaxtı çəkiləcək şəkilləri ona da göndərməyini istədi. Sonra kafenin meneceri vəzifəsinə yenicə təyin olunmuş Taleh millət vəkili ilə şəkil çəkdirmək istədi. Mən bir azdan müştərilərin də bura axışıb, məşhur qonağımla şəkil çəkdirəcəklərindən qorxduğum vaxt, onun fotoqrafla, menecerlə söhbətləri qurtardı və biz artıq qabağımızda soyuyan yeməklərə və söhbətimizin davamına başladıq.

- Yeri gəlmişkən, dostlarınız da adətən yaradıcı adamlar olur. Yazıçılar, musiqiçilər, rəssamlar...Həmkarlarınızla, siyasətçilərlə darıxırsız deyəsən?

- Yox, onların da arasında dostlarım var. Amma siyasətçilərlə onsuz da tədbirlərdə, işdə görüşürük, danışırıq. Onların da arasında yaxın dostlarım var. Amma daha çox yaradıcı adamlarla dostluq eləyirəm, çünki onların daha səmimi, daha rahat dostluq elədiklərinə inanıram. Bilirəm ki, bir söz deyəndə, tənqid eləyəndə ürəkdən deyirlər, başqa heç bir məqsədləri yoxdu. Bir də ki, onlarla tez-tez görüşürəm ki, görüm yaradıcı adamlar nə düşünür...

- Şeirlər də yazırsınız və arada sözlərinizə bəstələnən mahnılar da eşidirik. İstəyirəm bu suala cavab verəndə mümkün qədər səmimi olasınız. Necə bilirsiz, o şeirlərdən doğrudan da təsirləndikləri üçün mahnı bəstələyib, oxuyurlar, yoxsa millət vəkili olduğunuz üçün...

- Bilirsən, bəlkə də şeirlərimə başqa bəstəkarlar mahnı bəstələsəydi, başqa müğənnilər oxusaydı, sən deyən kimi düşünərdim. Amma o mahnılardan bir neçəsini Aygün Səmədzadə bəstələyib. Onunla da biz on ildən çoxdu ki, dostuq. Yəni hələ millət vəkili olmamışdan əvvəl. Özü də Aygün xanımın elə xasiyyəti var ki, onun üçün millət vəkilliyinin, başqa statusların önəmi yoxdu. Tünzalə Ağayeva mənim şeirimə mahnı yazıb, oxuyub. O da uzun illərin dostudu və onun da bir sadəcə millət vəkilidi deyə, kiminsə sözlərinə mahnı oxumağı inandırıcı deyil. Türk müğənnisi Ahmet Şafak sözlərimə mahnı yazıb oxuyub, onunla da uzun illərdi ki, dostuq. Amma mənə yaxın olmayan adamlar deyəndə ki, şeirlərini ver, mahnı yazaq, ifa eləyək, imtina eləyirəm.

- Siyasət, musiqi, şahmat, jurnalistika, şairlik, həkimlik... Hansı daha yaxındı?

- Mən bilirdim ki, yaxşı pianoçu ola bilərəm. Amma məndən heç vaxt böyük musiqiçi olmayacaqdı. Peşəkar şahmatçı ola bilərdim, amma anam mane oldu. Həkim ola bilərdim, amma tibb təhsili aldığım vaxt hər gün onlarla yaralının, ölümcül xəstənin gətirildiyi o müharibə illərinə düşdü. Məşhurluğun ən zirvəsində jurnalistikadan getdim. İndi, millət vəkili olduğum vaxt üstümdəki missiyanı, məsuliyyəti yaxşı yerinə yetirməyə çalışıram. O ki qaldı şairliyə, narahat olmayın, sizin sahənizdə gözüm yoxdu. Şeirlər yaza bilərəm, amma heç vaxt razı olmaram ki, adımın qabağında «şair» sözü yazılsın...

Belə təvazökar çıxışın üstündən hərəmiz bir fincan isti çay içib, söhbətimizi daha sadə, daha rahat və daha qadınca mövzularla davam elədik. Baş direktorumuz Qabil müəllim söhbətin bu yerini həmişə ciddi-cəhdlə bilmək istəyir və yazmadığıma görə məni danlayır...