2483
12:14
23 Yanvar 2011

Azərbaycanla bağlı təyyarə qəzaları - XRONOLOGİYA

Asiyadan Avropaya və əksinə hərəkət edən sərnişinlər çox zaman Bakı aeroportunu transfer üçün seçirlər. Uzaq məsafəyə hərəkət edən təyyarələr də çox zaman yanacaq götürmək və digər texniki ehtiyaclar üçün tez-tez Bakıya enir.

Azərbaycanda baş vermiş aviaqəzaları araşdırarkən qarşımıza kifayət qədər maraqlı hallar çıxdı. Mövzunu daha əhatəli şəkildə işləmək üçün, obrazlı desək “ölkə hüdudlarından” kənara çıxmalı olduq. Çünki, ölkədən kənarda baş verən qəzaların qurbanı olmuş həmvətənlərimizin də sayı kifayət qədər çoxdur. Bunları nəzərə alaraq, Lent.az sizə Azərbaycanla bu və ya digər şəkildə bağlı təyyarə və vertolyot qəzalarının siyahısını təqdim edir. Siyahıya hərbi əməliyyat zamanı vurulan təyyarələr daxil edilməyib.

22 yanvar 1945.Bakı-Mahacqala-Qroznı marşrutu ilə hərəkət edən “Douglas C-47” markalı təyyarə Mahacqala aeroportundan qalxdıqdan sonra duman səbəbi ilə tam alçaqdan uçmağa başlayır. Ekipaj istinad olaraq dəmir yol xəttini götürsə də, sonradan duman daha da qatılaşıb və təyyarə yolu itirərək dağa çırpılıb. Təyyarədəki 5 nəfər həlak olub.

26 noyabr 1967. “Aeroflot”un Azərbaycan bölməsinə məxsus “AN2” təyyarəsi Stavropol diyarında (Pyatiqorsk şəhəri) qəzaya uğrayıb. Qəzaya səbəb kimi uçuş normalarının kobud şəkildə pozulması və dispetçerin xətası göstərilir. Qəzada ölənlərin sayı barədə məlumat yoxdur.

11 may 1973. Bakı-Daşkənd-Novosibirsk marşrutu ilə hərəkət edən “İL-18B” markalı təyyarə 9000 metr yüksəklikdə avtopilot rejimində uçarkən qəflətən 5000 metr məsafəyə qədər aşağı düşüb. Havada dağılan təyyarədə 7-si ekipaj üzvü olmaqla 61 nəfər həlak olub. Qara qutular ciddi zədə aldığından ətraflı məlumat əldə etmək mümkün olmayıb. Qəzaya təyyarənin yad cisimlə toqquşmasının səbəb olması ehtimal edilir.

18 avqust 1973. Bakı-Mahacqala reysi ilə uçan təyyarə havaya qalxdıqdan sonra sağ mühərrikin sıradan çıxması nəticəsində Neft Daşlarındakı platformaya çırpılıb. Qəzaya səbəb kimi, istismar zamanı mühərrikin uzun müddət yüksək dövrlərdə işlədilməsi nəticəsində detalların əriməsi göstərilir. Təyyarədə olan 64 nəfərdən 56-sı həlak olub.

15 avqust 1975. Bakı-Aşqabad reysi ilə hərəkət edən “Yak 40” təyyarəsi Türkmənistanda enərkən pilotun xətası və güclü külək nəticəsində zolağa 4 km qalmış qəzaya uğrayıb. Təyyarədəki 28 nəfərdən 23-ü həlak olub.

19 may 1978. Bakı - Leninqrad reysi ilə uçan “TU-154B” təyyarəsi 10 000 metr yüksəklikdə ikən bort mühəndisi səhvən yanacaq nasosunu bağlayıb və ekipaja xəbər verməyib. Sərfiyyat çənindəki yanacaq qurtarandan sonra hər 3 mühərrik dayanıb və təyyarəni təkrar işə salmaq mümkün olmayıb. Pilot son anda şassini açaraq təyyarəni kartof sahəsinə endirib. Eniş zamanı sağ qanadı teleqraf dirəyinə dəyən təyyarə tamamilə yanıb. Təyyarədəki 134 nəfərdən cəmi 4-ü həyatını itirib.

12 dekabr 1988. Zəlzələdən zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş “İL-76” təyyarəsi Ermənistanın Spitak rayonu yaxınlığında “Stinqer” raketi ilə vurulub. Nəticədə təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qalıb. Həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın humanitar yük gətirən “An-12” təyyarəsini də vurub.

