1384
10:51
13 Fevral 2020

AFFA: Millimizin yeni baş məşqçisi əcnəbi olacaq -

Bu gün Azərbaycan Radiosunun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olub.

Lent.az xəbər verir ki, qurum rəsmisi canlı yayımda AVRO-2020 ilə yanaşı, bir çox məsələlərə aydınlıq gətirib.

Aparıcı İlkin Baba və Günay Tehranqızının suallarını cavablandıran Elxan Məmmədov futbol üzrə əsas milli komandamıza baş məşqçi təyinatından danışıb: “İcraiyyə Komitəsinin son iclasında 30-a yaxın mütəxəssisin adı var idi. Onlar müxtəlif ölkələrdən müxtəlif səviyyədə olan məşqçilərdir. Onlardan bəziləri gedişatda başqa komandalarla müqavilə imzalayıb və bizim siyahıdan çıxıb. Bu həftə İcraiyyə Komitəsinin üzvləri öz fikrini bildirəcək. Böyük ehtimalla yeni baş məşqçi əcnəbi olacaq. Nəzərə alaq ki, milli komanda yerli çempionatda oynamır. Ona görə də yeni baş məşqçinin beynəlxalq təcrübəsi olmalıdır. Bizdə ən çox beynəlxalq təcrübəsi olan mütəxəssis Qurban Qurbanov idi, o da bizim millidə çalışdı”.

Elxan Məmmədov futbol üzrə U-23 millimizin yaradılması ilə bağlı məsələyə də münasibətini bildirib və bununla bağlı konkret qərar verildiyini deyib:

“İK iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə U-23-ü yaratmağa ehtiyac yoxdur. Çünki 22 ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır. Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuz da Premyer Liqada limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil”.