582
15:43
11 Dekabr 2019

“Əsl azarkeşlərimiz komandaya dəstək verməlidirlər” - Maksim Medvedev


“Qrupdan çıxmaq üçün şansımız qalmasa da, son oyuna da ciddi hazırlaşırıq. Bəlkə də bu qarşılaşmanın əhəmiyyəti böyük deyil”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.

Təcrübəli müdafiəçi Avropa Liqasının qrup mərhələsinin VI turunun sabah “Düdelanj”a qarşı keçiriləcək ev oyununa həsr olunan mətbuat konfransına qatılıb. O, formal xarakterli görüş barədə fikirlərini açıqlayıb: “Son oyun 1/16 finala çıxmaq baxımından heç bir rol oynamır. Buna baxmayaraq, hər qarşılaşmada olduğu kimi, sabah da meydana qələbə istəyi ilə çıxacağıq. Biz futbolçuların işi oynamaqdır. Azarkeşlər üçün isə oyun tamaşa kimi olur. Hər matçda tribunaları dolu olmasını istəyirəm. Çünki bu bizə əlavə qüvvə verir. Azarkeşlərimizin bir hissəsi sabahkı oyuna gəlməyəcək. Lakin əsl azarkeşlərimiz komandaya dəstək verməlidirlər. Əgər sevimli komandama azarkeşlik etsəydim, belə oyunlarına gedərdim”.

Qeyd edək ki, sabah saat 21:55-də baş tutacaq oyunu “Qarabağ” – “Düdelanj” matçı hər iki komanda üçün formal xarakter daşıyır. Rəqiblər 1/16 final şansını artıq itiriblər.