831
20:45
09 Dekabr 2019

Azərbaycanlı FİFA referisi: "İdman, futbol geosiyasətin qurbanı olub"

"İdman siyasətdən uzaqdır, uzaq olmalıdır" deyimi çoxdan tarixin yaddaşına köçüb. Avroliqa finalı, "Qarabağ"ın Avropa meydanlarında keçirtdiyi oyunlarındakı düşmən təxribatlarını, media məkanında ölkəmizə qarşı anti-təbliğatın nə səviyyədə olmasını hər kəs bilir. Bəxtimiz onda gətirib ki, Türkiyə qrupumuza düşdü, yoxsa dalğa daha kəskin gələcəkdi. Arxayınlaşmaq da olmaz. Çempionat vaxtı Uels millisinin, azarkeşlərinin Gürcüstanda(!) məskunlaşmaq arzusu, Azərbaycana vurula biləcək zərbə ola bilər... Tarixə nəzər yetirdikdə, belə hallar hər zaman yaşanıb”.

Bu fikirləri FİFA referisi Tahir Süleymanov Lent.az -a açıqlamasında bildirib.

Referi qeyd edib ki, müasir dövrümüzdə daha qabarıq hiss olunur:

“Bunun da öz obyektiv, subyektiv səbəbləri var. İlk olaraq dünyada baş verən texniki-tərıqqi, inkişaf, informasiya qloballaşmasının pik həddə çatmasıdır. Milyardlarla insan sosial şəbəkə kimi varlıqdan gündəlik istifadə edir. Dünyada gedən proseslərə nəinki sərbəst izləmə şansı qazanılıb, maneəsiz fikir bildirmə, hətta təsir imkanları çoxalıb. Qarşısıalınmaz proseslərdə sistemlər, ölkələr arasında informasiya müharibəsi görünməmiş vüsət alıb və təsir qüvvəsi atom bombasını da keçib. Qeyd olunanlar dünya nizamına bir xaos gətirib”.

T.Süleymanov hesab edir ki, daxili senzura, mənəviyyat telləri ikinci plana keçib və faiz etibarı ilə günü-gündən mənfiyə doğru artır:

“Eyni zamanda qloballaşma nəticəsində planet daha da "kiçilib", ölkələr arasında sədd götürülüb. Yaxın keçmişdə dünyanın yarısına sahib olmuş sovet sisteminin dağılması da qapalı sərhədləri aradan götürüb. Əvvəllər təbliğat mexanizmi daha effektli idisə, indi böyük əksəriyyətdə insanların gedib ölkələri yerində görmək imkanı var. Belə vasitələrdən biri də iböyük idman tədbirləridir. Ötən il Rusiyada keçirilən dünya çempionatı ilə bağlı Amerika, qərbin təbliğat mexanizmi böyük kampaniya apardı. Hətta Böyük Britaniya soydaşlarının Rusiyaya getməməsi ilə bağlı çağırış etdi. Buna baxmayaraq bütün dünyadan milyonlarla insan qonşu ölkəyə axışdı. Çempionatı izləməklə yanaşı yerli şəraitlə, mühitlə, stadionların səviyyəsi, mundialla yanaşı təhlükəsizlik tədbirlərinin mükəmməl təşkilinin əyani şahidi oldular”.

FİFA referisinin sözlərinə görə anti-təbliğat bumeranq rolunu oynadı:

“Bu, Rusiyanın Amerika, qərb üzərində mənəvi, psixoloji qələbəsi, dünyaya açılan qapısı oldi. Son illər VADA fərdi olaraq idmançılara, ayrı-ayrılıqda idman növlərinə qarşı sanksiyalar tətbiq edirdi. Lazımı effekt vermədikdə, planlar baş tutmadıqda bütün ölkəyə şamil edildi. Dopinqdən istifadə bütün ölkələrdə baş verir və bunula bağlı 100-lə qadağalar edilib, cəzalar çıxarılıb. Bu, daha çox fərdi məsələdir və hansısa ölkəyə tam olaraq aid edilə bilməz. Hanssa cinayət(lər)ə görə kütləvi olaraq insanlar günahkar ola, cəzalandırıla bilməzlər”.

Ölkəyə qadağanın qoyulduğunu, günahı olmayan insanların bayraqlarını, himnlərini əllərindən alınmasının əleyhinə olan mütəxəssis vurğulayıb ki, qadağa ola bilər, amna ruhlar sağlam idmançı bədənindən alına bilməz:

“Belə hallar çox vaxt əks effekt verir. Kim qarant verə bilər ki, "neytral" idmançılar dopinqdən istifadə etməyəcək... Onda kimi, hansı ölkəni cəzalandıracaqlar?! İdman gənclik, hər bir xalqın, ölkənin sağlam genefondu, gələcəyi deməkdir. Kütləvi olaraq belə cəza və addımlar millətin sabahına vurulmuş, zərbədir. VADA-nın məlum qərarı Rusiyaya qarşı aparılan iqtisadi sanksiyalara bənzəyir və paralellik təşkil edir. Qərar gözlənilən idi, və illərdi bunun üzərində iş aparılırdı... Söhbət qonşularımızdan getmir, Rusiya olmasın, başqa ölkə olsun, heç kimə qarşı ümumiləşdirilmiş belə qərarların çıxarılması doğru deyil. Fərdi olaraq kim günahkardısa, o da cəzalanmalıdır... Böyük idman geosiyasətin quluna çevrilib! 2. Futbol olimpiya hərəkatını da üstələyib. Müasir futbol dünyada milyardların dövr etdiyi böyük industriyaya çevrilib. Eyni zamanda dininindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq bütün planeti birləşdirib və təsir qüvvəsi günü-gündən artır”.

T.Süleymanovun fikrincə, futbol artıq tək idman növü deyil, mədəniyyət, iqtisadiyyat, biznes, turizmdir:

“Eyni zamanda böyük yarışlarda ölkələrin yaşıl meydanlarda özlərinin milli kimliyinin, mübarizəsinin ifadəsidir və milyardlarla insanları birləşdirir. Ümumiyyətlə qadağaların sonu gec-tez mütləq iflasla nəticələnir. Qadağa deyil, problemlərin həlli yolları axtarılmalıdır. Dünya futbolundan təcrid olunma, təbii, təsirsiz ötüşmür. Nəzərə alaq ki, Rusiya çox böyük dövlətdir və ərazi, insani, iqtisadi potensialları genişdir. Bu gün Rusiyanın daxili futbol çempionatı təşkilatçılıq baxımından böyük 5-lik ölkələrindən geri qalmır. Belə qadağalar daxili çempionatı daha da gücləndirəcək, marağı artıracaq. Alternativ idman-futbol tədbirlərinin də təşkili istisna deyil. Yaxın gələcəkdə VADA-nın məlum qərarı bumeranq rolunu oynayıb dünyada Rusiyaya simpatiyanı artıra bilər. Çünki, qadağa, idman obyektivlik prinsiplərindən çox uzaqdır və kök, niyyət dopinq deyil, siyasətin idmana müdaxiləsidir. Olimpiada-80-də buna bənzər gedişlər, qadağalar edilib artıq. Köhnəlmiş medoddur. İdeoloqlar dərk etmirlər ki, artıq nə qapalı SSRİ dövrü deyil, nə də ki, zaman o zaman deyil”.