1248
12:44
29 Yanvar 2020

Koronavirus Azərbaycana bu yolla gələ bilər – AÇIQLAMA

“Çindəki koronovirusla bağlı Azərbaycanda ciddi tədbirlərin görülməsinə davam edilir”.

Bunu Lent.az -a Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, Çindəki yeni virusun ölkədə qeyd alınma ehtimalı azdır:

“Ancaq bu virus Çinə gedən, ya da oradan qayıdan vətəndaşlar vasitəsilə ölkəyə gələ bilər. Bunun qarşısını almaq üçün də aidiyyəti qurumlar müvafiq işlər görür”.

C.İsayev qeyd edib ki, hazırda infeksiyalarla bağlı müraciət edənlər arasında ağırlaşma halı qeydə alınmır: “Əgər ağırlaşmalar, yaxud yeni virusun olması şübhəsi yaranarsa, bunun üçün xüsusi ayrılmış palatalar var, vətəndaşların orada yerləşdirilməsi nəzərdə tutulub. Bu palatalar ağır xəstələr üçündür və hazırda boşdur”.

Baş infeksionist əlavə edib ki, Çinlə yanaşı digər regionlardan da Azərbaycana gələn bütün şəxslər müayinə edilir: “Əgər şübhə yaranarsa, “103” çağırış xidmətinə zəng olunur, analiz üçün nümunə götürülür və Təhlükəli Viruslarla Mübarizə Mərkəzinə göndərilir”.

Son məlumatlara görə, Çində yeni koronavirusa yoluxanların sayı 5974 nəfərə çatıb, onlardan 132 nəfəri dünyasını dəyişib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı əhaliyə tövsiyələr (https://lent.az/news/337804) verib.