1896
20:15
06 Dekabr 2019

“Səfirlərin qiyamı”, iki od arasında casus savaşları – TARİXİN SANDIĞINDAN

1917-ci il dekabrın 20-də, yəni, Böyük Oktyabr Sosialist inqilabından cəmi 3 ay sonra əksinqilab və sabotajla mübarizə üçün Ümumrusiya Fövqəladə Komissiyası (VÇK) yaradıldı. Komissiyaya rəhbərlik təcrübəli inqilabçı, məxfi fəaliyyətin ustası, Oktyabr silahlı üsyanının rəhbərlərindən biri olan Dzerjinskiyə tapşırıldı. O özü dəfələrlə repressiyalara məruz qalmış, həbsxanalar “məktəbini” keçmişdi və Leninin sözünə görə, qəsdçilərin ata biləcəyi hər addıma bələd olduğundan, təcili repressiyalar keçirməyə, əks-inqilabçıların bütün pozucu əməllərinin qarşısını qətiyyətlə almağa qadir idi.

Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi illərində VÇK beş yüzədək irili-xırdalı əksinqilabi təşkilatı məhv etmiş, minlərlə qəsdin üstünü açmışdı. Bu qəsdlər arasında, Lokkart – Dyu Klinton Pul və Dyuks qəsdləri də var idi. Birincisini həm də “Səfirlərin qəsdi” adlandırırdılar, çünki onun təşkilində səfirlər iştirak edirdi: ABŞ səfiri, 80 yaşlı bankir Frensis; Fransa səfiri Nulans; Amerika, Fransa və İtaliya hərbi missiyalarının rəhbərləri; Moskvadakı Fransa, İngiltərə və Amerika baş konsulları; Birləşmiş Ştatların Qızıl Xaç missiyasının başçısı və bir çox başqa rəsmi şəxslər...

Robert Brüs Lokkart 1912-ci ildən 1917-ci ilin sentyabrına kimi Moskvada baş konsul işləmiş və bütün fəaliyyətini kəşfiyyat tədbirlərinə yönəltmişdi. Londona geri çağırılan Lokkart, 1918-ci ildə yenidən Rusiyaya qayıtmışdı, amma bu dəfə rəsmi vəzifəsi olmasa da, diplomatik toxunulmazlığı qalırdı. Onun əsas vəzifəsi Sovet rəhbərliyi ilə qeyri-rəsmi əlaqələr quraraq, geniş hərbi və maliyyə yardımı vəd edib, yeni dövlətin Almaniya ilə müharibəni davam etdirməsinə nail olmaqdan ibarət idi. Lokkarta tapşırılmış ikinci vəzifə isə hazırlıq prosesi çox ciddi davam edən böyük antisovet qəsdini bir rəhbər kimi nəzarətdə saxlamaq idi.

Təcrübəli Amerika kəşfiyyatçısı Dyu Klinton Pul o vaxt ağqvardiyaçı general Kaledinlə birbaşa əlaqə yaratmaq üçün Vaşinqtondan Novoçerkassk şəhərinə göndərilmişdi. Qiyamın yatırılmasından sonra onu Moskvada baş konsul vəzifəsinə təyin etdilər. O vaxt Amerika və Fransa səfirləri diplomatik korpusun evakuasiya edildiyi Voloqda şəhərində olduqlarından qiyamın təşkilati işlərini Lokkartla Dyu Klinton Pula və az sonra ölkəyə gələrək, işə cani-dildən girişən tanınmış bir casusa - o zamanlar İngiltərə kəşfiyyatına işləyən Sidni Reyliyə həvalə edildi.

İngilis kəşfiyyatı Lokkart və Reyli vasitəsilə müttəfiqlərə qulluq edən və pul vəsaitinin azlığından normal fəaliyyət göstərə bilməyən bütün əksinqilabi gizli təşkilatlara geniş maliyyə yardımı göstərirdilər. Casus şəbəkəsi də öz növbəsində qəsdçiləri Moskva qarnizonundakı vəziyyət, Qızıl ordunun yeni yaranan birləşmələri və maraq dairəsində olan digər məsələlərlə əlaqədar kəşfiyyat məlumatları ilə təchiz edirdi.

