978
15:48
29 Yanvar 2020

Çindən onlayn alış-verişi qadağan etmək olarmı? - AÇIQLAMA

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi koronavirus təhlükəsi ilə əlaqədar Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görüb.

Mərkəzin direktor müavini Afaq Əliyeva bildirib ki, əgər Çində karantin tədbirləri həyata keçirilirsə, hər kəs özünü qorumaq üçün onlayn sifarişləri dayandırmalıdır: “Düzdür, həmin məhsullar gömrük məntəqələrində müayinədən keçirilir, yoxlanılır, amma yenə də alış-verişi, bütün əlaqələri məhdudlaşdırmaq olar. Çünki koronavirus haqqında Ümumdünya Səhiyyə Təşkilatının belə tam məlumatı yoxdur. Virus hələ öyrənilir. Ona görə bir qədər ehtiyatlı olmaq lazımdır”.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzun fikrincə, Dövlət Gömrük Komitəsi, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti bu məsələdə daha məsuliyyətli olmalıdır: “Çindən onlayn yolla gələn mallar Gömrük Komitəsinin, “Azərpoçt”un daşıma şirkətinin prosedurasından keçməlidir. “Azərpoçt”un mərkəzi daşıma məntəqəsi, gömrük qurumları var. Bu qurumların məsuliyyəti gücləndirilməlidir. Müəmmalı məhsullar ilk növbədə gömrüyə və poçta daxil olur. Ona görə də bu qurumlar ehtiyatlı olmaqla bağlı açıqlama verməlidirlər. Bu quruma daxil olan siyasi məqsədli malların skanerdən keçirilməsi, təhlükəsizlik tədbirləri ilə bağlı görülən işləri gücləndirməlidirlər”.

O.Gündüz vurğulayıb ki, adı keçən qurumlar əhaliyə xəbərdarlıq edə, onlayn alış-verişin müəyyən müddətə məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət edə bilər: “Məsuliyyət daşıyanlar həm özləri işlərini nizamlamalı, həm də belə açıqlamalar verməlidirlər”.