8035
12:42
25 Yanvar 2020

Məktəbdə əla oxuyan şagird olimpiadada uğur qazanmaya bilər - MÜSAHİBƏ

Azərbaycanlı şagirdlər son illərdə iştirak etdikləri beynəlxalq olimpiadalardan böyük uğurlarla geri dönür. Hazırda olimpiadalara maraq böyükdür. Xüsusilə, Respublika Fənn Olimpiadalarının qaliblərinin ali məktəblərə imtahansız qəbul olması, beynəlxalq olimpiya qalibləri üçün müxtəlif dünya universitetlərinin qapılarının açılması bu sahəyə olan marağı daha da artırır. Olimpiadalarda iştirak etmək üçün hansı qabiliyyətlərə malik olmaq vacibdir? Olimpiadada iştirak edəcək uşaqlar hansı meyarlarla seçilir? Bu qəbildən olan suallarımıza cavab almaq üçün Təhsil İnstitutunun İstedadlı Uşaqlarla İş şöbəsinin müdiri Fuad Qarayevə müraciət etdik.

- Fuad müəllim, şagirdlərimizi beynəxalq olimpiadalara aparan yol hardan başlayır. Belə deyək, istedadlı uşaqların inkişafı üçün hansı işlər görülür?

- Son illərdə Təhsil Nazirliyindən istedadlı uşaqların aşkar edilməsi, onların potensialının inkişaf etdirilməsi istiqamətində Təhsil İnstitutuna xüsusi tapşırıq verilib. Hazırda istər Respublika Fənn Olimpiadalarının, istərsə də məktəblərarası fənn müsabiqələrinin keçirilməsi, istedadlı uşaqların akademik potensiallarının inkişaf etdirilməsi istiqamətində yaradılan Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzləri ilə bağlı Təhsil Nazirliyində məqsədyönlü işlər görülür. Bakı ilə yanaşı, Azərbaycanın bütün bölgələrində istedadlı şagirdlər üçün imkanlar yaradılır.

Azərbaycanın artıq 40-dan çox rayon və şəhərində istedadlı uşaqlar üçün 117 məktəbdə 162 xüsusi siniflər yaradılıb. 7-ci siniflər üçün yaradılan riyaziyyat və informatika təmayüllü sinifləri, 8-ci siniflər arasında yaradılmış təbiət elmləri siniflərini misal çəkmək olar.
Bu siniflərin yaradılmasında məqsəd istedadı olan şagirdlərin fənləri dərindən öyrənməsini təmin etməkdir. Həmin siniflər üçün xüsusi tədris planı təsdiqlənib. Eyni zamanda, onların tədris proqramı orta məktəblərin tədris proqramından çətinliyinə görə fərqlənir. Bu işlər gələcəkdə daha yaxşı istiqamətə yönəldiləcək. Bölgələrdə olan istedadlı uşaqlarla bağlı monitorinq aparmaq, onları təqib etmək o qədər asan deyil. Ümid edirik ki, oradakı işlər də yaxın gələcəkdə daha intensiv həyata keçiriləcək.

- İstedadlı uşaqlar hansı meyarlar əsasında seçilir?