18 oktyabr 1989. Bakı-Bolqrad (Ukrayna, Odessa vilayəti) reysi ilə uçan hərbi “İL-76” təyyarəsi Nasosnı aerodromundan qalxdıqdan sonra mühərrikdə yanğın baş verib və təyyarə aerodromdan 11 km aralıda dənizə düşüb. Qəzada 48 sərnişin və 9 ekipaj üzvü həlak olub. Təyyarədəki desantlar Qarabağda döyüş tapşırığını yerinə yetirib dislokasiya yerinə qayıdırdı. (Bolqrad şəhərində ölənlərin xatirəsinə abidə ucaldılıb)

1 avqust 1990. İrəvan-Xankəndi reysi ilə hərəkət edən “Yak 40” təyyarəsi Kəlbəcərin Fərəc kəndi yaxınlığında qəzaya uğrayıb, 44 nəfər həlak olub. Qəzaya səbəb kimi gəmi komandirinin tamahkarlığı göstərilib. İstintaqın qənaətinə görə, komandir rüşvət alaraq təyyarəyə əlavə yük və sərnişin götürüb (Təyyarənin sərnişin tutumu 27 nəfərdir).

1 avqust 1990. İrəvan-Xankəndi reysi ilə uçan “Yak 40” təyyarəsi yağışlı hava şəraitində eniş edərkən 2560 metr yüksəklikdə dağa çırpılıb, göyərtədəki 46 nəfər həlak olub. Qəzaya səbəb kimi pilotun xətası və dispetçerin naşılığı göstərilir.

20 noyabr 1991. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən “Mİ-8” vertolyotu vurulub. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər və 3 nəfər ekipaj üzvü həlak olub. Həlak olanlar arasındakı yüksək vəzifəli şəxslər də olub.

28 yanvar 1992. Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulub, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olub.

16 sentyabr 1993. Naxçıvandan Zəngilana sərnişin və humanitar yük daşıyan vertolyot ermənilər tərəfindən atəşə tutulub. Pilot məcburiyyət qarşısında hava məkanını pozaraq İran ərazisinə enib. Qayda pozuntusuna rəğmən, İran tərəfi vertolyotu normal qarşılayaraq ertəsi gün Azərbaycana yola salıb.

18 mart 1994. Moskva-Tehran reysi ilə hərəkət edən İran Hərbi Hava Qüvvələrinə məxsus “Herkules” təyyarəsi Xankəndi yaxınlığında erməni terrorçuları tərəfindən vurulub, 34 nəfər həlak olub. Hadisə nəticəsində Moskvadan vətənə qayıdan iranlı diplomatlar həlak olub. Ermənilər bu məsələdə Azərbaycanı günahkar çıxarmağa çalışsalar da təhlükəsizlik orqanları onların bu cəhdini boşa çıxarıb. Qəzadan bir-neçə dəqiqə əvvəl tutulan radiodanışıqda erməni rabitəçi sevincək halda deyirdi: “Biz indicə azərbaycanlıların bir təyyarəsini vurub saldıq”. Bu material İran tərəfinə təqdim edilib. İran tərəfinin açıqlamasında isə “təyyarə naməlum səbəbdən kursdan yayınıb və havada partlayıb” deyilir. Həlak olanların cəsədləri İrəvana, oradan isə Tehrana göndərilib.

14 mart 1995. İrəvan-Türkmənbaşı reysi ilə kommersiya yükləri daşıyan Rusiyaya məxsus “AN-12B” markalı təyyarə yanacaq tükəndiyi üçün Bakıya eniş etməyə məcbur olub. Şəhər üzərində dördüncü dəfə dövrə vuran təyyarədə yanacaq qurtarıb və hava gəmisi uçuş zolağından 5 km kənara düşüb. Komissiya uçuş qaydalarının kobud surətdə pozulması və ekipaj arasında mübahisə baş verməsi qənaətinə gəlib. Qəza zamanı təyyarədə olan 15 nəfərin hamısı sağ qalıb.

5 dekabr 1995. “AZAL”a məxsus Naxçıvan-Bakı reysi ilə hərəkət edən “TU-134” təyyarəsi qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb. Pilot təyyarəni şumlanmış sahəyə endirməyə qərar verib. Yüksək gərginlikli elektrik xəttinə toxunan təyyarə alışıb, 82 nəfərdən 52-si həlak olub.

