23450
15:05
13 Fevral 2020

“Qadın bildikləri barədə sussa yaxşıdır” – Xalq artisti nisgilli və sevincli günlərini bölüşür

Əyalət teatrlarında çox böyük sənətkarlar yetişib. Bəzisini tanımışıq, bəzisi heç tanınmadan bu dünyadan köç edib. Gəncə teatrında da sənətkarlar olub, var, yenə də olacaq. Yenə bəzilərindən xəbərsiz olacağıq. “Pərvanələrin rəqsi”, “Yuxu kimi” seriallar olmasaydı, Xalq artisti Pərvanə Qurbanova da kütləvi tamaşaçıya tanınmayacaqdı. Onu Gəncə Teatrının səhnəsindən tanıyırdım, oynadığı seriallarda da diqqətimi çəkdi. Sizin də diqqətinizi çəkdiyi üçün bu dəfə Lent.az -ın qonağıdır Pərvanə xanım Qurbanova.

- Bakı-Gəncə yollarındasınız, serial çəkilişləri, teatr məşqləri. Daha çox Bakıdasınız, yoxsa Gəncədə?

- Gəncədəyəm, əsas işim ordadır, gündəlik teatrda işdəyəm. Əsilli-köklü gəncəliyəm. Kiçik qızım Bakıda yaşayır, həm də ona görə tez-tez gəlirəm. Artıq öyrəşmişəm bu yollara. Əvvəllər çox uzun gəlirdi yol mənə, indi adət etmişəm, rahat gəlir.

- Gəncəni çox sevirəm, orda Azərbaycanın ruhu var, Bakıda o ruhu göydələnlər uçurdub.

- Göydələnlər Gəncədə da var. Gəncəni sevirəm deyən adamı mən Gəncəni sevdiyindən çox sevirəm. Gəncə mənim kökümdür. Çox imkanlar yaranıb ki, Bakıya köçüm, köçməmişəm. Ordan ayrı qala bilməzdim. Elə bilirəm, Gəncədən uzaq qalsam, kökü susuz qalan ağac kimi quruyaram. Bər-bəzəkli olmasın, belə düşünürəm. Gəncədə Şeyx Nizaminin ruhu var, ona görə elə doğmadır, gələnlər də o ruhun ağuşuna düşür, ona görə Gəncə sevilir. Qızım Əskişəhərdə magistr təhsili alırdı. Biz onu yerləşdirməyə gedəndə mənə o qədər doğma gəldi o şəhər. Qızım dedi, ana, Gəncəyə oxşayır bu şəhər, eləmi? Orda Yunis Əmrənin ruhu var, Gəncədə Nizaminin, ona görə adama doğma gəlir hər ikisi.

- Gəncə həm də Cavad xanı xatırladır.

- O da var. Köklü gəncəlilər Gəncədən qopa bilmirlər. Anam gəncəlidir. Atam Tap-Qaraqoyunludan gəlib Gəncəyə, daha doğrusu, sürgün olunublar o vaxt.

- Gözünüzü açandan Gəncə teatrında işləyirsiniz həm də.

