1271
23:20
10 Mart 2020

Bakıda günəş enerjisi ilə işıqlandırılan səməni quraşdırılıb - YENİLİK - VİDEO

Bu gün Yel çərşənbəsidir. İlaxır çərşənbələrin üçüncüsü olan Yel çərşənbəsində havanın küləkli olması bir növ qarşıdan gələn Novruz bayramının carçısı, baharın gəlişi xəbərini küləklə gətirən müjdəçisidir desək, yanılmarıq.

APA TV-nin məlumatına görə, paytaxtın mərkəzində Novruz bayramının əsas atributu hesab olunan səməninin günəş enerjisi vasitəsilə işıqlandırılması da öz növbəsində şəhərin mənzərəsinə xüsusi gözəllik qatır.

Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətinin birgə layihəsi əsasında hazırlanan səməni maketinin ərsəyə gəlməsində 500-dən çox birdəfəlik plastik butulkadan istifadə olunub. Layihənin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönəltmək, cəmiyyəti tullantıların düzgün idarə olunmasını düzgün idarə edilməsi istiqamətində maarifləndirmək, həmçinin birdəfəlik plastik qablardan istifadənin azaldılmasını, alternativ və bərpaolunan enerji mənbələrindən istifadəni təbliğ etməkdir.

AZGREEN şirkətinin davamlı inkişaf üzrə mütəxəssisi Əlibala Xəlilovun sözlərinə görə, sözügedən səməni 24 saat fasiləsiz olaraq alternativ enerji, daha dəqiq desək, günəş enerjisi vasitəsilə işıqlandırılır: “Hazırda bu plastik səməni maketində 550 butulkadan istifadə etmişik. Bununla biz plastik qablara qarşı mübarizə aparmaqla bərabər alternativ enerji mənbələrindən istifadəni təbliğ etməyə çalışırıq. Hazırda bu plastik səməninin işıqlandırılması günəş paneli vasitəsilə həyata keçirilir. Biz bu layihədə 1 günəş paneli, 1 invertor və 1 akkumulyatordan istifadə etmişik”.

Əlibala Xəlilov deyir ki, ölkəmizdə bu sahəni inkişaf etdirmək üçün kifayət qədər potensial var: “Hazırda gördüyümüz günəş panelinin üzərinə təxminən 8-9 saat gün işığı düşür və bu, yetərincə kifayət edir ki, akkumulyator tam dolsun və invertorun köməyi ilə səməni 24 saat işıqlandırıla bilsin. Biz günəş panelini xüsusi dirəklər vasitəsilə bərkitmişik ki, qurğuya böyük zərər dəyməsin və səməninin işıqlanması daimi olaraq qalsın”.

Qeyd edək ki, qurum sözügedən layihəni başqa məkanlarda da reallaşdırmağı planlaşdırıb.