631
15:56
09 Dekabr 2019

Ermənilərə verilən növbəti diplomatik cavab: faktla danışanda düşmən susur - TƏHLİL

Ötən həftənin ən yaddaqalan hadisələrindən biri Bakıda keçirilən “Avropa - Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası oldu.

İclas iqtisadi cəhətdən, həmçinin, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Lakin bu tədbirdə baş vermiş bir epizod Azərbaycan mediası və sosial şəbəkə seqmenti ilə yanaşı, qonşu, həm də işğalçı Ermənistanda da böyük əks-səda doğurdu.

İclasda Ermənistan nümayəndə heyəti də iştirak edirdi və təbii ki, bu ölkənin nümayəndələri istənilən platformada təxribata əl atmaq ənənəsini bu dəfə də unutmadılar. Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan tədbirdə çıxış edərək, TRACECA-nın effektiv olmaması barədə fikirlər səsləndirdi, eyni zamanda tədbirin proqramına etiraz etdi.

Onun cavabı isə dərhal, həm də soyuqqanlılıq və hazırcavablıqla verildi. Azərbaycan hökumətinin təmsilçisi, İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistan nümayəndə heyətinin TRACECA-nın effektiv olmaması barədə iddiasına digər ölkədən olan həmkarlarının çıxışında cavab verildiyini söylədi. “Çıxış edən həmkarlarıma təşəkkür edirəm. Mənə elə gəlir ki, onlar kifayət qədər əminliklə, sadə şəkildə rəqəmlərlə TRACECA-nın bizə nə verdiyinə aydınlıq gətirdilər”.

Ermənistan nümayəndə heyətinin reaksiyasını yaxşı anladığını qeyd edən nazir qeyd etdi ki, hər halda onlar İrəvandan Bakıya gəliblər və Bakını öz gözləri ilə görürlər: “Anlayıram ki, onların gördüklərini qəbul etməsi elə də asan deyil”.

M. Cabbarovun çıxışının davamında səsləndirdiyi arqumentlər isə yumşaq deyilsə, Ermənistan nümayəndə heyətinin rəhbərini çıxışa peşman edib: “Bilirik ki, destruktivlik daha asandır, daha dağıdıcıdır və bu dağıdıcılıq siyasətinin nəticəsi, ilk növbədə, qonşu ölkədə müşahidə olunur. Hansı ki, böyük həcmdə layihələrdən təcrid olunub və özü-özünü nəqliyyat dalanına, iqtisadi dalana salıb və ordan çıxmaq da istəmir. O ki qaldı proqrama, məzmunu anlamayanlar üçün bir daha bildirim ki, 20 il əvvəl bu gün yubileyini qeyd etdiyimiz bu layihənin reallaşmasına imkan verən o addım atılmasaydı, o strateji baxış olmadan bu gün haqqında danışdığımız uğurlar mümkün olmazdı. Məhz böyük Heydər Əliyev beynəlxalq liderləri, dövlət başçılarını dəvət etmiş, arxasınca aparmışdı. Təbii ki, Azərbaycan tərəfi yubiley tədbirinin mədəni proqramını tərtib edərkən hər sivil cəmiyyətdə olduğu kimi, regionun inkişafına töhfələr vermiş insanların xatirəsinə münasibət aspektindən yanaşıb. Bütünlükdə xatirəyə ehtiram məsələsinə gəldikdə, düşünürəm ki, bir daha paytaxtınızın mərkəzinə diqqət yetirin. Sizdə qoyulmuş o heykələ baxın. Yadınıza salın ki, gələn il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunacaq və bir daha düşünün ki, doğru insanın heykəlini qoymsunuzmu?”

Nazir Ermənistan nümayəndə heyəti üçün fərdi mədəni proqram tərtib olunduğunu da dedi: “Sizi isə mən şəxsən dəvət edirəm ki, Heydər Əliyev Mərkəzini ziyarət edəsiniz. Orada sizin doğulduğunuz şəhərin tarixinə həsr olunmuş sərgi keçirilir. O sərgi bizə gürcü həmkarlarımız tərəfindən, Gürcüstan Muzeyindən təqdim olunub. İnanın ki, İrəvan xanlığı, İrəvan şəhərinin əsasının qoyulması haqqında tarixdə oxuya bilməyəcəyin çox yeni şey öyrənəcəksiniz. Təbii ki, əgər bu sizə maraqlıdırsa... O ki qaldı TRACECA karvanına, bütün əks cəhdlərə baxmayaraq, o irəli gedəcək”.

