334
14:22
05 Aprel 2011

Bakını bürüyən toz qatı Ərəbistandan gəlib

Bu gün səhər saatlarından Bakının bütün ərazisi toz-torpağa bürünüb. Xəfif küləyin göyə sovurduğu sarımtıl toz-torpaq qatı duman kimi şəhərin üzərini alıb. Paytaxtın nisbətən hündür nöqtələrindən baxanda nəinki geniş küçələr, parklar, heç adi vaxtlarda uzaqdan diqqəti cəlb edən ən uca binalar da görünmür.

Lent.az -ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Bakı şəhərinin atmosfer havasının çirklənmə səviyyəsinin yoxlanılması məqsədilə monitorinq aparıblar. Monitorinqin nəticələrinə əsasən, hazırda havada olan tozun miqdarı normadan 1,5-2,5 dəfə çoxdur. Nazirliyin mütəxəssislərinin fikirlərinə görə, buna əsas səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosferin yer səthinə yaxın olan qatlar üzrə hava cərəyanlarının bərqərar olunmuş cənub, cənub-qərb axınları ilə Azərbaycana da gəlib çatıb.

Nazirlikdə bildirirlər ki, ötən gecə və bu gün səhər saatlarında nisbətən zəif külək əssə də bu, atmosfer havasında tozun səpələnməsinə və miqdarının azalmasına əlverişli şərait yaratmayıb. Hazırda nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunda yeni tətbiq olunmuş EUMETSAT peyk sistemi vasitəsi ilə bu hadisə hər 15 dəqiqədən bir yeniləşən peyk görüntüləri ilə izlənilir. Bürodan verilən məlumata görə, sabahdan başlayaraq zəif cənub, cənub-şərq küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunması proqnozlaşdırılır ki, bu da atmosfer havasında toplanmış toz hissəciklərinin səpələnməsi və miqdarının azalması üçün əlverişli şərait yaradacaq. Gözlənilən yağışlı hava şəraiti isə qısa bir müddətdə çirklənmənin minimuma enməsinə səbəb olacaq.

Elxan SALAHOV