2313
14:24
22 Yanvar 2020

Kirayə mənzillərin satışı ilə bağlı PROBLEM: "Ciddi tədbirlər görülməlidir"

"Bu gün səhərdən İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka sistemində problemlər yaranıb".

Bu barədə Lent.az -a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. O bildirib ki, İpoteka və Kredit Zəmanət Fondu bu gün saat 10-dan kirayə evlər üçün elektron formada müraciətləri qəbul etməliydi:

"Əldə etdiyim məlumata görə, müraciətlərin sayı çox olduğundan İpoteka və Kredit Zəmanət Fondunun serveri yüklənməyə tab gətirməyib və çöküb. Hazırda "e-gov" (elektron hökumət) portalından e-ipoteka sisteminə "ASAN imza" ilə daxil olmaq mümkün deyil. "E-gov" sektorunda bu tip hadisə artıq 2-ci dəfədir təkrarlanır. Ötən il də güzəştli mənzillərin onlayn satışı ilə bağlı MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) informasiya sistemində oxşar hadisə baş vermişdi və sonradan MİDA digər dövlət qurumlarının köməyi ilə problemi aradan qaldıra bilmişdi".

O.Gündüz qeyd edib ki, dövlət sektorunda baş verən bütün bu tip hadisələrdən sonra yenidən hansısa bir dövlət qurumunda oxşar halın təkrarlanması təəssüf və təəccüb doğurur:

"Düşünürəm ki, səlahiyyətli qurumlar, cavabdeh şəxslər ciddi məsuliyyətsizlik ediblər. Fikrimcə, VXSİ Dövlət Agentliyi, dövlət resurslarının təhlükəsizliyinə cavabdeh olan XDMX yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi dövlət qurumları baş verənləri araşdırmalı və ciddi tədbirlər görməlidir.

Ümumiyyətlə, bu tip dövlət layihələrinin start vəziyyətindən öncə onların informasiya resurslarının adı çəkilən qurumlar tərəfindən audit olunmaması, test edilməməsi də doğru yanaşma deyil. Çünki "e-gov" mərkəzi kirayə evlərlə bağlı layihəyə start verməzdən öncə, ötən dərsləri nəzərə alaraq sistemin test olunması üçün Fonda göstəriş verməli idi. Həm də ona görə ki, artıq bu qurumlar bir dəfə belə bir problem yaşandığını bilirlər".

Ekspert əlavə edib ki, İpoteka və Kredit Zəmanət Fondu hazırda çökən rəsmi resursunun hazırlanması və "elektron hökumət” portalına inteqrasiyası üçün 2 il öncə təxminən 6 000 000 manat vəsait xərcləyib: "E-ipoteka" alt sisteminin hazırlanması üçün də təxminən 3 000 000 manat vəsait xərcləyib. Hər il də serverin saxlanması və İT avadanlıqlar üçün yüz minlərlə vəsait ayrılıb. Bununla da 2 il ərzində təxminən 10 000 000 manat vəsait xərclənən resurs öz qarşısına qoyulan vəzifələri icra edə bilmir və çökür. 10 milyon vəsait xərclənən adi bir informasiya sisteminin öz funksiyalarını yerinə yetirə bilməyərək çökməsi kifayət qədər düşündürücüdür və hesab edirəm ki, aidiyyəti qurumlar bununla bağlı araşdırma aparmalıdırlar".

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu yaranan problemlə bağlı məlumat yayaraq bildirib ki, elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb:

"Nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb.

Hazırda Fond aidiyyəti təşkilatlarla birlikdə Elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir".