948
17:06
10 Mart 2020

Milli Məclisdə dəyişikliklər olacaq - Aparat rəhbəri

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasından sonra Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Azərbaycan Televiziyasına (AzTv) eksklüziv açıqlama verib.

Lent.az -ın məlumatına görə, S.Mirzəyev qeyd edib ki, Milli Məclisin rəhbərliyi və komitə sədrləri dəyişib və bütün bunlar göstərir ki, ölkədə aparılan islahatlar Milli Məclisdə də davam etdirilir: “Bundan sonra Milli Məclisin fəaliyyətində də yəqin ki, dəyişikliklər olacaq. Bu, həm qanunvericilik fəaliyyətinə aid olacaq, həm təmsilçilik, həm nəzarət, həm də beynəlxalq əlaqələr sahələrinə. Eyni zamanda, Milli Məclisin aparatında da islahatlar həyata keçirməliyik: müasir dövrə uyğun həm struktur dəyişiklikləri, həm də kadr islahatları. Gənc kadrları Milli Məclisin işinə cəlb edəcəyik. Ümid edirəm ki, Milli Məclisin yeni rəhbərliyi yaxın günlərdə böyük işlər görəcək”.

Aparat rəhbəri bildirib ki, Milli Məclis yeni qanun layihələri üzərində işləyəcək: “Məsələn, siyasi partiyalarla bağlı qanun yeni variantda hazırlanır. Cənab prezident də bu gün qeyd etdi ki, pozitiv fəaliyyətdə olan bütün siyasi partiyalar ölkədəki proseslərə cəlb olunmalıdır”.