15 may 1997. “AZAL”a məxsus “Yak 40” təyyarəsində Gəncə yaxınlığında təlim keçən gənc pilotlar 4-cü dairəni tamamlayarkən təyyarə böyük bucaq altında şığıyaraq yerə çırpılıb və təyyarədəki 6 nəfərin hamısı həlak olub. Sonradan araşdırma zamanı təyyarənin oksigen balonunda güllə izi aşkar edilib. Məlum olub ki, kimsə alçaqdan uçan təyyarəyə atəş açıb. Həmin gün aeroport yaxınlığındakı poliqonda Azərbaycan ordusu təlim keçirdi.

22 oktyabr 2005. Trabzon-İslamabad reysi ilə hərəkət edən Rusiyaya məxsus “Ka 32” vertolyotu Gəncədə yanacaq götürüb havaya qalxdıqdan sonra naməlum texniki nasazlığa görə Göyçayda məcburi eniş etmək istəyib. Yerə enərkən vertolyot yüksək gərginlikli elektrik xəttinə toxunaraq alışıb. Vertolyot zəlzələdən əziyyət çəkən Pakistana BMT-nin humanitar yükünü daşıyırdı. Təyyarənin pərinin qalıqları bir-neçə km aralıda tapılıb.

23 dekabr 2005. Bakı-Aktau reysi ilə uçan “AN 140” markalı təyyarə havaya qalxdıqdan 5 dəqiqə sonra pilot nasazlıq barədə aeroporta məlumat verib və radardan itib. Təyyarə ştopor edərək 2100 metr hündürlükdən dənizə düşüb. Hava gəmisinin qalıqları Nardaran qəsəbəsi yaxınlığında sahildə aşkar edilib. Qəzada 5-i uçuş heyəti olmaqla, 23 nəfər həlak olub. Həlak olanlar arasında Azərbaycan, Qazaxıstan, Avstriya və İngiltərə vətəndaşları olub.

12 oktyabr 2007. “AZAL Helicopter”ə məxsus “Mi 8T” vertolyotu xəstə neftçini təxliyə etmək üçün Zabratdan qalxaraq Xəzər 4 platformasına gəlib. Xəstəni götürən vertolyot platformadan 12 metr aralıda naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə yeri sahildən 20 km aralıda idi. Vertolyotun qalıqları 12 metr dərinlikdə aşkar edilib. Qəzada 4 ekipaj üzvü və 2 pilot həlak olub.

29 yanvar 2008. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Ə. Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun meyitini tapmaq mümkün olmayıb.

14 sentyabr 2008. Moskva-Perm reysi ilə uçan “Boeing”in qəzaya uğraması nəticəsində 182 sərnişin və 6 ekipaj üzvü həlak olub. Həlak olanlar arasında Azərbaycan vətəndaşı İfrahim Naxumov, onun xanımı və 2 azyaşlı uşağı da olub.

12 iyul 2009. “AZAL Helicopter”ə məxsus “Mi 8T” vertolyotu qazma qurğusunun kranına toxunaraq dənizə düşüb, vertolyotdakı 6 nəfərdən ikisi həlak olub. Maşının qalıqları 90 metr dərinlikdə aşkar edilib.

3 mart 2010. Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı Azərbaycan HHQ-nə aid “SU 25” təyyarəsi saat 17.00 radələrində qəzaya uğrayıb. Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Həsənov Lent.az -a bildirib ki, təlim məqsədilə 4 qırıcıdan 3-ü uğurla havaya qalxsa da, biri qanadında yaranmış nasazlıq səbəbindən havaya qalxa bilməyib və qəzaya uğrayıb.

12 avqust 2010. “AZAL”a məxsus “Airbus A319” təyyarəsi Türkiyə vaxtı ilə saat 11.00-da Atatürk hava limanının 05-23 saylı zolağına enərkən təyyarə beton yoldan çıxaraq torpaq sahəyə girib. Nəticədə təyyarənin burnu sağ tərəfdən qırılıb. Sərnişinlər arasında xəsarət alan olmayıb. Təyyarədə 7-si uçuş heyəti, 2-si körpə olmaqla 119 sərnişin olub.

Nəhayət, 30 oktyabr 2010. İstanbuldan qalxan təyyarə göyərtədə tüstülənməyə görə 15 dəqiqə sonra təkrarən Atatürk aeroportuna qayıdıb. Yoxlamadan sonra, təyyarə təkrar Bakıya yola salınıb.

Son

Əlbəttə ki, qanqaraldan statistikadan sonra general Əliağa Şıxlinskinin bir kəlamını da xatırlamaq yerinə düşər: “Təyyarədə uçmayan şəxs dünyanın gözəlliklərindən bixəbərdir”.

Hər kəsə uğurlu yol arzusu ilə, Vüqar Ələsgərov

[email protected]