3826
14:00
12 Dekabr 2019

Meydanda tək qalan istiqlal, fədai qətliamı, liderin müəmmalı ölümü... – Tarixin sandığından

Bu gün Azərbaycan tarixində önəmli günlərdən biridir. 12 dekabr - “21 Azər hərəkatı” adlanan Cənubi Azərbaycan Milli Hökumətinin 1945-ci ildə yarandığı və bir il sonra – 1946-cı ildə süqut etdiyi gündür. Bu günə həsr etdiyimiz araşdırmada Milli Hökumətin yaranmasına qədər İran ətrafında baş verən siyasi proseslər, beynəlxalq münasibətlərin İrana təsiri, Milli Hökumətin yaranması, islahatlar, süqutu barədə tarixi faktları Lent.az oxucularına təqdim edirik.

XX əsrin 30-cu illərinin sonunda mürəkkəbləşən beynəlxalq münasibətlər Avropa ölkələri ilə yanaşı Yaxın və Orta Şərq ölkələrinə də təsir edirdi. Çünki müharibələrə sərf ediləcək maddi sərvətlərin mənbəyi şərq ölkələri idi. Avropada dövlətlərin zəifləməsi, məğlub olması onların şərqdəki müstəmləkələrinə də təsir edirdi və bəzən bu koloniyalar qalib dövlətə dövr edilirdi. İran isə müstəmləkə dövlət deyildi. Burada köhnə ənənələrlə idarə edilən şahlıq rejimi sürürdü. Ölkənin coğrafiyası, təbii sərvətləri, əlverişli quru, Xəzər dənizi və Körfəz üzərindən su yolu imkanları həm Sovet İttifaqının, həm də İngiltərə, Fransa, Almaniya kimi qərb dövlətlərinin nəzərində idi. Adıçəkilən dörd dövlətin hər biri yubanmadan buraya sahiblənmək istəyirdi.

1939-cu il sentyabrın 2-də Polşanın işğalı ilə Almaniya ikinci dünya müharibəsini başlatdı. Ardınca müharibəyə qoşulan və bitərəf olacaq dövlətlər bəyanatlar verməyə başladılar. Sentyabrın 4-də İran şahı Rza Pəhləvi də bitərəflik haqqında bəyanat verdi. Lakin şahın əvvəldən də Almaniya ilə həm siyasi münasibətləri, həm də bəzi layihələrin həyata keçirilməsində birgə fəaliyyətləri olduğundan bu bəyanat digər dövlətlər tərəfindən ciddiyə alınmadı. Gizlində həqiqətən də şah almanlarla ittifaqda idi. Eyni zamanda, o, Stalindən də çəkinir, onunla da münasibətləri normal saxlamağa çalışırdı. Bu münasibətlə Rza Pəhləvi Stalinə dostluq, əməkdaşlıq haqqında məktublar göndərirdi. Həmin ilin dekabrında Stalinin 60 illiyi münasibəti ilə ona göndərdiyi təmtəraqlı məktubunda şah Stalinə “yüksək səviyyəli rəhbər” deyə müraciət etmişdi. Bu fürsətdən istifadə edən Stalin şaha cavab məktubunda Sovet-İran dəmir yolu xəttinin çəkilməsi üçün bir birgə tədbir keçirilməsini xahiş etmişdi. Belə bir vaxtda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov da fürsəti əldən verməyərək, Cənubi Azərbaycanı sovet Azərbaycanına birləşdirmək planları qururdu. O, Stalinə Cənubi Azərbaycan haqqında 35 səhifəlik arayış yazıb göndərir. Arayışda xalqın tarixindən, milli mədəniyyətindən, dilindən bəhs etməklə yanaşı, Arazdan cənubdakı soydaşlarımızın şah rejimindən qurtularaq, şimaldakı xalqla eyni statusda SSRİ tərkibində yaşamaq istədiklərini vurğulayırdı. O, şahın məhz buna görə azərbaycanlılar yaşayan ərazilərdə polis rejimi yaradaraq, xalqa zülm etdiyini də üç dəfə qeyd etmişdi. Stalin bu yazıdan nəticə çıxarır və Cənubi Azərbaycanı da Qafqaz Azərbaycanı adlandırdıqları Azərbaycan SSR-ə birləşdirərək sovet torpaqlarına qatmaq üçün zamanın yetişdiyini düşünür. Bu, həm də gələcəkdə Almaniya tərəfindən Xəzər üzərindən Bakı neftinə gələcək təhlükəni uzaqlaşdırmaq demək idi. Stalin İranı araşdırmaq və qərarların hazırlanması üçün dərhal Xalq Komissarları Sovetinə (XKS) şərqşünas kadrlar cəlb etmək əmrini verir. İmperiyanın akademiyalarından kadrlar mərkəzə toplandı. 1941-ci ilin iyununda Almaniyanın SSRİ-yə hücumu və işğallar Bakı neftini təhlükədə qoyurdu. Bir tərəfdən də Almanların İranla işbirliyi güclənmişdi. Belə bir vaxtda İngiltərə Hindistanı, SSRİ də Bakını qorumaq və öz aralarında quru sərhədi yaratmaq üçün planlı şəkildə cənubdan İngiltərə, Şimaldan isə SSRİ İrana qoşun yeritdilər. Şah taxtdan salındı, oğlu Məhəmməd Rza Pəhləvi Şah elan edildi.

