1428
13:56
11 Fevral 2020

“Barselona” yay transferi üçün indidən hərəkətə keçdi

“Real Sosyedad”ın futbolçusu Villian Joze karyerasını “Barselona”da davam etdirə bilər.

Lent.az -ın “Marca”ya istinadən məlumatına görə, Kataloniya klubu braziliyalı hücumçunun keçidini bu ay həll etmək niyyətindədir.

İspaniyada “transfer pəncərəsi” bağlansa da, “Barsa” rəhbərliyi Jozeni yayda heyətinə qatmaq üçün onunla münasibətləri indidən rəsmiləşdirmək istəyir. 28 yaşlı forvardın “Real Sosyedad”la müqaviləsindəki bəndə əsasən, transfer qiyməti 70 milyon avrodur. Kataloniyalılar bu məbləği endirmək istəsələr də, hələ istəklərinə nail olmayıblar. Bununla belə, “Barselona” rəhbərliyi Jozenin transferini nəyin bahasına olur-olsun, rəsmiləşdirmək fikrindədir.

Qeyd edək ki, Villian Joze 2016-cı ildən “Real Sosyedad”ın formasını geyinir. O, La Liqanın cari mövsümündə 20 oyunda 8 qol vurub.