- İstedadlı uşaqları aşağı yaşdan aşkarlamaq və onlarla işləmək çox vacibdir. Hazırda Respublika Fənn Olimpiadaları keçirilir. Olimpiada bilik və bacarığı, çalışqanlığı ilə seçilən şagirdlərin özünü nümayiş etdirməsi üçün çox gözəl bir platformadır. Burada ölkənin ən savadlı uşaqları iştirak edir və qalib olurlar. Ancaq bu gün bizim 10 və ya 11-ci sinifdə aşkara çıxardığımız həmin istedadlı uşaqlarla daha məqsədyönlü iş aparmaq üçün kifayət qədər gec olur. Bu məqsədlə də 6-7-ci siniflər arasında da fənn müsabiqələri keçirilir. Fənn müsabiqələri Azərbaycanın bu kateqoriyada olan bütün şagirdlərini əhatə edir. Ötən il təqribən 30 minə yaxın şagird bu müsabiqələrdə iştirak edib. 151 şagirdi (hər fənn üzrə təxminən 30 nəfəri) qalib elan etdik. Bu da o deməkdir ki, bizim əlimizdə artıq tanıdığımız 150-dən çox şagird var. Həmin uşaqları Təhsil Nazirliyinin yaratdığı Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzinə dəvət edirik. Mərkəzdə şagirdlər həftədə iki dəfə tamamilə dövlət hesabına ölkənin ən nüfuzlu alim və professorlarından, istedadlı orta məktəb müəllimlərindən dərs alırlar. Bundan başqa, bizim bölgələrdən olan şagirdlərimiz üçün elə imkan yaradılıb ki, onlar Bakıda yerləşən Fizika-Riyaziyyat və İnformatika təmayüllü lisey, Kimya-Biologiya təmayüllü liseydə tədrislərini davam etdirə bilirlər. Bu məktəbin nəzdində olan yataqxana və isti yeməklə də təmin olunurlar. Bunların hamısı dövlət hesabına təşkil olunur. Şagirdlərin bəziləri fənn müsabiqəsində, ümumiyyətlə, iştirak etməyiblər. Respublika Fənn Olimpiadalarının nəticələrinə əsasən kifayət qədər qabiliyyətli şagirdlər aşkar edildikdə onları mərkəzə dəvət edir, müəyyən sınaqdan keçiririk. Əgər nəticələri mərkəzdəki şagirdlərin bilik səviyyəsinə yaxın olursa, onlar da dərslərdə iştirak etməyə başlayırlar. Bizə həm valideynlər, həm müəllimlər, həm də şagirdlər mərkəzdəki dərslərdə iştirak istəkləri ilə bağlı müraciət edirlər. Buna hansı yolla nail ola biləcəklərini soruşurlar. Qeyd etdiyim kimi, bunun üçün iki yol var. Şagird ya fənn müsabiqələrində, ya da Respublika Fənn Olimpidalarında iştirak etməlidir. Bəzən valideynlər övladının çox savadlı olduğunu, Mərkəzə qəbul etməyimizi xahiş edirlər. Yanılmayacağımıza əmin edirlər. Biz bütün uşaqların istedadına güvənirik və valideynlərə də inanırıq. Valideynə görə istedad məsələsi nisbi ola bilir. Ona görə uşaq çox istedadlıdır. Amma bizim istədiyimiz bilik və bacarıqlara malik olmaya bilir. Ona görə də müsabiqə və olimpiada vasitəsilə seçim edirik. Olimpiadalardan keçən şagirdləri özümüz axtarırıq. Lazım olanda arxasınca kəndlərə kimi gedirik.

- Olimpiadalarda iştirak etmək şagirdlərə öz həmyaşıdlarından əlavə hansı üstünlükləri qazandırır?

- Olimpiadalarda-dünya üzrə bilik yarışında iştirak etmək üçün bir-iki saat dərs oxumaq kifayət deyil. Ciddi əmək tələb olunur. Olimpiadalara hazırlaşmaq və iştirak etməyə, sadəcə elmi tərəfdən baxmaq da düzgün deyil. Şagirdlər yeni dostlar qazanırlar. Ayrı-ayrı universitetlərin müəllim-professor heyətləri ilə ünsiyyətdə olurlar. Artıq 9-10-cu sinifdən həyata hazır olmağa başlayırlar. Sərbəst qərar vermək bacarığı formalaşır. Onlar öz həmyaşıdlarından bir neçə addım öndə olurlar. Mərkəzdə məşğul olan, olimpiadlara qatılan məzunlarımızda bu halı müşahidə edirik.

- Olimpiadalara qatılmaq üçün hazırlaşan uşaqların dərsə davamiyyət məsələsi necə həll olunur?

- Hazırlıqlara qatılan şagirdlərin seçdikləri ixtisasdan başqa orta məktəb proqramı şərçivəsində digər dərsləri oxumalarını da tələb edirik. Həmin şagirdlərin dərsdən qalmalarına icazə vermirik. Sırf bu səbəbdən Olimpiada Hazırlıq Mərkəzində dərslərimiz ya şənbə-bazar günləri keçirilir, ya da həftə içi olarsa, günortadan sonra olur. Xüsusi hallar ola bilir. Belə ki, xaricdən əcnəbi mütəxəssislər bir həftəlik gələndə Təhsil İnstitutu məktəblərə məktub göndərir və hazırıqlara qatılan şagirdə bir həftə ərzində qayıb yazılmaması təmin olunur. Geri qalınan proqramları tamamlamaları xahiş olunur.
Bütün bu proseslər müəllimlər, valideynlər, şagirdlər üçün çətinlik yaratsa da, inanırıq ki, bu iş kifayət qədər maraqlı və faydalıdır. Ona görə həmin şagirdlərin bizə istiqamətlənməsində müəllim və valideynlərin köməklik göstərməsini xahiş edirik.

- İstirahətləri üçün də şərait yaradılır?

- Şagirdlər nə qədər çox çalışsalar da, asudə vaxtlarını səmərli keçirmək, istirahət etmək üçün zaman ayırılır. Oyunlar oynayırlar, müxtəlif əyləncələrlə məşğul olurlar və s. Biz onlardan ciddi mütaliə də tələb edirik.

- Fuad müəllim, bəzən ictimaiyyət arasında Respublika Fənn Olimpiadalarının qeyri-obyektivliyi ilə bağlı fikirlər dolaşır. Sizcə, bu fikirlər nədən qaynaqlanır?

- Son beş ildə - Respublika Fənn Olimpiadalarının qaydalarında və keçirilməsində köklü dəyişkikliklər edildikdən sonra, ictimaiyyət arasında olimpiadaların düzgün təşkilinə, obyektivliyinə inam tamdır. Görülən işlərdə texniki problemlər ortaya çıxır, bu istiqamətdə təkmilləşdirmə aparırıq. Prosesin ən azı 10 faizi ilə bağlı məlumatlı olanların hər hansı bir narazılığı olacağına inanmıram.

Bəzən nəticələrlə bağlı suallar ortaya çıxır. Belə izah edim: ölkədə ayrı-ayrı fənlərin mənimsəmə səviyyəsi eyni olmaya bilər. Məsələn, şagirdlərin tarix fənni üzrə göstəriciləri riyaziyyatdan güclü ola bilər. Hətta bəzi fənnlər üzrə ayrı-ayrı siniflərin göstəricisi də eyni olmaya bilər. Olimpiadaların rayon-şəhər mərhələsində daha çox şagirdin ikinci mərhələyə keçməsi üçün bəzən qaydalardakı faizlərdən, şagirdlərin lehinə, bir az daha aşağı enə bilirik. Məsələn, riyaziyyat fəni üzrə 50, fizika fənni üzrə 30 fazidir. Belə olan halda 45 faizlə riyaziyyat fənni üzrə keçməyən hər hansı şagird 30 faiz üzrə fizika fənnindən keçən bir uşağa baxaraq, nəticənin ədalətsiz olduğunu deyə bilər. Amma nəticələrlə bağlı tam xəritəyə diqqətlə baxdıqdan sonra düşündüklərinin eyni olmadığını görərlər. Hər fənn üçün stabil faiz qoysaq, doğru olmaz. Çünki, məsələn, ölkədə Azərbaycan dilindən yaxşı nəticə göstərənlərlə, informatikadan nəticə göstərənlərin sayı eyni olmayacaq.

Bundan başqa, Respublika Fənn Olimpiadalarının qaliblərinin son beş ildə ali məktəblərə qəbulda 600-dən yuxarı nəticə göstərməsi faktı var. Olimpiada qaliblərinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmədən, birbaşa ali məktəblərə qəbul edilməsi prosesin düzgün, şəffaf keçirilməsinin nəticəsidir.

- Olimpiadalarda iştirak edən, hazırlıq mərkəzinə cəlb edilən uşaqların orta məktəblərlə müqayisədə daha çox lisey və gimnaziyalardan seçilməsi ilə bağlı fikirlər də var. Bununla bağlı nə deyə bilərsiniz?

