3852
11:09
10 Mart 2020

Valyuta satışına məhdudiyyət qoyulacaq? - AÇIQLAMA

"Azərbaycandakı banklar adi gücləndirilmiş iş rejimində işləyirlər. Müştərilərdən gələn bütün tələbləri qarşılamağa çalışırlar və qarşılayırlar. Hər hansı məhdudiyyət yoxdur və olmayacaq".

Bunu "APA-Economics"ə Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

"Qeyri-standart nə isə baş verməyəcək. Standart komplayans (uyğunluq) qaydaları çərçivəsində adi rejimdə müştərilərin bütün tələbləri qarşılanacaq", - Z. Nuriyev bildirib.

Qeyd edək ki, hazırda vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə bank filiallarına yaxınlaşaraq 500 ABŞ dollarınadək vəsait ala bilər. Xarici valyuta satışı 500 dollardan çox və 20 min manat ekvivalentinədək olduqda şəxsiyyət vəsiqəsi və əlavə olunmuş blank müştəri tərəfindən doldurulmalı və kassaya təqdim edilməlidir. Bu blank kassada müştəriyə təqdim olunur. Yəni xarici valyuta bir gün ərzində bankda bir nəfərə yuxarıdakı qaydada maksimum 20 min manat ekvivalentində satıla bilər. Bu qayda həm kassada nağd, həm də hesabdan hesaba köçürmə ilə olan konvertasiya əməliyyatlarına aiddir.

"Lakin bizim xahişimiz odur ki, artıq təşviş yaradılmasın. İnsanlar zərurət olmadığı halda əlavə valyuta alışına getməsinlər. Banklar sakit bir formada istənilən həcmdə valyutanı satırlar və satacaqlar. Banklar kifayət qədər nağd və qeyri-nağd valyuta ilə təchiz ediliblər ki, müştərilərdən gələn tələbləri qarşılaya bilsinlər", - Z. Nuriyev əlavə edib.