2062
17:26
12 Fevral 2020

Prezident Kürdəmirə 5 milyon ayırdı

Prezident İlham Əliyev Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamla Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycanın 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycanın 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalı, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

***

Prezident İlham Əliyev Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçası üçün yeni binanın tikintisi və şəhər infrastrukturunun yeniləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamla Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçasının yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Kürdəmir rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 8 nömrəli körpələr evi–uşaq bağçasının 100 yerlik yeni binasının tikintisi üçün 1,5 milyon manat, 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün 1,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.