1012
11:36
14 Oktyabr 2010

“Yaddaş” filminə ictimai baxış keçirilib

Lent.az -ın məlumatına görə, Qarabağ savaşını əks etdirən filmin çəkilişləri Bakıda, Şəkidə, Ağsuda və digər rayonlarda aparılıb. Filmin ssenarı müəllifi və quruluşçu rejissoru Vahid Mustafayevdir.

Filmin nümayişindən öncə təəssüratlarını bölüşən yaradıcı heyət “Yaddaş”ın yaddaşlarda bir çox oyanışlara səbəb olacağına əminliklərini ifadə edib. Əməkdar artist Şövqi Hüseynov “Yaddaş”ı müstəqil Azərbaycanın ilk döyüş filmi adlandırıb: “Qarabağ mövzusunda çəkilən filmlər arasında bu qədər həqiqi döyüş səhnələri olan ilk filmdir. Bu filmdə iştirak etmək aktyorluqdan əlavə bir vətəndaş olaraq da mənim üçün borc idi. Əslində bu filmdə iştirak edə-edə mən şəxsən bir döyüş yolu keçdim. Sanki şəhid olmuş qardaş-bacılarımızın, döyüşkən oğlanların ruhu ilə təmasda olduq. Buna görə mən Vahid Mustafayevə, Vaqif Əsədullayev təşəkkür edirəm ki, bizi bu filmə cəlb etdilər. Obrazdan əlavə biz bu filmlə döyüş yolunu da keçmək şansı qazandıq”.

Filmdə baş rollardan birini canlandıran Rada Nəsibova (filmdə Arzu- L.Y) rolunu xarakterizə edib: “Muharibənin törətdiyi fəsadlar nəticəsində gözüyaşlı qalan torpağın acısını, eləcə də övladlarını və ya valideynlərini itirmiş insanların acısını yaşayan ümumiləşdirilmiş obrazdır”. R.Nəsibova “Yaddaş”ı son on ilin ən yaxşı film adlandırıb: “Həm də bu film müharibəni yaşamış insanların, xalqımızın ağrısını, acısını göstərir. Bu filmdə bir növ müharibəni yaşadım”.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vahid Mustafayev “Yaddaş”a qısa analiz verib: “Elə şeylər var ki, əbədi yadımızda qalmalıdır. Filmdə də əsas göstərmək istədiyim azərbaycanlılardır: necə görmüşəm, necə görürəm və necə görmək istəyirəm. Sadəcə olaraq prizmalar müxtəlifdir. Mənə elə gəlir ki, bu günləri biz müharibədə qəhrəmancasına vuruşan, şücaət göstərən azərbaycanlıları çox az göstəririk. Siz özünüz də yəqin tez-tez bunun şahidi olursunuz. Bizim analarımız öz uşaqlarını əsgərliyə buraxmaq istəmirlər. Ona görə ki, balalarının orada öləcəyindən ehtiyatlanırlar. Ümumiyyətlə, əsgər Vətəni qorumağa gedəndə öldürməyə getməlidir, ölməyə yox. Mən bu filmdə azərbaycanlının düşmənlərimizi, Vətənimizə və torpağımıza təcavüz etmiş düşmənlərimizi öldürə bilmə bacarığını göstərmişəm”.

“ANS” Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev ictimai baxışdan öncə bəzi kadrların qeyri-standart çəkilməsinə izah verib: “Bu, bizə Çingiz Mustafayevin sonuncu kadrlarını xatırladır. Ümid edirəm ki, bu, Azərbaycanda Qarabağ mövzusunda çəkilən filmlərin arasında daha çox seçilən film olacaq”.

6 seriyalı filmdən hazırlanmış 1 saat 30 dəqiqəlik tammetrajlı filmin nümayişindən sonra Vahid Musatafayev filmin ərsəyə gəlməsində xidmətləri olan şəxslərə və mənəvi dəstəyə görə Azərbaycan prezidentinə öz minnətdarlığını bildirib.

Lalə Yusifqızı