Cənubi Azərbaycanda Milli Hərəkatın yaranması.

Belə bir vaxtda Mircəfər Bağırov fürsəti dəyərləndirməyə qərar verdi. O, gizli şəkildə Naxçıvandan keçərək Təbrizə yola düşdü. Təbrizdən qayıdan kimi, sentyabrın 5-də Stalin teleqramla onu təcili olaraq Moskvaya çağırdı. Ona orada Cənubi Azərbaycanla bağlı Bakıda geniş təbliğat aparılmasını, mədəniyyət nümayəndələrinin Təbrizə qastrol səfərlərinə göndərilməsini, cənub üçün türk dilində qəzetin təsis edilməsini tapşırdı. Əziz Əliyevin rəhbərliyi ilə Təbrizə səfər təşkil edildi. Burada “Koroğlu”, “Leyli Məcnun” operaları səhnələşdirildi. “Vətən yolunda” qəzeti fəaliyyətə başladı. Şimallı-cənublu şairlər burada anti-faşist məqsədli, vətən həsrətindən alovlu şeirlər yazırdılar.

Nə üçün Pişəvəri?

1944-cü ildə İranda XIV çağırış parlament seçkiləri keçirildi. Bu zaman Azərbaycan əyalətlərindən 21 nəfər məclisə seçilmək uğrunda mübarizəyə başladı. Namizədlərdən 13 nəfər qəti qələbə qazandı. Onlardan biri də Azərbaycanlıların aydın mübarizə adamı , jurnalist, əvvəllər şah rejiminə qarşı çıxdığına görə və kommunist damğası vurularaq həbs edilmiş Seyid Cəfər Pişəvəri idi. O, 16 min Təbrizlinin etimadını qazanmışdı. Bu zaman M.C.Bağırovun Təbrizdəki nümayəndəsi Həsən Həsənovla görüşən Pişəvəri, Cənubi Azərbaycandan seçilən deputatların çoxluq təşkil edən şah tərəfdarlarından çəkinərək, məclisdə SSRİ-nin təbliğatını aparmayacaqlarını bildirdi. Pişəvərinin mədəni danışığı, siyasi düşüncələri H.Həsənovu cəlb etdi. Ertəsi gün M.Bağırova məktub yazaraq, Pişəvəri haqqında arayış təqdim etdi. Şah rejimi Pişəvərinin hörmətini və Təbriz camaatı tərəfindən dəstəkləndiyini görərək, gələcəkdə də İranın başına bəla olacağını düşünərək, onun səslərini ləğv etdi. Mandatı əlindən alınan və daha sərt mübarizəyə başlayan Pişəvəri Azərbaycan SSR və M.C.Bağırovla münasibətləri daha da yaxınlaşdırmağa başladı.

1945-ci ilin əvvəlləri idi. Sovetlər və müttəfiqləri Almaniya üzərində qələbəyə yaxınlaşırdılar. İran şahlığı da siyasi böhran keçirirdi. Çünki 1943-cü il Tehran Konfransından sonra da İrana bir sıra xəbərdarlıqlar edilmiş, neytrallığını qorumazsa, ölkənin 3 işğal zonasına bölünəcəyi bildirilmişdi.

Berlinə qələbə bayrağı sancan SSRİ İran məsələsini unutmur. Moskva İngiltərə və Amerikanı qabaqlayaraq, İran neftinə sahiblənməyi hədəfləmişdi. Belə bir şəraitdə Mircəfər Bağırov Qafqaz Şeyxülislamlıq Dini İdarəsinə fətva yazdıraraq, İrana göndərir. Burada din qardaşlarını Sovet Azərbaycanındakı müsəlmanlarla eyni gözdə gördükləri, demokratikləşmə prosesində onlara heç bir dini qadağa qoyulmayacağı, əksinə, sovet dövlətinin də bu prosesə böyük dəstəyinin olacağı yazılırdı. Fətvanı imzalayanlar Cənubi Azərbaycanı Qafqaz müsəlmanları ilə birlikdə olmağa çağırırdılar...