- 40 ildir. 15 yaşımdan Gəncə teatrında işləyirəm. Gözümü açandan təsadüfən sənətin içinə düşmüşəm. İnşaatçılar sarayına fortepiano kursuna gedirdim. Böyük rejissorumuz rəhmətlik Hilal Həsənovun orda dram dərnəyi vardı. Yeni il şənliyi keçirilirdi, orda sülh göyərçinini oynamaq üçün qız axtarırdılar. Mənə də bir şeir oxutdurdular. Hilal müəllim dedi budur. Dedilər, evdən icazə al, gəl. İstəmirdim, direktorumuz dedi ki, kim səhnəyə çıxıb oynasa, onu bir il müddətinə imtahanlardan azad edəcəm, çox sevindim. Onda anam yox idi artıq, atama dedim, icazə verdi. Çıxdım şeirimi dedim səhnədə, hamı məni qucaqlayıb öpürdü, alqışlar susmurdu. Məni maraqlandıran bir o idi ki, imtahanlardan azad olacam. Sonra o dərnəkdən uzaqlaşa bilmədim. Səməd Vurğunun “Komsomol poeması”nı hazırlayırdılar, mənə Humay rolunu verdi. O qədər gözəl münasibəti vardı bizimlə, adam o münasibətə ilişib qalırdı. 6-cı sinifdə oxuyurdum Xuraman rolunu oynayanda. Gəncə teatrından sənətkarlar gəlmişdilər tamaşamıza, teatrın baş rejissoru Yusif Bağırov, Məmməd Bürcəliyev. Bakıdan da teatr aktyorları gəlmişdilər. Ən yaxşı qız ifaçı kimi mənə mükafat verdilər. Yusif Bağırov məndən soruşdu ki, qızım, teatra gəlmək istəyərsən? Dedim, yox. Dedi, maaş alacaqsan, səhnədə böyük sənətkarlarla oynayacaqsan. Razılaşmadım. Anam rəhmətə gedəndə 8 yaşım vardı. Sonra da atamı itirdim. Evdə iki qardaşım və mən qalmışdıq, yaşamalı idik axı. Qardaşım da əsgərlikdə idi. Axırda getdim, özüm xahiş etdim ki, məni işə götürün. Götürdülər, belə başladı peşəkar səhnədə yolum. İnsanlar var, öz həyat yollarında oldu-olmadı əzabkeşliklərini, əziyyətlə həyat yaşadıqlarını sərgiləyib, ondan istifadə edirlər. Mən məktəbdə oxuyurdum, atamın vəfat etdiyini heç kimə demədim ki, bilməsinlər, kiminsə mənə yazığı gəlməsin.

- Əyalət teatrı sizi Gəncə və onun ətrafında tanıtdırmışdı, Azərbaycan tamaşaçısı isə sizi seriallardan tanıdı, həm də son illər, bu sizi incitmir?

- Desəm incitmir, inanarsınız? Gəncə camaatı məni çox sevir, çox şükür, onların qadasını alım. Həmişə sevgi və sayğı görmüşəm onlardan. Kiçikli-böyüklü hansının qabağına getmişəm, ayağıma gəliblər. Respublikada tanınmağımın səbəbkarı isə Rövşən İsaxdır.

- Rövşən İsax çox böyük iş gördü Gəncə teatrının çox istedadlı aktyorlarını tamaşaçıya tanıtdırdı seriallarında.

- Çox minnətdaram ona. Onun çəkdiyi “Pərvanələrin rəqsi”ndən sonra dörd seriala çəkildim. “Pərvanələrin rəqsi” serialı və oradakı Yaqut xanım obrazının dadı damağımda qaldı.

- Pafoslu teatr dövründə sənətə gəlmisiniz, amma pafossuz.

- Çünki Gəncə teatrı əvvəldən pafoslu olmayıb, realist ənənəsi olan teatrdır. Gəncə teatrının öz yolu var, öz ənənəsi olan teatrdır. Klassik əsərlərin belə səhnə həlli Gəncə teatrının quruluşunda həmişə seçilib.

- Gəncə teatrında cəmi üç dəfə canlı tamaşaçı olmuşam. Ələddin Abbasovun iştirakı ilə “Dəli Kür”, sonra onun 90 illik yubileyində, bir də sizin iştirakınızla İradə Sayyanın qoyduğu “Dəli yığıncağı” tamaşasına Gəncə teatrında baxmışam. Televiziya çəkilişlərində görmüşəm Gəncə teatrının tamaşalarını.

- Hə, gəlmişdiniz o zaman “Dəli yığıncağı”na. Onda mən sizi hələ tanımırdım.

