643
19:18
09 Dekabr 2019

Robotlar kosmosda "hotel"də qalacaq

ABŞ Kosmik Agentliyi (NASA) Beynəlxalq Kosmik Stansiyanın kənar səthində avtomatik cihazların saxlanılması üçün nəzərdə tutulan “RiTS” (Robotic Tool Stowage) adlı “hotel” quraşdıracaq. Bu barədə agentliyin saytında deyilir.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, saxlanc yerində astronavtlar tərəfindən mütəmadi istifadə edilməyən avadanlıq saxlanılacaq. “NASA” nümayəndələrinin sözlərinə görə, bu, stansiya daxilində yer boşaltmağa imkan verəcək.

“Blokun istilikqoruyucu sistemi aparatların optimal temperatur şəraitində saxlanılmasını təmin edəcək. Bundan başqa, “RiTS” onları radiasiya və mikrometeoritlərdən qoruyacaq”, – layihə rəhbəri Mark Nyumen bildirib.

Məlumata görə, “RiTS” stansiyaya dekabrın 7-də “SpaceX” şirkətinin “Dragon” yük gəmisi tərəfindən çatdırılıb. Raket Kanaveral kosmodromundan dekabrın 4-də start götürüb. Onun göyərtəsində Beynəlxalq Kosmik Stansiyanın ekipajı üçün 3 ton müxtəlif yük, o cümlədən elmi eksperimentlərin aparılması üçün materiallar mövcuddur.

“RiTS” saxlanc yerinə ilkin olaraq iki “RELL” (Robotic External Leak Locator) cihazı yerləşdiriləcək. Bu aparat vasitəsilə stansiyada müxtəlif qurğuların soyutma sistemində, o cümlədən astronavtların həyat təminatı sistemində ammiak sızması mənbəyini aşkarlamaq mümkün olacaq.

“NASA” nümayəndələrinin sözlərinə görə, astronavtlar tərəfindən “RELL” cihazından istifadə üçün zərurət yaranacağı təqdirdə avadanlığın Beynəlxalq Kosmik Stansiyaya qaytarılması üçün onlardan açıq kosmosa çıxmaq tələb olunmayacaq. Çünki bu vəzifənin öhdəsindən “Dextre” manipulyatorunun “əli” gələcək.

Qeyd edək ki, hazırda Beynəlxalq Kosmik Stansiyada Rusiya və ABŞ kosmonavtları Aleksandr Skvorsov, Oleq Skripoçka, Endryu Morqan, Kristina Kuk və Cessika Meir, eləcə də Avropa Kosmik Agentliyinin nümayəndəsi italiyalı astronavt Luka Parmitano çalışırlar.