Başqa yandan da Stalinin tapşırığı ilə Cənubi Azərbaycanın sərhədləri müəyyənləşdirildi. İş yekunlaşan kimi Təbrizdə Pişəvərinin liderliyi ilə 30 min nəfərlik mitinq keçirildi. Şimaldakı müzakirələrdən sonra Bağırov qərarını qətiləşdirdi: Stalinin də şəxsən tanıdığı Pişəvəri yeni yaradılacaq Azərbaycan Demokratik Firqəsinə (ADF) rəhbər gətirilsin.

Milli Hökumətin yaranması

ADF ilk xalq konqresini 1945-ci ilin noyabrın 20-də açdı. Konqres Səttərxan, Şeyx Məhəmməd Xiyabaninin şüarları ilə işə başladı. Bir çox nümayəndələrə çıxış üçün söz verildi. Yekun çıxışda Pişəvəri İran şahlığından tələb etdi ki, Azərbaycan xalqı üzərindən əlini çəksin və xalqa öz hökumətini qurmaq imkanı verilsin. Konqres Milli Hökumətin yaradılması, azad seçkilər, torpaq və s. haqqında bəyannamə də qəbul etdi. Dekabrın 11-nə kimi milli fədailər bütün Azərbaycan torpaqlarını nəzarətə aldılar. Pişəvəri isə keçirilən tədbirlər və Milli Məclisin təşkili haqqında hər gün sovet nümayəndəsinə məruzə edirdi.

12 dekabr 1945-ci il. Axşam saatlarında keçirilən iclasda Milli Hökumətin yarandığı elan edildi. S.C.Pişəvəri Baş Nazir, Salamulla Cavid daxili işlər naziri, Firudin İbrahimi isə baş prokuror təyin edildi. Bu hadisə İranda mövcud olan təqvimlə Azər ayının 21-ci günü baş verdiyindən tarixə “21 Azər hərəkatı” adı ilə yazıldı.

Sovet nümayəndələri hökumətin varlığından rahatlıq duyaraq, Təbrizdən Bakıya qayıtdılar. Bir il ərzində Milli Hökumət Cənubi Azərbaycanda xalqın da dəstəyi ilə inqilabi dəyişikliklər həyata keçirdi. Onlardan ən önəmlisi Azərbaycan dilinin dövlət dili elan edilməsi oldu. Milli məktəblərin ölkənin hər yerində açılması Milli Hökumətin daha bir əhəmiyyətli addımı oldu. İcbari təhsil proqramı və ana dilində dərsliklərin hazırlanmasına başlanıldı. İlk dəfə Təbrizdə müasir tələblərə cavab verən Universitet açıldı. Onlarla kitabxana və mədəniyyət ocaqları fəaliyyətə başladı. Demokratik ədəbiyyatı inkişaf etdirmək üçün milli mətbəə və Yazıçılar Cəmiyyəti yaradıldı. Bundan əlavə, Milli Hökumətin qəbul etdiyi qanunlarla torpaq məsələsi həll edildi, yeni taxıl növlərinin əkilməsi, texnikaların alınması problemi də həll edildi. Açıq əkilən və istehsal edilən tiryəkə qadağa qoyuldu. Ümumilikdə Milli Hökumətin apardığı islahatlar, verdiyi fərmanlar ilk dəfə İran tarixində Azərbaycan xalqını milli-mədəni dəyərlər üzərində sıx birləşdirdi və milli şüuru, ictimai fəallığı qısa müddətdə inkişaf etdirdi. Bundan əlavə, Milli Hökumətə yardım məqsədi ilə neft, neft məhsulları göndərməyi Bağırovun qərarı ilə Azərbaycan SSR öz üzərinə götürürdü. Ticarəti canlandırmaq üçün də bir sıra islahatlar həyata keçirilməyə başlanıldı.

Milli Hökumətin süqutu

1946-cı ilin əvvəlində İranda yenicə baş nazir keçən Əhməd Qəvvam (Qəvvam əs Səltənə) ölkəni siyasi böhrandan çıxarmaq üçün ilk görüşlərin Amerika və İngiltərə ilə deyil, məhz SSRİ-nin rəhbəri Stalinlə keçirilməsini vacib saydı. İngilis basqılarının olacağından ehtiyat edən Şah da başda olmaqla bir çox nazirlər buna etiraz etsələr də Qəvvam fevral ayında Moskvaya səfər etdi. Stalinlə görüşdə İranın daxili böhranından danışan Qəvvam, Stalinin qarşısına bu tələbləri qoyur:

  1. SSRİ, İngiltərə və ABŞ arasında bağlanılan müqaviləyə görə, bu ölkələrlə yanaşı, SSRİ də qoşunlarını İrandan çıxarmalıdır.
  2. İran ilə SSRİ arasında neft müqaviləsi bağlanılacaq.
  3. Bu müqavilə SSRİ qoşunları İrandan tamamilə çıxandan sonra 60 gün ərzində bağlanıla bilər.
  4. İranda XV məclis seçkiləri keçiriləcəyi zaman Azərbaycanda təhlükəsizlik qüvvələri olmadığından seçkilərə şahın qoşunları nəzarət edəcəklər.
  5. İran Azərbaycan Demokratik Firqəsinə 1 yer verəcəyinə və muxtariyyətə toxunmayacağına söz verir.

Sonralar Molotov bu hadisəni xatırlayaraq yazmışdı ki, heç bir şərtlə razılaşmayan, yeri gəlsə İran məsələsində müqaviləni də pozaraq İngiltərə və Amerikaya meydan oxuyacağını bildirən Stalinin qarşısında Qəvvam əlacsız qalaraq diz çökür. O, Stalinə “böyük rəhbər” deyərək yalvarır ki, İranın böyük keçmişi, mədəniyyəti var, onu dağıtmayın. Biz qarşılığında neftin böyük hissəsini verməyə də razıyıq, yetər ki, İran parçalanmasın.

Stalin iki həftə sonra qoşunların İrandan çıxarılmasına qərar verir. Lakin o şərtlə ki, neft müqaviləsini daha tez, 4 apreldə bağlasınlar. Həqiqətən də müqavilə bağlanır, lakin şah rejimi təsdiqləməyi yay aylarına saxlayır. Sovet qoşunları 1946-cı ilin 26 mayında son əsgərini İrandan çıxarır. Bundan sonra neft müqaviləsi təsdiqlənmir. Qəvvam isə Stalinin “qoca tülkü” adlandırdığı bir siyasətçi olaraq tarixə düşür.

Artıq Milli Hökumət tək qalmışdı. Belə bir vaxtda İran ordusu beynəlxalq təzyiqdən çəkinərək, birbaşa Təbriz üzərinə qoşun yeritmədi. Həm də seçkilərə qədər vaxt uzatmaq məqsədi ilə mərkəzi hökumətdən Müzəffər Firuzu Təbrizə göndərərək, Pişəvəri ilə razılaşma imzalatmağa nail oldu. Bu, həm də Pişəvərinin başqa dövlətlərlə əlaqəyə girməyəcəyinə təminat verən danışıqlar idi. Uzun danışıqlardan sonra Pişəvəri muxtariyyət tələbindən əl çəkəcəkləri və Azərbaycan dili ilə yanaşı, farscanın da dövlət dili olacağına dair 15 maddəlik müqavilə bağladı. Milli fədailər buna etiraz etdilər və ölkədə qarışıqlıq yarandı. Təhlükəsizlik məsələlərini bəhanə edən İran qoşunları Azərbaycana doğru irəlilədi. 1946-cı ilin 12 dekabrında Təbrizdə idarəçiliyi ələ aldılar. Qoşunlar şəhərə girməzdən əvvəl Pişəvəri Təbrizdən çıxdı. Dövlət süqut etdi. Milli Hökumətin 500 nəfərdən çox üzvü edam edildi. Milli fədailəri tək qoymayan prokuror Firudin İbrahimi isə amansızcasına edam edildi.

Milli hökumət məsələsinə beynəlxalq yanaşma

Milli Hökumətin yaranması İran şahlığı ilə Sovetlər birliyi arasında olan məsələ olsa da, beynəlxalq aləmin də marağını cəlb edirdi. Avropa ilə yanaşı, Amerikanın da gözü İran üzərində idi. ABŞ-ın Təbrizdəki konsulu Robert Rosso Pişəvəri ilə görüşmüş, onların fəaliyyətini yaxından izləmək istədiklərini bildirmişdi. Üstəlik, Amerikanın milli-demokratik islahatlara dəstək verə biləcəyini vurğulamışdı. Bu, təbii ki, SSRİ-nin xəttinə zidd siyasət idi. Bağırov Moskvaya məktub yazaraq, Amerikanın ikili siyasət yeritdiyini və Pişəvəriyə xarici nümayəndələrlə danışarkən ehtiyatlı olmağı tövsiyə etdiyini bildirdi.

