11881
writer1

Samirə Əşrəf

Məqalə sayı : 30

14:41 04 Fevral 2020

Atalarımız

 

Xalamgilin alman üslubu ilə tikilmiş, az qala yüz yaşı olan evlərinin bir küncünü suyumsuz əşyalarımızla doldurmuşuq. Tavanın ortasından daman yağış damcısı döşəməyə qoyduğumuz dəmir ləyənə dəyib danqıldayır. Danqıltı başımın içərisində əks-səda verib uzaqlara çəkilir. Atam otağın qarşısındakı geniş şüşəbənddə arxası mənə sarı dayanıb siqaret çəkir. Bizi qucağına alıb çəkdirdiyi uşaqlıq şəkillərimizdə əynində gördüyüm yeri sarı, üstü narınc zolaqlı köynək də əynində. Onun bayırdakı tutqun, yağışlı hava ilə həmahəng olan duruşundan, əhvalından, hətta siqaretinin havaya burumlanan tüstüsündən kədərli və qanıqara olduğunu hiss edirəm. Yataqdan dikəlib, ayaqlarımı boyası ordan-burdan qopmuş tünd qırmızı rəngli döşəməyə sallayıb atamın içəri keçməsini gözləyirəm.

O, siqaretini son dəfə sümürüb, kötüyü eyvanın məhəccərinə bərkidilmiş boş konserv qutusunun içinə atıb, otağa keçir. Yayınan nəzərlə əvvəl mənə, sonra isə diqqətlə döşəməyə baxır:

- Anan dünən gecədən qaytarır. Yanına getmək lazımdır. Get, banka qoy, bir az da isti şorba bişir. 

- Bəlkə zəhərlənib?

- Yox, soyuq dəyib. Həmişə soyuq dəyəndə qaytarır.

Anamı xatırlamağa çalışıram. Rayonda qapıbir qonşumuz Əntiqə xalaya sifarişlə toxutdurduğu qəhvəyi rəngli, üzərində yaşıl paxlava naxışlar salınmış yun jaketi əyninə geyinən anam bir az əvvəl bizimlə birlikdə idi axı. Hə, hə, dəqiq xatırlayıram. Uşaq vaxtı çiməndən çimənə qarnıma sarıdığı ağ çit yaylığı başına bağlamışdı. Anam elə indicə buralarda idi. Xəstəhal-xəstəhal gəzib dolaşırdı. 

Atamın səsi məni fikirdən ayıldır. 

- İmkanın olsa, yolüstü dərman da al. Amma mütləq get.

Gözlərimi açıram. Atamın son sözləri, xalamgilin evi, siqaret tüstüsünə qarışmış tutqun havayla, yağış damlaları yığılan ləyənlə birgə əriyib yox olur. 

Anamgilin nömrəsini yığıb gözləyirəm. Qardaşım cavab verir:

- Mama dünən gecədən qaytarır, bəlkə sən gələsən. Bankalamaq lazımdır. Deyəsən soyuq olub. 

Onun səsi eyni ilə atamın səsinə bənzəyir. Bəlkə yenə atamdır, o dünyadan yuxuya, yuxudan da evinə qayıdıb deyə düşünürəm. Ancaq bu mümkün deyil axı. Atam dünyasını dəyişəli illər olub... 

... Atamı son dəfə yuxuda o zaman görmüşdüm. Beş il bundan əvvəl. Ondan sonra bir də heç vaxt yuxuma gəlmədi. 

Əvvəllər tez-tez yuxularıma girərdi. Yadıma gəlir, anamın məsləhəti ilə cümə axşamları bişirdiyim yeməklərə bir çimdik duz səpib, dilimin ucunda atamın adını, soyadını pıçıldayardım. Ehsan deyib adına qovurduğum umaclı halvaların kərə yağına qarışan qoxusu da hələ yaddaşımın ən yaxın yerlərində qurdalanır. Dəfələrlə yaşmaqlanıb, əlimdə üç-beş manat pulla yaxınlıqdakı məsciddə yaşayan axunda “Yasin” oxutdurduğum günləri də unutmamışam.

Ötən ilin Novruz bayramında onun adını tutub qəbri üstünə getdiyim günü də xatırlayıram. 

Ucu-bucağı görünməyən məzarlığı yağışlı, palçıqlı, şaxtalı havada əllərim, ayaqlarım gizildəyə-gizildəyə saatlarla əldən-ayaqdan salmışdım. Adamların o dünyadan boylanan boz bulanıq simalarının altındakı adları, təvəllüdləri dəfələrlə oxumuşdum. Atamın məzarı sanki məndən gizlənmək üçün bir neçə saatlıq yerin altına köçmüşdü. Saat yarımdan sonra səhv məzarlığa gəldiyimizi anlamışdım. Növbəti daha böyük məzarlıqda yenə bir xeyli gəzib-dolanıb, tanış məzarı tapmışdım. Atam həmişəki yerindən, qara mərmərli pəncərəsindən küskün-küskün mənə tərəf boylanırdı. Bayram günü olsa da, gəlişimə zərrə qədər də sevinməmişdi. Soyuqdan qıc olmuş əllərimlə qərənfillər bükülmüş qəzetin qırışığını açıb onları sinə daşına düzəndə anlamışdım ki, o məndən incik düşüb. 

Atamdan sonra çox şey dəyişmişdi. Ötən bu on il ərzində xeyli kökəlmişdim. Nə az, nə çox - düz on kilo. İndi daha əvvəlki sakit, səbirli, yüz sözdən birinə cavab verən başıaşağı qız deyildim. Əvvəllər saçlarımın yarısı ağarardı, sonra hamısı birdən, həm də sürətlə ağardı. İndi saç boyasının biri, ikisi belə bu ağ saçları gizlətməyə bəs etmir. Hə bir də nevrozun əlaməti olan yüngülvari ağız əyriliyi indi tünd dodaq boyaları çəkəndə daha aydın hiss olunur. Ona görə də daha tünd rəngli dodaq boyaları almıram.

Aradan keçən bu illərdə günahlarla, yalanlarla, ağrılarla atalarımız bizdən incik, küskün düşdü. Körpə qızcığaz kimi qoyub getdiyi qızlarının böyüyüb qocaldığını görmək bəlkə  onlar üçün də ağırdır. Bəlkə ona görə daha atalarımız yuxularımıza gəlmirlər?!