1083
09:43
06 Mart 2020

“Məhəbbət əfsanəsi” baletinin təqdimat tarixi dəyişdirilib


Martın 13-ü, 15-i və 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan “Məhəbbət əfsanəsi” baletinin təqdimat tarixi dəyişdirilib.

Bu barədə Lent.az -a Heydər Əliyev Fondundan məlumat verilib.

Qeyd edək ki, tamaşa məşhur rusiyalı baletmeyster Yuri Qriqoroviçin quruluşunda hazırlanır. Koronavirus xəstəliyinin qarşısının alınması üzrə görülən qabaqlayıcı tədbirlər çərçivəsində və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək baletin hazırlığına cəlb olunan Rusiya tərəfinin yaradıcı heyəti tədbirin mart ayındakı tarixinin daha gec vaxta keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Bununla əlaqədar olaraq Heydər Əliyev Sarayında keçirilməli olan “Məhəbbət əfsanəsi” baletinin 3 günlük təqdimatının tarixi dəyişdirilib. Təşkilatçılar tərəfindən baletin təqdimatının yeni tarixi barədə əlavə məlumat veriləcək.

Martın 13-ü, 15-i və 16-na alınan biletlər üzrə yaranan suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət etmək olar.