Çekistlər qəsdçilərin planlarına ilk zərbəni 1918-ci il mayın 31-də endirdilər. Həmin gün Moskvada Savinkov adlı bir əks-inqilabçının “Vətən və azadlığın müdafiəsi İttifaqı”nın bir neçə fəal üzvü həbs olunmuşdu. Lokkart və Pul öz planlarını məhz savinkovçular üzərində qurmuşdular. Düzdür, təşkilatın əsas başçıları – Savinkovun özü, onun qərargah rəisi polkovnik Perxurov aradan çıxaraq, Kazan şəhərinə qaçmağa müvəffəq olmuşdular və “İttifaq”ın fəaliyyətini orada davam etdirmək istəyirdilər.

Kazan Moskvadan xeyli uzaq idi, üstəlik “İttifaq”ın uğurlu olacağına xarici kəşfiyyatın son ümidləri də, Savinkovun Murom (8 iyul) və Yaroslavl (22 iyul) şəhərlərində qaldırdığı qiyamların yatırılması ilə puç oldu. Həmin hadisələrdən sonra əks-inqilabi fəaliyyəti davam etdirmək üçün dəstəyi Moskvada axtarmaqdan başqa çarə yox idi.

1918-ci ilin yayında Dzerjinski kiçik bir əməliyyatçı qrupu yığaraq, onlara Petroqradda fəaliyyət göstərən əks-inqilabi təşkilatlardan birinə daxil olmaq və böyük qiyama rəhbərlik edəcək şəxslərlə təmas yaratmaq əmri vermişdi. Qrupun üzvləri saxta adlar altında fəaliyyət göstərirdilər – məsələn, gənc çekist Yan Buqkis, 8-ci latış polkunun sabiq poruçiki Şmidhen. Onlarla bir dəstədə başqa latış atıcısı Sprogis də vardı. Maraqlı burasıdır ki, həmin dəstə üzvlərinin adları sonralar da açılmadı.

Kəşfiyyatçılar iki həftə ərzində Petroqradı əldən-ayaqdan saldılar, keçmiş zabitlər və məmurlarla əlaqəyə girərək, onları müxtəlif restoranlara qonaq aparır, nə qədər içirsələr belə, lazım olan informasiyanı əldə etməyə nail ola bilmirdilər. Bütün səylərinin boşa çıxdığını görən dəstə üzvləri axırda Moskvaya qayıdıb, uğursuzluqlarını şəxsən Dzerjinskiyə məruzə etməkdən başqa çarə tapmadılar. Dzerjinski isə onları yenidən Petroqrada göndərdi və Moskvaya real nəticə əldə etməmiş qayıtmağı qadağan etdi.

Nəhayət, günlərin birində kəşfiyyatçıların bəxti gətirdi. Yaxt-klubların birində onlar bir qrup keçmiş zabitlə tanış oldular, yaxın ünsiyyət yaratdılar və az sonra öyrəndilər ki, həmin şəxslər əks-inqilabi qruplaşmalardan birinə rəhbərlik edir. Bunu öyrənən kəşfiyyatçılar tədricən onların inamını da qazandı. İki aylıq ünsiyyətdən, yoldaşlıqdan sonra çekistlər zabitlərin birindən öyrəndilər ki, yaxın zamanda onları Britaniyanın hərbi attaşesi Kromi ilə tanış edəcəklər. O, Lokkartın ən yaxın köməkçisi idi, amma hər yerdə deyirdi ki, Petroqradda qalmasının məqsədi rus donanmasını almanlardan xilas etməkdir.

Kromi elə ilk görüşdə çekistləri birbaşa Sidni Reyli ilə tanış etdi; ingilislər Şmidhenə israrla məsləhət gördülər ki, Moskvaya gedib, Lokkartla görüşsün. Kromi ona içində zəmanət məktubu olan bir zərf də verdi. Ertəsi gün Şmidhenlə Sprogiz artıq Moskvada, həmin zərf isə Dzerjinskinin qarşısında idi. Səhəri gün çekistlər Lokkartla görüşdülər. Məktub onda heç bir şübhə doğurmadı – Lokkart mətndə yalnız özünə və Kromiyə bəlli olan məqamlar tapdı.

