4904
16:58
06 Fevral 2020

"AŞPA-nın taleyi böyük sual altındadır” - Səməd Seyidov

“Avropa Şurası ikili standartlarla artıq tarixin arxivinə gedir”.

Bunu APA -ya Prezident İlham Əliyevin Avropa Şurası ilə bağlı fikirlərinə münasibət bildirən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S. Seyidov bildirib ki, Prezident İlham Əliyev faktiki olaraq, Avropa Şurasının bugünkü durumu haqqında müfəssəl məlumat verib: “Avropa Şurası Azərbaycana, Rusiyaya, Macarıstana, Türkiyəyə, Polşaya və başqa ölkələrə qarşı artıq davranışını təşkil belə edə bilmir. Axırıncı sessiyada 8 nümayəndə heyətinin səlahiyyətləri şübhə altına alındı və təsdiq olunmadı. Azərbaycan AŞPA ilə normal, konstruktiv münasibətləri qurmaq üçün cəhd göstərdiyi bir vaxtda ölkəmizə qarşı qeyri-obyektiv, ədalətsiz qərar qəbul olundu. Ona görə də ölkə başçısının mövqeyi başa düşüləndir. Bu təşkilatın içərisində ciddi böhran gedir. Təşkilatın taleyi böyük sual işarəsi altındadır”.

S. Seyidov bildirib ki, Azərbaycan özünün mövqeyini, maraqlarını, fikrini diqqətlə qulaq asmağa, qəbul etməyə hazır olan qurumla, təşkilatla işləməyə hazırdır: “Ancaq özü-özünü ifşa edən, qərəzli sənədlər qəbul edən, öz taleyini sual altına qoyan təşkilatla necə işləsin? Azərbaycanı riyakarlıq və ikili standartların hökm sürdüyü nüfuzsuz bir təşkilatda heç nə saxlamır. Azərbaycan milli maraqlarından çıxış edərək, hər bir təşkilatla münasibətlərini qurmaq istəyir. O cümlədən də Avropa Şurası ilə... Bu gün Azərbaycan Avropa Şurasında öz mövqeyini, Türkiyənin mövqeyini daim yüksək səviyyədə müdafiə etməyə hazırdır. Ancaq Avropa Şurası öz nüfuzunu müdafiə etməyə hazırdırmı? Bu sual açıq qalır. Bu suala cavabı Avropa Şurasının özü verməlidir. Azərbaycan Avropa Şurasından deyil, təşkilat özü-özündən çıxır, təşkilat özü-özünü məhv edir. Avropa Şurası demokratiya, insan haqları, qanunun aliliyini bir alət kimi istifadə edərək, o alətdən öz taleyini tamamilə yanlış istiqamətə yönəltmək üçün istifadə edir. Bununla da, təşkilatın gələcəyinə heç bir əsas yaratmır”.