639
17:05
11 Mart 2020

Bu ölkədə əhalinin 70 faizi koronavirusa yoluxa bilər - AÇIQLAMA

“Almaniya əhalisinin 60-70%-nin koronavirusa yoluxma ehtimalı var”.

APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel koronavirusla mübarizə tədbirləri və Avropa İttifaqı (Aİ) liderlərinin martın 10-da keçirilən videokonfransının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

“Koronavirus Avropadadır, biz bunu başa düşməliyik. Almaniya əhalisinin təxminən 60-70%-i bu virusa yoluxacaq, çünki virus yenidir. Onun nə peyvəndi, nə də müalicəsi var və əhalinin immuniteti yoxdur”, - deyə A. Merkel bildirib.

O qeyd edib ki, koronavirusa qarşı mübarizə tədbirləri həyata keçiriləcək və tədbirlər yaşlıların, habelə sağlamlıq problemləri olanların qorunmasına yönəldiləcək, çünki bu qruplar virusa yoluxma zamanı daha çox risk altındadır.

A. Merkel bu həftə iqtisadiyyatı epidemiyanın təsirindən qorumaq üçün müvafiq təkliflərin müzakirə olunacağını vurğulayıb.

Ölkənin ictimai səhiyyə orqanı olan Robert Koch İnstitutunun (RKI) rəhbəri Lothar Wieler Almaniyada daha çox ölüm və xəstəliyin kritik hallarının ola biləcəyi barədə xəbərdarlıq edib.

O, koronavirus haqqında bilinməyən məqamların olduğunu, ancaq onun bir dalğa kimi yayılmadığını, müəyyən bölgələr üzərindən keçdiyini söyləyib: “Virusun yayılması nə qədər yavaş olarsa, müalicə üsulunu tapmaq və ya peyvənd hazırlamaq şansı daha yüksək olacaq”.