Şmidhen özünü latış atıcıları ilə əlaqəsi olan, onların əhval-ruhiyyəsinə və istəklərinə yaxından bələd olan keçmiş zabit kimi təqdim etdi. Lokkartla söhbət əsnasında o, latışların sovet hökumətindən narazılığını və ilk imkanda müttəfiqlərin tərəfinə keçməyə hazır olduqlarını dilə gətirdi.

Lokkartın Şmidheni yoxlayaraq, bərkə-boşa çəkdiyi bir neçə görüşdən sonra, ingilis kəşfiyyatçısı Yandan xahiş etdi ki, onu latışların qulluq etdiyi hərbi hissələrdə rəhbər vəzifə tutan hərbçilərdən biri ilə görüşdürsün. Həmin “etibarlı” şəxs Dzerjinskinin tövsiyəsilə Eduard Petroviç Berzin – o vaxtlar Kremlin mühafizəsini həyata keçirən xüsusi latış divizionunun komandiri oldu. Şmidhen Lokkartı Berzinlə görüşdürdü və həmin vaxtdan etibarən, onlar müstəqil görüşlərə başladılar. İndi hər şey Berzinin ustalığından asılı idi.

Eyni zamanda, Şmidhen Lokkartla Arxangelskdəki müttəfiq qoşunların komandanı general Pul (Dyu Pulla səhv salmayın) arasında birbaşa əlaqə yaradılması və Arxangelsk cəbhəsində qulluq edən latış atıcılarının müttəfiqlər tərəfinə keçməsinin şərtlərini birgə müzakirə etmək haqda təklif verdi. Çekistlər bu təklifi irəli sürəndə onu nəzərdə tuturdular ki, Pulla şəxsən görüşmək imkanı olmayan Lokkart bunu Şmidhenin özünə tapşıraraq, ona zəmanət məktubu verəcək. Elə də oldu. Lokkart növbəti görüşündə Şmidhenə həmin məktubu verdi. Lokkart da, Kromi də bilirdilər ki, Şmidhen əks-inqilabçılara yaxşı tanışdır və onun bir konspirator kimi istedadını yüksək qiymətləndirirdilər.

Avqustun 23-də Moskvadakı Amerika baş konsulluğunun binasında “Lokkart qəsdi”nin iştirakçıları arasında növbəti yığıncaq keçirilirdi. İclasa sədrliyi Fransa konsulu Qrenar edirdi. İngilisləri Reyli və Hill təmsil edirdi. Amerika tərəfdən baş konsul Pul və Rusiyadakı ABŞ şirkətlərinin nümayəndəsi Kalamatiano iştirak edirdi. Fransa kəşfiyyatçısı, ikinci dərəcəli kapitan Vertamon da iclasda idi. O da qəsdin fəal iştirakçısı idi və Moskvadakı etibarlı adamlarının sayına görə, hamıdan öndə gedirdi. 1918-ci ilin aprelində Verlamon artıq özünü göstərmişdi – Ukraynadakı elevatorlarda saxlanan, Almaniyaya göndəriləcək taxıl ehtiyatı məhz onun başçılığı altında keçirilən əməliyyat zamanı məhv edilmişdi.

Sidni Reyli (Lokkartın tapşırığı ilə) yığıncaq iştirakçılarına məlumat verdi ki, iki milyon rubl müqabilində Kreml mühafizəsinin komandiri Berzini ələ alıb. Reylinin planı belə idi: avqustun 28-də Böyük Teatrda Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin fövqəladə iclası keçiriləcəkdi (iclas sonradan sentyabrın 6-na təyin olundu). Binanın mühafizəsi, həmişəki kimi, latış atıcıları tərəfindən təmin olunacaqdı. Belə güman olunurdu ki, Berzinin köməyilə Reyli və əlaltıları Mərkəzi Komitə üzvlərini həbs edəcək, Lenini güllələyəcək, Sovet hökumətinin digər başçılarını isə zindana atacaqdılar. Müttəfiqlərin iclasda iştirak edən nümayəndələrinə təklif olunurdu ki, öz imkanlarından istifadə edərək, şəhərə şayiələr yaysınlar, Moskva və Petroqrad ətrafındakı mühüm dəmir yolu körpülərinin partladılmasına yardım göstərsinlər ki, Sovet rəhbərliyini başqa nahiyələrdən gələ biləcək köməkdən məhrum etmək mümkün olsun.

