514
11:01
27 Yanvar 2020

Azərbaycanda daha bir narkotacir saxlanıldı - FOTO

Şəki sakinindən külli miqdarda narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib.

Əməliyyat-axtarış tədbirləri ilə Şəki şəhər sakini 53 yaşlı Tərlan Vahabov şübhəli şəxs qismində saxlanılıb. Onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman oradan külli miqdarda, yəni 164 qramdan artıq kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 28 qrama yaxın heroin, həmçinin Azərbaycanın müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil olan 110 ədəd “Tramadol” adlı dərman preparatı və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki rayon Polis Şöbəsinin İstintaq bölməsində T.Vahabov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.