3980
17:30
13 Dekabr 2019

Seldə boğulan 1 milyon, yandırılmış rahibin lənəti, Hacı Şahinin izahı – Qorxulu günün sirri

13-ü, cümə. Əsrlərdir ildə bir neçə dəfə təsadüf edən bu gün çoxları tərəfindən nədənsə nəhs gün kimi tanınır.

Əslində, cümə ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin beşinci günüdür. Bəs haradan qaynaqlanır ayın bu tarixinin həftənin cümə gününə düşməsinin nəhsliyi?

Bəzi versiyalara görə, 13-ü cümənin nəhs gün sayılması İsa peyğəmbərlə bağlıdır. Deyilənə görə, onu məhz ayın 13-də, cümə günü çarmıxa çəkiblər. Bundan başqa, peyğəmbəri satan İuda da çarmıxa çəkilmədən əvvəlki gecədə toplantının 13-cü iştirakçı olub. Dini rəvayətlərə görə, məhz cümə günü İblis Həvvanı yoldan çıxarıb, o da qadağan olunmuş ağacın meyvəsini yeyib.

Bir başqa rəvayət də var. Amma rəvayətdən daha çox tarixi fakta da söykənir. Söhbət ondan gedir ki, 1307-ci ildə məhz cümə günü, ayın 13-də fransız kralı IV Filippin əmriylə Tampliyerlər ordeni darmadağın olunub, onların rəhbəri Jak de Mole diri-diri tonqalda yandırılıb. Ölümündən qabaq isə o, başda kral olmaqla, bütün Kapetinglər sülaləsini lənətləməyə imkan tapıbmış. Həqiqətən də, Tampliyerlərin rəhbərinin ölümündən az keçmiş kralın özü də qətlə yetirilir. 146 il sonra isə xristian dini ideologiyasında bir məqama daha çox diqqət yetirməyə başlayırlar.

Söhbət ondan gedir ki, xristian mistikləri Konstantinopolun (İstanbul) fəth olunduğu tarixi (1453) əbcəd hesabıyla dəyərləndirərək, rəqəmlərinin cəminin 13 olduğunu bildirir və bu hadisənin nəhs kimi qəbul edilməsini təlqin edirlər.

13-ü, cümə söhbəti indinin özündə də bəzi yerlərdə ehtiyatla qarşılanır. Məsələn,

İngiltərədə hələ də cümə günü dənizə çıxmırlar, həmin gün səfəri təxirə salmağa ən azı cəhd edirlər.

Yeri gəlmişkən, ABŞ prezidenti Ruzvelt də heç vaxt ayın 13-də səfərə çıxmayıb, rəsmi görüşlərini ayın 13-ə salmayıb.

13 rəqəmindən Herbert Quvert və Napoleonun da qorxması məlumdur.

Bu cür misalları xeyli artırmaq olar. Amma bütün hallarda 13-ü cüməylə bağlı bir neçə fakta da diqqət yetirək.

13 avqust 1521-ci ildə Ernan Kortes Tenoçtitlan sülaləsini devirərək, neçə illik Asteklər dövlətini süquta uğradıb.

1931-ci il iyunun 13-də məşhur qanqster Al Kapone həbs edilib.

13 sentyabr 1940-cı ildə Bukinhem sarayına almanlar tərəfindən 5 bomba atılıb.

1970-ci ilin həmin günündə isə Banqladeşin Çittaqonq şəhəri su altında qalıb və bir milyona yaxın insan həlak olub.

13 yanvar 1989-cu ildə isə “Cümə 13” virusu onminlərlə kompüterin proqram fayllarını sıradan çıxarıb,

1996-cı ilin 13 avqustunda, Las-Veqasda məşhur musiqiçi və bəstəkar Tupak Şakur qətlə yetirilib. Yeri gəlmişkən, 13-ü cüməylə bağlı son dəhşətli hadisə 2012-ci ilin yanvarına təsadüf edib. Həmin gün göyərtəsində 4200 nəfərin olduğu “Kosta Konkorda” gəmisi qəzaya uğrayır və 32 nəfər həlak olur.


13-ü cümə günüylə bağlı İslam nə deyir? İlahiyyatçı Hacı Şahin mətbuata verdiyi açıqlamada bu məqama aydınlıq gətirir. Onun dediyinə görə, dinimizdə nəhs anlayışı yoxdur, yəni nəyinsə pis bir şeyə yozulması xurafat hesab olunur. “Çünki insan nəyəsə köklənirsə, necə yanaşırsa, hadisələr də o cür cərəyan edir. Dində hansısa bir rəqəmin nəhs hesab edilməsi anlayışı yoxdur. Ümumiyyətlə, dinimiz rasionallıq tərəfdarıdır, bu məsələlərə əqli və elmi yanaşma tərəfdarıdır. Dinimiz bu kimi şeyləri qəbul etmir, bunlar birmənalı olaraq xurafatdır. Bundan əlavə, qara pişiyin insanın qarşısından keçməsiylə uğursuzluq yaranması, tək səbir-cüt səbir anlayışları elmi və əqli əsası olmayan məsələlərdir. Deyirlər ki, ayın 13-ü cüməyə düşür, uğursuzluq olacaq. Belə şeylərə inanmaq düzgün deyil”.

Yeri gəlmişkən, bu il 13-ü cümə günü iki dəfə təqvimdə təsadüf edib. 13 sentyabr günü ölkəmiz adi günlərindən birini yaşayıb. Elə 13 dekabrda beləcə sakit və əmin-amanlıqla bitəcək...