1171
10:56
15 Dekabr 2019

Uşaqların qidalanmasındakı yanlışlar – Həkimdən ÇAĞIRIŞ

Uşaqların sağlam qidalanması onların gələcək inkişafına təsirsiz ötüşmür. Hər bir valideyn uşağının gələcəkdə daha sağlam, cəmiyyətə yararlı olması üçün əlindən gələni etməyə çalışır. Bəzi gənc analar isə onları necə qidalandırmaq lazım olduğunu bilmirlər.

Maraqlıdır, uşaqlar əslində necə qidalanmalıdır?

Mövzu ilə bağlı Lent.az -ın suallarını cavablayan Sara Mansurova bildirib ki, körpələr müəyyən bir yaşa qədər təbii qidalanmalıdır:

“Təbii qida dedikdə ana südü nəzərdə tutulur. Uşaqların 1 yaşa qədər düzgün qidalanması onların gələcək inkişafı üçün olduqca vacibdir. Müasir zamanda bir çox gənc analar uşaqları döşlə əmizdirmədən imtina edirlər, lakin bu düzgün deyil. Uşaqlar 1 yaşa qədər ana südü ilə qidalanmalıdır. Çünki ana südünün tərkibində olan bir çox maddələri, süni qidadan almaq mümkün deyil. Bundan başqa təbii qidalanmaya, vitamin D və 4 ayından sonra dəmir əlavə edilir. Bunları meyvə şirələri ilə də əvəz etmək olar. Amma vitamin D mütləq 21 günündən verilməlidir. 6 ayından sonra isə uşağın qidasına əlavələr etmək olar. Bu əlavələr sıyıqlar (kaşalar), meyvə-tərəvəz püreləri (gül kələmi, kartof və s.), peçenyelər nəzərdə tutulur. Ancaq süni qida alan uşaqlara 4 ayından həmin əlavə qidalar məsləhət görülür. Uşaqlara ana südünü 2 yaşa qədər vermək olar. 2 yaşdan sonra uşağa ana südü vermək mənasızdır. Amma 1 yaşından sonra uşaqlara, böyüklərin yedikləri yeməklərdən verilməlidir. Çünki artıq 1 yaşdan sonra ana südünün tərkibində olan inqiridentlər uşağın inkişafına kifayət etmir”.

"Fastfood", tez hazırlanan yeməklərlə bağlı isə həkimin xüsusi çağırışı oldu:

“Onları ümumiyyətlə uşaqlara vermək məsləhət deyil. Ən azından 5-6 yaşa qədər həmin qidalardan uşaqları uzaq tutmaq məsləhətdir. Hamıya bəllidir ki, həmin qidaların tərkibində kanserogen maddələr var ki, şişin yaranmasına, mədə bağırsaq probleminə, eyni zamanda piylənməyə gətirib çıxarır”.