- Klassik ədəbi əsərlərin səhnə həllində yaxşı rollarınız olub. “Dəli yığıncağı”nda sizin “pırpız Sona”nız bir başqadır. Sizdə gördüklərimi başqa ifalarda görməmişəm, düzü. Ümumiyyətlə, bədii ədəbiyyatla aranız necədir?

- Əvvəllər çox oxuyardım. Sonra qayğılar artdı, mütaliə keçdi arxa plana. Cabbarlını çox oxuyardım. Çox balaca idim Viktor Hüqonu oxuyanda. Təsadüfən oxumamışam demək Şekspiri. Demək dramaturgiya çəkib məni. Əsərlərin kino həllini sevmirəm, amma istənilən əsəri oxuyanda onun səhnə həllini görürəm. Bir də son illər oxuduqlarımı unuduram, beynimdə problem oldu, ondandır. Oxuduqlarım bu gün səhnədə mənə çox kömək olur.

- Əlbəttə, mütaliəsi olmayan aktyordan aktyor olmaz. Bədii filmə çəkilməmisiniz?

- “Haray” adlı bir filmə çəkilmişəm. 1992-ci ildə Nüşabə Məmmədlinin ssenarisi ilə çəkilib.

- Hə, Gəncənin Nüşabə xanımı, Məmmədli...

- Gəncənin adını özünə qaytarılması uğrunda mübarizə aparan Nüşabə xanım. Sovet vaxtı, Mərkəzi Komitənin iclasında durub deyib ki, Gəncənin adını özünə qaytarmaq lazımdır. Ona barmaq silkələyiblər tribunadan, Nüşabə xanımın ürəyi gedib. İlini dəqiqi xatırlamıram.

- Görünür, çox stressli həyatınız olub, yaddaş problemi ondan qaynaqlanır. Həyat yoldaşınızı da tez itirmisiniz?

- Böyük qızım ailə qurmuşdu, kiçiyimin 10 yaşı vardı. Tez idi, əlbəttə. O qədər uşaq sevənəm ki, Allah imkan versəydi, qəhrəman ana olardım.

- Bildiyim qədər, o da aktyor idi...

- Bəli. Cabbar Məmmədov, təyinatla gəlmişdi bizə. 93-cü ildə teatrla dolanmaq çətinləşdi, uşaqlar böyüdülər, tələbatımız artdı. Getməli oldu Rusiyaya. Qazanıb göndərirdi, dolanışığımız düzəldi, özümüzə gəldik. Əyalət teatrları ağır vəziyyətdə idi. Biz ev aldıq, uşaqları təmin edə bilirdik. Ancaq Gəncə kimi əyalət yeri, aktrisa. Arxamca nələr danışırdılar... Kimin içindən, dünyagörüşündən nə çıxdısa, danışdı. Şükür, bu gün hər şey öz yerinə qoyulub, əyri-düz bəlli olub. O deyilənlər yapışmadı mənə, yerlərə dağılıb. 44 yaşım vardı yoldaşım rəhmətə gedəndə.

- Qadını belə qüdrətli edən nədir?

- Səbir. Zaman bütün bulanıqları duruldur. Qadının ailəsi onu qüdrətli edir. Ailə deyəndə təkcə həyat yoldaşı deyil. Nəsil, qardaş, bacı-hamısı sənin ailəndir. Pərvanə deyiləndə onların yalnız fəxr etməsi üçün yaşamışam. Fəxrlə “Pərvanə mənim bacımdır” – deyə bilsin qardaşım. İnsan ona dəyər verilən yerdə olmaq istəyir, heç sənətdə olmasa belə. Sizə dəyər verilməyən yerdə olarsınızmı? Yox. Sizin gözəl qələminiz, ürəyiniz var. Buna dəyər verilməyən yerdə olarsınız?

- Yox.

- Nə deyilir-deyilsin, olduğum mərtəbəni sevirəm. Ondan bir addım da yuxarı iddiam yoxdur, aşağını da istəmirəm.

- Sənətinizin məktəbini oxumamısınız.