Qəvvamın Moskvaya səfərindən narahat olan Pişəvəri 24 yanvar 1946-cı ildə BMT-yə müraciət edərək Azərbaycan xalqının “Atlantika xartiyası”na əsasən öz müqəddəratını təyinetmə haqqının olduğunu xatırlatdı. BMT Təhlükəsizlik Şurası bunu müzakirə etdikdən sonra Pişəvəriyə bildirdi ki, İran dövləti ilə Azərbaycan Milli Hökuməti bu məsələni öz aralarında həll etməlidirlər.

1946-cı ildə ABŞ Konqresi də İran məsələsini müzakirə etmişdi. Onlara görə, SSRİ-ni İrandan çıxarmağın yeganə yolu İran Şahına hərbi və maddi yardım etmək idi. Müzakirələrin yekununda yardımla bağlı qərar qəbul edilmişdi.

Nəticə

XX əsrdə Cənubi Azərbaycan xalqı üçüncü dəfə böyük ümidlərlə azadlıq üçün mübarizə apardı. Lakin böyük güclərin oyunları onların azadlıq ümidlərini bu dəfə də boğdu. Mircəfər Bağırovun sonadək düşünülməmiş qərarları, hislərə qapılaraq hərəkət etməsi, SSRİ rəhbərliyinin mənfəət üçün geri çəkilməsi Milli Hökuməti meydanda tək qoydu. Hətta Bakıya gəldikdən sonra Seyid Cəfər Pişəvərinin yalnız kommunist ideyaları üçün deyil, milli ideyalar uğrunda mübarizə aparması artıq Bağırovu da narahat etməyə başlamışdı. O, hesab edirdi ki, Milli Hökumət dağıldıqdan sonra Pişəvəri susacaq və Bakıda sakit ömrünü yaşayacaq, SSRİ isə İran məsələsində yeri gəldikcə ondan istifadə ediləcək. Lakin milli düşüncələrinə sadiqliyi Milli Hökumət rəhbərinin sonunu gətirdi. Pişəvəri müəmmalı şəkildə avtomobil qəzasında dünyasını dəyişdi.

Cənubi Azərbaycanda edamlar, təqiblər artdıqca əhali daha çox gizli təşkilatlarda birləşdi. Azərbaycan Demokratik Firqəsi və onun fəalları daim iş başında idilər. Onlardan ailələr halında Şimali Azərbaycana gələnlər də olmuşdu. Burada müəyyən müddətdə çətinliklə üzləşsələr də, 1960-cı illərdən onlara dövlətin qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Şəki və digər şəhərlərdə mənzil və Azərbaycan SSR pasportları verilməyə başlanıldı. 70-ci illərin əvvəllərində Cənubi Azərbaycana “Azərkitab” 5 min, Elmlər Akademiyasının Milli Kitabxanası isə 900 kitab göndərmişdi. Cənubdan gələn şair və yazıçılar, elm adamları isə ictimai-siyasi həyatda fəal rol oynamağa başladılar. Bütün bu tədbirlər cənubda soydaşlarımız tərəfindən sevinclə qarşılanırdı. Bu münasibətlə Azərbaycan Demokrat Firqəsinin rəhbəri Q.Y. Danişian o zaman Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə 109 nömrəli rəsmi məktubunda yazırdı: “Partiyamız adından qan qardaşlarımızın əldə etdikləri yüksək nailiyyətlər üçün Sizi təbrik edirik. Sizin bizə dəstəyiniz bizi İranın irtica imperializmindən qurtulmaq üçün mübarizəmizdə ruhlandırır”.

***

İllər keçdi, İranda şah rejimi süqut etdi, islam cümhuriyyəti yarandı. Lakin yenə də soydaşlarımız öz azadlıqlarını qazana bilmədilər. Sovet İttifaqı dağıldıqda isə Şimali Azərbaycan öz şanlı bayrağını qaldıraraq, onlara ümid işığı saçdı. İstiqlal hərəkatının lideri Əbülfəz Elçibəy meydanlardan Səttarxan, Xiyabani, Pişəvəri adını duyurdu bütöv millətə.

Şimalın azadlığını təsəlli bilən şairlər dilə gəldilər… Söhrab Tahir isə bu şeiri ilə tarixə üsyan etdi:

“Azad qardaşım var, onunla xoşam.

Mən gərək sahili sahilə qoşam.

İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha...”