2055
19:31
29 Yanvar 2020

Dövlət Komitəsi Masallıdakı qətllə bağlı məlumat yaydı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallıda baş verən qətllə bağlı məlumat yayıb.

Lent.az -a verilən məlumatda qeyd olunur ki, yanvarın 29-da kütləvi İnformasiya vasitələrində Masallı rayonu, Həsənli kənd sakini yetkinlik yaşına çatmayan 17 yaşlı Qəmbərova Fatimə Mais qızının 2 həftə öncə Xoşçobanlı kənd sakini ilə evləndiyi, yetkinlik yaşına çatmayanın ölməsi ilə bağlı məlumat öz əksini tapmışdır. Faktla bağlı cinayət işi açılmışdı.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hüquq mühafizə orqanlarına və yerli icra hakimiyyəti orqanına sorğu ilə müraciət edib.

Araşdırmalar göstərir ki, uşaq nikahı hallarında məişət zorakılığının baş vermə riski daha yüksək olur. Bununla əlaqədar olaraq, Komitə bir daha xatırladır ki, ölkə qanunvericiliyində yetkinlik yaşına çatmayanın erkən yaşda ərə verilməsi, uşaq hüquqlarının pozulması kimi qiymətləndirilir. Azərbaycanda nikaha daxil olmaq üçün yaş həddi qanunvericiliklə 18 yaş müəyyən olunmuşdur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Eyni zamanda Cinayət Məcəlləsinin 176-1.1.-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qızı nikaha daxil olmağa məcbur etmə cinayət məsuliyyəti nəzərdə tutur.

Ailə Məcəlləsinin 51.6-cı maddəsinə əsasən uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına məlumat verməyə borcludurlar. Qəyyumluq və himayə orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur.