1407
12:04
25 Yanvar 2020

“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə Bakıya səfər edən M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri - Beynəlxalq fəaliyyət üzrə direktor Svetlana Qoroxova, Elmi və tədris işləri üzrə direktor Tatyana Polejayeva, MDB və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, İPR MEDİA-nın baş direktoru Natalya İvanova və layihə koordinatoru Vita Kutuyeva yanvarın 24-də Prezident Kitabxanasında olublar.

Lent.az -ın məlumatına görə, görüş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva hökuməti və Rusiyanın TASS informasiya agentliyinin dəstəyi ilə Bakıda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində baş tutub.

Kitabxananın “İncəsənət ədəbiyyatı fondu” və “Nadir ədəbiyyat fondu” ilə tanışlıq zamanı qonaqlara istifadəçilərə informasiya xidməti və virtual xidmət metodları ilə bağlı ətraflı məlumat verilib.

Müəssisənin tarixi keçmişi haqqında danışan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib: “Prezident Kitabxanası 2003-cü ildən əvvəl Mərkəzi Şəhər Kitabxanası kimi fəaliyyət göstərib. Onun təqribən 150 yaşı var”.

Qonaqlara Prezident Kitabxanasının fəaliyyət istiqamətləri, oxucu kontingenti, digər kitabxanalarla əlaqələri, müasir informasiya texnologiyalarının tətbiqi, kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kitabxana, elektron kataloq və virtual xidmət imkanları haqqında ətraflı məlumat verilib.

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq fəaliyyət üzrə direktoru Svetlana Qoroxova, həmin kitabxananın Elmi və tədris işləri üzrə direktoru Tatyana Polejayeva, İPR MEDİA-nın baş direktoru Natalya İvanova çıxışlarında təmsil etdikləri müəssisələr haqqında ətraflı məlumat verib, qarşılıqlı əməkdaşlığın qurulması və təcrübə mübadiləsinin zəruriliyindən söhbət açıblar.

Qonaqları müşayiət edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycan və Rusiya kitabxanaları arasında əlaqələrin genişləndirilməsinin hər iki ölkənin ümumi mənafelərinə xidmət etdiyini vurğulayıb, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra Mayıl Əhmədov qonaqlara “Azərbaycan xalçaları” albom-kitabları və Azərbaycanın UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınan nümunəsi olan kəlağayılar hədiyyə edib.

Öz növbələrində qonaqlar tərəfindən Prezident Kitabxanasına təmsil etdikləri müəssisələrin nəşrlərinin spesifik nümunələri hədiyyə olunub.