17:17
11 Avqust 2008

Nəsibə Abdullayeva: “Həyat yoldaşım məndən 15 yaş kiçikdir”

Özbək müğənnisi Nəsibə Abdullayeva sentyabrda Azərbaycana gəlməyi planlaşdırır. Müğənni burada solo-konsert verəcək. Bu barədə Lent.az -a eksklüziv açıqlamasında N.Abdullayevanın özü bildirib.

“Məhəbbət üçbucağı”

Müğənninin sözlərinə görə, artıq dəvətlər alıb. Daha çox Baba Vəziroğlunun şeirlərinə yazılmış mahnıları oxuduğunu deyən müğənni ən çox bəstəkar Kamalın musiqilərindən ibarət diskə qulaq asdığını vurğulayıb: “Bu diskdə ürəyimə yatan mahnılar çox olur, onlardan bir neçəsini oxumuşam. Bu mahnılardan biri Aygün Kazımovanın ifa etdiyi “Nigaranam” və Faiq Ağayevin “Bağışlaram səni” oldu. Düzdür, həmin müğənnilərlə mənim aramda “məhəbbət üçbucağı” yarandı. Azərbaycan müğənnilərinin mənə olan qısqanclıqlarını qəbul edə bilmirəm. Amma hansısa bir azərbaycanlı müğənninin özbək mahnısını oxuması bizim üçün çox sevindirici olur. Bütün bunlara baxmayaraq, yenə də həmin mahnıları oxuyacağam. Əslində belə münasibət mənə stimul verir. Mənə ən pis təsir edən isə Nisə Qasımovanın fikirləri oldu. Onun da bir mahnısına müraciət etmişdim. Çünki mənim maşınımda bu xanımın diskləri həmişə olub, o xanıma həmişə qulaq asıram və böyük hörmətim var. Amma özümə qarşı ondan belə münasibəti gözləmirdim”.

Bəxtinə azərbaycanlı yazılıb

N.Abdullayeva şəxsi həyatı barədə də danışıb. Sənətçi iki dəfə ailə həyatı qurduğunu deyib: “Mənim birinci həyat yoldaşım da azərbaycanlı idi. Onun ailəsi Azərbaycanda yaşayırdı. İki oğlumuz oldu, amma bəzi səbəblər üzündən ailəmiz uzunömürlü olmadı. Ondan bir neçə il sonra ikinci dəfə ailə həyatı qurdum. Artıq üç ildir ki, məni çox sevən bir şəxslə həm kəbin, həm də rəsmi nikahla ailə qurmuşam. O da azərbaycanlıdır. Atası Gədəbəydən, anası Səmərqənddən olan azərbaycanlılardandır”.

33 yaşlı ər və 27 yaşlı oğul

N.Abdullayeva bildirib ki, həyat yoldaşının 33 yaşı var. Müğənni aralarında olan yaş fərqini də gizlətməyib. Nəsibə xanım deyib ki, həyat yoldaşı ondan 15 yaş kiçikdir: “Həyat yoldaşım elmi işlə məşğuldur. Əvvəl Cenevrədə, indi isə mənim oğlanlarımla birlikdə Londonda yaşayır. Böyük oğlumun 27, kiçik oğlumun isə 21 yaşı var. İki-üç ay Özbəkistanda qalıram, qalan vaxtı mən də Londonda oluram”.

Nəsibə xanım “Elegiya”nı da oxuyacaq

Yaradıcılığından danışan N.Abdullayeva yeni Azərbaycan mahnıları üzərində işlədiyini deyib: «Son işim “Elegiya”dır. Mahnının sözləri Leyla Əliyevaya məxsusdur. Mahnılarımı Özbəkistanda oranjeman etdirirəm. Amma Azərbaycan milli ritmlərini müxtəlif milli çalğı alətlərinin ifasında yazdırıb mənə göndərirlər”.

Nigar MƏMMƏDLİ

Dİgər xəbərlər