1778
17:48
18 Yanvar 2020

Sayt rəhbərinə xəbərdarlıq edildi - SƏBƏB

Baş Prokurorluqda aparılan araşdırmalarla “oxu24.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərinin kobud pozulduğu aşkar olunub.

Lent.az bildirir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Tovuz rayonu, Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə ictimaiyyətə ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, istintaq araşdırmalarının maraqlarına zidd olmaqla cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilməklə ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilib

Bununla əlaqədar saytın təsisçisi və baş direktoru Mircəlal Məcidov Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib