795
17:44
10 Mart 2020

Kirayə mənzillərə sənəd qəbulu başladı

Martın 10-dan İpoteka və Kredit Zəmanət Fondunun (Fond) kirayə mənzil mexanizmi üzrə elektron müraciətləri qeydə alınmış vətəndaşların sənədlərinin qəbuluna başlanılıb.

Fonddan Lent.az -a bildirilib ki, gün ərzində 2 saylı Bakı “ASAN Kommunal” mərkəzi və Sumqayıt “ASAN xidmət” mərkəzində növbəlilik əsasında 75 vətəndaş baxılması üçün sənədlərini təqdim edib.

Sənədləri qəbul edilən vətəndaşların müraciətinə Fondda ən geci 5 iş günü ərzində baxılır. Vətəndaşın yaşı, kredit tarixçəsi və rəsmi gəlirləri əsasında kirayəyə yönəldəcəyi maksimal aylıq ödəniş məbləği və kirayə müqaviləsinin maksimal müddəti müəyyən edilərək bu barədə onların elektron kabinetinə bildiriş göndəriləcək. Bundan sonra həmin vətəndaşlar “Elektron ipoteka və kredit zəmanət” sistemi (EİKZS) vasitəsilə ödəniş qabiliyyətlərinə uyğun yaşayış sahəsini seçmək imkanı əldə edəcəklər. EİKZS vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulu prosesi isə davam etdirilir.

Müraciətləri qeydə alınan vətəndaşların elektron kabinetinə sistem vasitəsilə sənədlərin qəbul tarixi və yeri barədə bildiriş göndəriləcək və SMS məlumat veriləcək. Vətəndaşlar yalnız bildirişdə qeyd olunan tarixdə sənədlərin qəbulu üçün ASAN xidmət mərkəzinə gəlməlidirlər.

Məlumat üçün bildiririk ki, sistem tərəfindən vətəndaşa növbə yalnız bir dəfə - müraciət anında verilir. Növbə aşağıdakı hallardan biri baş verdiyi təqdirdə dəyişir (yaxınlaşır):

- Vətəndaş müraciətindən özü imtina etdikdə;

- Tələblərə uyğun gəlmədikdə sistem tərəfindən onun müraciətindən imtina olunduqda;

- Tələblərə uyğun gəldiyi halda mənzil seçimini həyata keçirmədikdə və ya bu seçimdən imtina etdikdə;

- Fond tərəfindən yeni mənzillər alınaraq elektron sistemə daxil edildikdə.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.