3466
09:50
14 Yanvar 2020

Qəbul imtahanlarının vaxtı nə vaxt açıqlanacaq? - RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərar qəbul edib.

Qeyd edək ki, qəbulun bir mərhələ şəklində aparılacağı barədə məlumatlardan sonra imtahanın aprel və may ayında keçiriləcəyi ilə bağlı mətbuatda, eləcə də sosial şəbəkədə məlumat yayılmışdı. Hətta bununla bağlı magistratura kursları da yeni dərslərin keçirilməsini dayandırmışdı. Sözügedən dəyişiklikdən sonra isə bir neçə kurs tələbələrə bildirib ki, artıq yeni dərslərin keçirilməsinə başlanılacaq, çünki imtahanın fevral ayında keçirilməsi nəzərdə tutulub.

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Lent.az -a açıqlamasında bildirib ki, 2020-ci ildə keçiriləcək bütün imtahanların tarixləri, tədbirlərin qrafiki yanvar-fevral aylarında elan olunacaq:

“Bu səbəbdən də vaxt müəyyən olunmayıb. Vaxt müəyyən olunduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

DİM sözçüsü qeyd edib ki, qurum tərəfindən tədbirlərin qrafiki hazırlanır və üzərində iş gedir:

“Kütləvi tədbir olduğu üçün imtahanların vaxtı bir neçə dövlət orqanı ilə razılaşdırılır. Hazırda sözügedən proses gedir. Bitdikdən sonra həm magistratura imtahanın, həm də ki, digər imtahanların vaxtları açıqlanacaq”.

Əlavə edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə magistraturaya qəbul qaydası da dəyişib.