704
22:03
12 Dekabr 2019

Hindistanda polislə nümayişçilər arasında olan qarşıdurmalarda 3 nəfər ölüb

Hindistanın Assam ştatında polislə nümayişçilər arasında baş vermiş qarşıdurma zamanı 3 nəfər ölüb.

APA yerli “NDTV” telekanalına istinadən xəbər verir ki, aksiya federal parlamentin qonşu ölkələrdən olan azlıqlar üçün vətəndaşlıq haqqında qəbul etdiyi mübahisəli qanun layihəsi fonunda keçirilib.

Son məlumata görə, təkcə Assam ştatında son günlərdə bu zəmində baş vermiş qarşıdurmalarda 25 nəfər yaralanıb, onlarla adam saxlanılıb, 3 nəfər ölüb. Çərşənbə günü Hindistan rəhbərliyi Assamın paytaxtı Quvaxatidə komendant saatının tətbiq olunduğunu, internetə məhdudiyyətlər tətbiq edildiyini bildirib. Assamın böyük şəhərlərində ictimai asayişi qorumaq üçün əlavə polis və ordu qüvvələri də yerləşdirilib.

İğtişaşların səbəbi Hindistan parlamenti tərəfindən vətəndaşlıq haqqında qanuna düzəlişlərin qəbul edilməsi olub. Bu düzəlişlərə görə, qonşu ölkələrdən – Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlman qaçqınlar vətənlərində təzyiqlə qarşılaşdıqları təqdirdə, Hindistan vətəndaşlığını sadələşdirilmiş qaydada əldə edə biləcəklər.

Buna görə də Assam sakinləri qonşu Banqladeşdən gələn yüz minlərlə vətəndaşın bu bölgədə qanuni olaraq məskunlaşacaqlarından ehtiyat edirlər. Etiraz aksiyalarının təşkilatçılarının fikrinə görə, bu, yerli əhali üçün təhdiddir.