-Keçən il bizim qalib olan şagirdlərimizdən 148-i bölgə məktəblərinin payına düşür. Deməli, ancaq lisey və gimnaziyaların şagirdləri qalib olmurlar. Məsələnin ikinci tərəfi də var. Paytaxtda fəaliyyət göstərən lisey və gimnaziyalara qəbul imtahanladır. Onlar kifayət qədər yaxşı oxuyan şagirdləri cəlb edirlər. Seçilmiş uşaqların oxuduğu məktəblərdən qaliblərin çox olması təbiidir.

Bizim qaliblərimiz arasında lisey və gimnaziyalarla yanaşı, orta ümumtəhsil məktəblərinin şagirdləri də var.

- Olimpiadalarda iştirak edən, daha doğrusu, qalib olanlar arasında oğlanlar üstünlük təşkil edir. Bunun hansısa səbəbi varmı?

- Bu il Respublika Fənn Olimpiadalarının birinci mərhələsində 33785 şagird iştirak edib. Bunlardan 18212-si qızdır. Onlardan neçəsi sonra qalib olur, artıq bu başqa sualdır. Beynəlxalq olimpiadalarda iştirak edən qız şagirdlərimizin sayı nisbətən azdır. Biz də istəyirik ki, qız şagirdlərin sayı çox olsun və bu istiqamətdə işlər görürük. Hazırda Beynəlxalq Olimpiada Hazırlıq Mərkəzində və nəticə olaraq qaliblər arasında oğlanların sayı qızların sayından daha çoxdur. Ümid edirik ki, bizim müsahibəni oxuyan qız şagirdlərimiz bu rəqəmin onların lehinə dəyişməsi üçün əllərindən gələni edəcəklər. Ayrı-ayrı fənlər üzrə çox güclü qızlarımız var. Ola bilsin ki, təbiətləri etibarilə oğlanlar qədər çox çalışa bilməmələri, fərqli sahələrə meyilli olmaları kimi məsələlər onların bu olimpiadalarda iştirakına təsir edə bilir.

- Beynəlxalq Olimpiadalarda iştirak edən komandaların seçimi, yarışlarda şagirdlərin iştirakı necə təşkil olunur?

- Dünyanın fərqli ölkələrində bir çox olimpiadalar keçirilir. Məsələn, Azərbaycanın iştirak etdiyi Balkan Riyaziyyat Olimpiadası dünyada kifayət qədər tanınır. Qalib olan şagirdləri dünyanın ayrı-ayrı ölkələrinin universitetləri təhsil almaları üçün dəvət edirlər. Ancaq regional olduğu üçün 20-25 ölkə iştirak edir. Beynəlxalq Riyaziyyat Olimpiadasında 100-dən çox ölkə iştirak edir. Bu siyahını uzatmaq olar. Dünya miqyasında tanınan olimpiadaların hər birində şagirdlərin iştirakını Təhsil Nazirliyi həyata keçirir. Milli komandaların seçilməsinə gəlincə, Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzinin şagirdləri dəvət edilir. Respublika fənn müsabiqəsində yaxşı nəticə göstərən uşaqlar dəvət edilir. Hazırda bizim mərkəzdə 300-dən çox şagird var. Bir ildə olimpiadalarda Azərbaycanı təmsil edən uşaqların sayı 50-ni keçmir. Yayda beynəlxalq olimpiadaya getmək üçün namizədlərin sayı 23-dür.
Milli komandaların seçimində nə üçün bütün məktəblərdə elan verilmir? Çünki milli komandanın seçimində iştirak edəcək şagird bu sahə ilə bağlı yerli müsabiqə və olimpiadalarda iştirak etməli, öz bilk və bacarıqlarını nümayiş etdirməlidir.

Məktəbdə dərsləri əla oxuyan və ya hər hansı sınaq imtahanlarında DİM-nin qiymətləndirmə meyarlarına əsasən 600-dən çox bal toplamaq olimpiada proqramını bilmək mənasına gəlmir. Şagird bu sahədən uğur qazanmaq üçün xüsusi hazırlığa malik olmalı, bu sahəyə maraqlı olmalı, müvafiq ədəbiyyat və vəsaitlərlə tanış olmalı və bu istiqamətdə ciddi çalışmalıdırlar.

