1640
15:41
11 Dekabr 2019

Alimdən HƏYƏCAN TƏBİLİ: Bakıda bu faciə yaşana bilər

“Son 10-15 il ərzində temperaturun artıması daha böyük sürətlə gedib. Azərbaycanda yağıntılar bəzi yerlərdə azaldığı halda, digər yerlərdə artıb”.

Lent.az xəbər verir ki, bunu AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Səid Səfərov deyib.

Sumqayıt, Bakı, Maştağa və Pirallahı, həmçinin Neft Daşları və Çilov hidrometeoroloji stansiyalarının müşahidə məlumatlarına əsasən, yağıntı rejimini tədqiq edən alim tədqiqatçı yağıntıların artmasının səbəblərini qlobal istiləşmə nəticəsində hava dövranı xarakterinin dəyişməsi, dəniz səth suları temperaturunun artması ilə əlaqədar buxarlanmanın intensivləşməsi, əhalinin artması, şəhər sahəsinin kəskin genişlənməsi, havanın çirklənməsi və s ilə izah edir.

Bildirilib ki, payız-qış aylarında yağıntıların belə kəskin artması nəqliyyatda hərəkət intensivliyinin azalmasına, avtomobil yollarının vaxtından əvvəl dağılmasına, ərazilərin, zirzəmilərin su ilə dolmasına, qrunt sularının səviyyəsinin yuxarı qalxmasına və digər bu kimi bir sıra problemlərin yaranmasına səbəb olur.

S.Seyidov son dövrlərdə Bakı şəhərinin müxtəlif ərazilərində baş verən torpaq sürüşmələrinin aktivləşməsini bilavasitə payız-qış dövründə yağıntıların ümumi miqdarının, eyni zamanda intensiv və davamlı yağıntıların kəskin artması ilə izah olunduğunu diqqətə çatdırıb. Alim onu da xüsusi qeyd edib ki, bununla əlaqədar olaraq Bakı şəhərində aparılan tikinti, o cümlədən şəhərsalma işlərində yağıntı rejiminin kəskin dəyişməsi mütləq nəzərə alınmalıdır.