17388
10:51
02 Fevral 2020

Maşınlarınızı yalnız bu məntəqədə dəyişə bilərsiz - XƏBƏRDARLIQ

Kimisi maşının rəngini dəyişir, kimisi “qabağını qaldırır”...

Avtomobil həvəskarlarının önəm verdiyi məsələlərdən biri də sürdükləri maşının rəngi və bundan başqa digər avadanlıqlarla xarici görünüşünün necə olmasıdır. Bəzi sürücülər istifadə etdikləri nəqliyyat vasitələrini öz zövqlərinə uyğun yenidən rəngləyirlər və ya arzuladıqları avadanlıqları avtomobilə əlavə edirlər. Ancaq bu zaman hansı qaydalara riayət edilməsini, hansı dəyişikliklərə icazə verilməməsini əksər sürücülər bilmir.

“Nəqliyyat vasitəsinin digər avadanlıqlarla xarici görünüşünü və rəngini dəyişdirən emalatxanaya Dövlət Yol Polisinə arayış verməlidir”.

Bu sözləri Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov maşınların xarici görünüşünün dəyişdirilməsi barədə qaydalardan Lent.az -a danışarkən dilə gətirib. Ekspertin sözlərinə görə, maşına əlavə avadanlıqlarının quraşdırılması yol polisinin laboratoriyalarında həyata keçirilməlidir:

“Avtomobillərin rəngini dəyişərkən Dövlət Yol Polisinə məlumat verilməli və tələb olunan rüsum ödənilməlidir. Bundan əlavə, şirkət həm də avtomobili istehsal edərkən lazımi təhlükəsizlik vasitələri ilə təmin edir. Ona görə də, əlavə avadanlıqlar quraşdırarkən və ya kosmetik işlərdən başqa maşının görkəmini dəyişərkən DYP əməkdaşı da iştirak etməlidir. Avtomobilə əlavə avadanlıqların quraşdırılması yol polisinin laboratoriyalarında-texniki baxış məntəqələrində həyata keçirilir. Çünki qeyd etdiyimiz kimi, bəzi avadanlıqlar quraşdırılarkən və ya görkəm dəyişdirilərkən avtomobilin təhlükəsizlik sistemi pozula bilər. Məhz buna görə maşına bir sıra funksiyalar əlavə edildikdə, yol polisi buna nəzarət etməlidir”.

F.Eyyubov avtomobilə dəyişiklik edən emalatxananın xüsusi arayış verməli olduğunu bildirib:

“Bəzi sürücülər hər hansı digər cinayət əməli və ya qəza törədərkən maşının rəngini dəyişməyə cəhd edirlər. Bu baxımdan da təmir gedəcək emalatxanadan DYP-yə sürücünün hər hansı cinayət əməli və ya avtomobil qəza törətmədiyini sübut edən xüsusi arayış verilməlidir. Arayışı da yalnız texniki nəzarət komissiyaları olan emalatxanalarda verirlər. Əgər qəza və ya cinayət törədən şəxs gizlənmək, tanınmamaq səbəbilə nəqliyyat vasitəsinə dəyişiklik edirsə, həmin emalatxana rəhbərliyi də, usta da məsuliyyət daşıyır. Hazırda Bakıda bu cür komissiyalar olan bir neçə texniki servislər mövcuddur. Hətta avtomobillərin məcburi texniki baxışının həmin məntəqələrdə reallaşdırılması da təklif olunurdu. Ancaq bu təklif hələ ki, öz təsdiqini tapmayıb və paytaxt sürücüləri üçün belə məntəqə yalnız Zabrat qəsəbəsində yerləşir”.