7955
12:48
24 Yanvar 2020

Şagirdləri oğurladığı iddia olunan qadın polis idarəsinə gətirilib - YENİLƏNİB - FOTO

“Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”.

Bu barədə Lent.az -a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, BŞBPİ və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib:

“Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur.

Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur. Məlumatlar polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb, iddialar dezinformasiyadır və təxribat xarakteri daşıyır”.

***

Saat: 09:44

“Məktəbdə uşaqların oğurlanması iddiası ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır”.

Bu sözləri Lent.az BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O, məktəbdən uşaqların oğurlanması ilə əlaqədar sosial şəbəkələrdə yayılan məlumatların idarə tərəfindən nəzarətə götürüldüyünü bildirib:

“Sosial şəbəkədə yayılan məlumatlar BŞBPİ-nin nəzarətinə götürülüb. Hazırda tərəfimizdən araşdırmalar aparılır”.

Qeyd edək ki, "whatsapp" sosial şəbəkəsində Bakıda uşaq oğurlamaqla məşğul olan qadının fotosu paylaşılıb. Bildirilir ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları aldadaraq oğurlamaq istəyib. Ərazidə olan valideynlər qadına mane olublar.