2630
20:44
11 Fevral 2020

Şəhərsalma və tikinti fəaliyyətində yeni tələb müəyyənləşdi


Nazirlər Kabineti “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını müəyyən edir.

Bu qaydaların tələbləri şəhərsalma və tikinti fəaliyyəti ilə məşğul olan bütün subyektlər üçün mütləqdir. Qaydaya əsasən, indiyə qədər müfəssəl planda tikinti zamanı xüsusi tikinti tədbirlərinin və ya təbiət hadisələrinə qarşı xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi üçün zəruri olan ərazilər, mədən sənayesi altında olan və ya mineralların emalı üçün nəzərdə tutulmuş ərazilər və ətraf mühit üçün təhlükə yaradan materiallarla yüklənmiş ərazilər xüsusi qeyd olunmalı idi. Dəyişikliyə əsasən, bundan sonra müfəssəl planda həm də strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi xüsusi qeyd olunmalıdır.