Bu, sözün həqiqi mənasında və bir sözlə ifadə edilsə, əla cavab idi. Erməni rəsmilər üçün gələcəkdə çıxış etməmişdən əvvəl konspekt ola biləcək cavabın azərbaycanlı məmurdan gəlməsi xüsusilə vurğulanmalıdır.

Xatırlatmaq yerinə düşər ki, son vaxtlar Ermənistan hakimiyyətinin nümayəndələri müxtəlif səviyyələrdə bir neçə dəfə bu cür cavablar alıblar.

Prezident İlham Əliyev Ermənistanın Baş Naziri Nikol Paşinyanı dəfələrlə diplomatik polemikalarda susdurub. Məşhur “Valday” klubunda və ardınca Aşqabad sammitində Prezident Əliyev tərəfindən Paşinyanın “diplomatik nokautu” baş verdi. Erməni mediası və sosial şəbəkələr Paşinyanı Əliyevin qarşısındakı aciz durumuna görə tənqid etdi.

Xarici İşlər naziri Elmar Məmmədyarovun erməni jurnalistlə məşhur “təyyarə söhbəti” də erməni mediasının və sosial şəbəkələrinin müzakirəsində idi.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sonuncu diplomatik, həm də çox sakit tonda, amma öldürücü hesab olunacaq çıxışı da erməni mediasının və sosial şəbəkəsinin müzakirəsindədir. Ermənilər Paşinyanın özünün Prezident Əliyev qarşısında, məmurlarının isə Azərbaycan hökumətinin üzvləri qarşısında aciz durumda qaldığını etiraf edir, buna görə hazırkı hökuməti bolluca tənqidə qonaq edirlər.

Əlbəttə, Azərbaycanın bu məsələdəki başlıca üstünlüyü və qalibiyyəti beynəlxalq hüququn, faktların və gerçəkliyin Bakının tərəfində olmasıdır. Ermənistan nümayəndələri daim saxta faktlara, təhrif olunmuş “həqiqətlərə” və yalançı “vətənpərvərliyə” istinad edirlər. Lakin ermənilərin yaydıqları dezinformasiyaların, manipulyasiya cəhdlərinin qarşısını vaxtında, yerində almaq lazımdır. Mikayıl Cabbarovun çıxışı da sübuta yetirdi ki, öz tarixini və dünyada gedən prosesləri yaxşı bilən, onu əsaslandıra bilən savadlı kadrlar diplomatik müstəvidə erməniləri böyük üstünlüklə məğlub edə bilir. Sadəcə, gerçəkliyi, faktları bilmək və onları doğru, səbrli və diplomatik dillə ifadə etməyi bacarmaq lazımdır.

Məmurların, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunan deputatların, bloggerlərin, ictimai fəalların, jurnalistlərin, ekspertlərin, alimlərin, siyasi partiya təmsilçilərinin, yəni dövlət aparatının və cəmiyyətin müxtəlif institutlarına məxsus şəxslərin bu cür çıxışları Prezident Əliyevin polemikalarda əldə etdiyi üstünlüyün möhkəmlənməsinə yardım edir. Ermənistan təmsilçilərindən fərqli olaraq, Azərbaycan nümayəndələrinin daha hazırlıqlı olduqlarını beynəlxalq aləmin də görməsi çox müsbət haldır. Dağlıq Qarabağ münaqişəsinin tarixini, beynəlxalq hüquq normalarını, Azərbaycanın danışıqlardakı arqumentlərini, vasitəçilərin və beynəlxalq təşkilatların münasibətini təhlil edə bilən azərbaycanlılarla müqayisədə Ermənistan təmsilçiləri autsayter kimi görünürlər. Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Ermənilər yalançı “ura-patriotik” şüarlar səsləndirməklə, yalnız ermənilərin rəğbətini qazanmaq istəyirlər. Azərbaycan nümayəndələri isə beynəlxalq ictimai fikri yönəlmək gücündə olduqlarından, tarixi və hüquqi istinad nöqtələrindən istifadə edirlər. Ermənilər öz yalanlarını dünya mediasına çıxartmağa cəhd göstərirlər, lakin Azərbaycan nümayəndələrinin tutarlı və savadlı cavabları ilə bu plan alt-üst olur. Mikayıl Cabbarovun beynəlxalq tədbirdə səsləndirdiyi arqumentlər bu baxımdan əhəmiyyətli idi. Çünki belə cavablar ardıcıl olduqca Azərbaycan artıq psixoloji üstünlüyü də ələ keçirir...

APA-Analytics