- Sayım sizə keçdiyim məktəbləri: Ələddin Abbasov, Sədayə xanım, Zülfüqar müəllim, Məmməd Bürcəliyev, Qurban Abbasov. Onların məktəbindən yoxdur. Elə bir münbit yerə düşdüm ki, qol-budaq atdım. Çox gözəl insanlar, sənətkarlar idilər. Ələddin Abbasov çox qapalı adam idi, amma adamı öyrətməkdə səxavətli idi. Pozitiv insan idi, həmişə dodaqaltı zümzümə edərdi. Deyirdim, 120 il yaşayacaq...

- Eyni qəbilli rollar sizi yormur? Məsələn, ilk serialdakı Yaqut xanımla sonuncu “Yuxu kimi”də Sərvinaz çoxmu fərqlidir? “Pırpız Sona”nı oynayan aktrisa bu bənzər obrazları ayıra bilər bir-birindən.

- Mən deməzdim, onlar fərqli talelər yaşayan insanlardır. Yaqut xanımın ailəsində problemi yoxdur, amma Sərvinazın problemi birbaşa yoldaşı ilə bağlıdır. Yaqut xanım qadın kimi xoşbəxtdir, ana kimi nisgillidir. Sərvinaz xanım qadın kimi bədbəxtdir. Əri onun yaşlı vaxtında gənc xanıma vurulub. Sərvinazın sayəsində elə imkanlı olublar, amma indi Sərvinaz yaşlanıb. Qadını əzir bu. Qadın yaşı qəbul etmir axı. Ərinin məhz gənc qadına vurulması qadını sarsıdır. Rövşən müəllim bilərəkdən 25 yaş özündən kiçik qadınla rastlaşdırıb onun ərini.

- Sərvinazın yerinə Pərvanə olsa neyləyərdi?

- Mən onu yaşamadım, bilmirəm. Yoldaşım çox tez getdi, mən gənc idim. Amma indiki halda düşünürəm ki, qadın hər şeyi üzə çıxartmamalıdır, bildirməməlidir. Qadın bildikləri barədə sussa yaxşıdır. Qarşındakı da anlasın ki, bilirsən, amma susursan. Onda əzilən o olacaq, sən yox.

- Adama elə gəlir Rövşən sizi düşünüb yazıb o obrazı. Bu yerdə Pərvanə xanım neyləyərdisə, Sərvinaz da məhz onu edir.

- Elə deyir, deyir düşünürəm ki, Elxan burda neyləyərdi, Pərvanə xanım neyləyərdi. İnsanı yandıran mətləblər onu paylaşsan da yandırır, paylaşmasan da.

- Ana kimi xoşbəxtsiniz, qadın kimi, yoxsa aktrisa kimi?

- Ana kimi. Övlad kimi də yarım qalmışdım, qadın kimi də. 15 yaşından özünə qardaş yükünü də götürüb çəkən qızcığaz nə zaman rahat nəfəs ala bildi ki... İndi də balamıza “burda belə etmə, belə məsləhətdir” - deyirik. Onu deyənim olmadı, özüm yıxılıb, özüm durdum həyatda. Heç əlimdən tutanım, “qorxma, qalx” deyənim olmadı. Aktrisa olmağın da çətinliyi üstəlik. Üst-başımın köhnəliyini də üzümə vuranlar olurdu aktrisa həmkarlarımdan. “Belə gözəl-göyçək qız nimdaş palto içində” deyən aktrisaya dönüb “təzə gödəkçəniz sizə çox yaraşır, mübarəkdir” demişəm. İndi bu yaşımda bəlkə onu bacarmaram. Çox şükür hər günə.

- Bu gündən dünənə baxanda nəyisə dəyişərdiniz?

- Heç nəyi. Hamısı mənim həyatımdır. Çox şükür, qızlarım bütün çətinliklərimi unutdurublar mənə. Xoşbəxt ana, bəxtəvər nənəyəm.