Keçən il bizim şagirdlər imformatika fənni xaric bütün dünya olimpidalarından nailiyyətlə geri döndülər. Təəssüf ki, şagirdlər bürünc medalla gələndə bəzən KİV, ictimaiyyət nümayəndələri şagirdlərə “yenə də bürünc medal?” - deyə sual verirlər. Sanki beynəlxalq olimpidada bürünc medal almaq çox asandır. Orada elə şagird olur ki, həyatının ilk medalını alır. Nə üçün qızıl medal almadığını soruşanda ona pis təsir edir. Beynəlxalq elm olimpiadlarında bürünc medal almaq da çox çətindir. Ona görə də əyarından asılı olmayaraq, medal alan bütün şagirdləri təbrik edirəm.

Bir məsələni də qeyd etmək istəyirəm. Bəzən Təhsil Nazirliyinə müraciət edirlər ki, hansısa yerlərdə olimpiadada iştirak üçün vəsait yığılır. Vurğulamaq istəyirəm ki, Təhsil Nazirliyinin iştirak edilməsi tövsiyə etdiyi istənilən olimpiadada iştirak dövlət hesabına həyata keçirilir.

İnfomatika fənni üzrə olimpiadalara hazırlıqla bağlı “Azercell Telecom” şirkəti ilə Təhsil İnstitutu ikitərəfli əməkdaşlıq edir. Əlbəttə, istedadlı şagirdlərlə iş istiqamətində dövlət qurumları ilə yanaşı, özəl sektorlar da ciddi maraq göstərməlidir. Düşünürəm ki, şagirdlərimiz ictimaiyyətin müxtəlif sahələrindən bu dəstəyi almalıdırlar. Çünki bu uşaqlar ölkəmizin düşünən iti beyinləridirlər.

- Qeyd etdiniz ki, beynəlxalq olimpiadalara qatılmaq üçün şagirdlər xüsusi hazırlığa cəlb olunmalıdır. Onlara dərs deyən müəllimlərin necə, hazırlığa ehtiyacı varmı?

- Olimpiada sahəsi şagirdlər üçün olduğu kimi müəllimlər, universitetdə işləyən alimlər üçün də fərqli sahədir. Əgər hər hansı bir riyaziyyatçı olimpiada sualları ilə məşğul olmursa, onun şagirdlərə fayda verməsi mümkün deyil. Mərkəzimizdə bu işi bilən alim, professorlarla yanaşı, keçmiş olmpiadaçılarımız da dərs deyə bilirlər. Əslində, faydalı və işinin mütəxəssisi olan müəllimləri şagirdlər tez zamanda mənimsəyirlər və onlarla əlaqədar bizə müsbət geridönüşüm edirlər. Keçirdiyimiz anget-sorğular vasitəsilə bunu öyrənirik.

- Şagirdlərin xarici dili bilməsi yəqin ki, vacibdir?

- Şagirdlərimiz daha çox xarici ədəbiyyat oxuduqları üçün ingilis dilini bilirlər. Mərkəz tərəfindən milli olimpiada komandasına düşən şagirdlərə ingilis dili ilə bağlı dərslərin verilməsində də müəyyən köməkliklər göstərilir.

- Olimpiadalarda iştirak edənlər üçün psixoloji hazırlıq məsələsi də çox önəmlidir. Bu sahədə vəziyyət necədir?

- Bizim hazırlıq mərkəzində bu sahə bir az axsayır. Şagirdlərlə daim ayrı ayrı şəxslərin görüşünü, söhbətini təşkil edirik. Ancaq şagirdlərimizin buradakı nəticələri ilə olimpiadalarda göstərdiyi nəticələr onu deməyə əsas verir ki, bu sahəyə daha çox diqqət verməliyik. Bəzən olimpiadaya gedəcək uşaqlara ətrafından olan basqılar – “sən yaxşı nəticə göstərməlisən”, “sən bacarmalısan” kimi fikirlərin də mənfi təsiri olur. Bəzən şagirdlər deyir ki, psixoloq kimi dəvət olunan mütəxəssislərdən çox müəllimlərlə söhbət onlara yaxşı təsir edir, motivasia edir. Bu sahədə kifayət qədər bacarıqlı, təcrübəli mütəxəssislərə ehtiyacımız var. Onlar istənilən halda bu işi bizdən daha yaxşı bilirlər.