1918-ci il avqust ayının 30-da eserlər (İnqilabi Sosialistlər Partiyası) Leninə sui-qəsd etdilər. Elə həmin gün Petroqradda görkəmli inqilabçı Uritski qətlə yetirildi. Cinayətin izləri ingilis səfirliyinə aparırdı. 31 avqust axşam saatlarında VÇK əməkdaşları səfirliyin binasını mühasirəyə alıb, içəri girməyə çalışdılar. Kromi atəş açdı, çekistlərdən biri həlak oldu və atışmada onun özü də öldü.

1918-ci il sentyabrın 1-nə keçən gecə Moskvada qəsdçilərin əksəriyyəti tutuldu. Lokkartın özünü də konspirativ mənzildə yaxaladılar, lakin diplomatik pasportunu göstərdiyindən, onu buraxdılar. Həbs zamanı Lokkart qeyd dəftərçəsini məhv etməyə fürsət tapdı. Həmin dəftərçədə qəsdin hazırlığına xərclənən pullar, onların kimlərə verildiyi şifrlənmiş şəkildə qeyd olunmuşdu.

Əməliyyatın iflasa uğradığından xəbər tutan kimi, başçılarından bəziləri – Dyu Pul və Fransa konsulu Qrenar Norveç missiyasında gizlənir, Kalamatianonu isə elə qapının ağzında həbs edirlər. Onun əlindəki ağır əsanın başlığını açanda, içində boşluq aşkar edilir və həmiş boşluqdan şifr, agentlərin verdiyi qəbzlər, 32 nəfərdən ibarət agentura şəbəkəsinin müfəssəl siyahısı çıxır. Kalamatianonun mənzilində axtarış aparılır, agentlərin topladığı kəşfiyyat xarakterli xeyli informasiya tapılır.

1918-ci ilin noyabr-dekabr aylarında qəsdçilər Ali inqilabi Tribunal qarşısına çıxarılır. Tribunal apardığı məhkəmə istintaqının materialları əsasında İngiltərə, Fransa və ABŞ diplomatlarının cinayətkar fəaliyyətini sübut edir. Tribunala gəlməyən Lokkart, Qrenar və Reyli qanundankənar elan edilir. Casuslar Fride və Kalamatianoya güllələnmə cəzası verilir, qalan müttəhimlər müxtəlif müddətli həbsə məhkum olunur.

Kalamatianonun və Fridenin vəkilləri cəzanı yüngülləşdirmək məqsədilə Mərkəzi İcraiyyə komitəsinə müraciət edirlər və Şmidhenin cinayət məsuliyyətinə cəlb olunmaması ilə əlaqədar təəccüblərini bildiriblər.

Şmidhen, təbii ki, heç vaxt müttəhimlər kürsüsündə oturmadı. O, yəni Yan Buykis uzun həyat yaşayaraq, yalnız 1970-ci illərin axırlarında dünyasını dəyişdi. Lokkartla Hill də, təxminən elə o vaxtlar dünyadan köçdülər. Kalamatianonu güllələmədilər, eləcə qorxutmaq üçün havaya atəş açaraq cəzalandırdılar, üç ildən sonra Amerikaya göndərdilər və orada da dünyasını dəyişdi. Corc Hill İkinci Dünya müharibəsi illərində Moskvada ingilislərin Mİ-6 məxfi xidmətini təmsil edəcəkdi. Pul isə Dövlət Departamentində SSRİ üzrə ekspert kimi çalışacaq, “soyuq müharibə” illərində Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən maliyyələşdirilən Azad Avropa Komitəsinə sədrlik edəcəkdi. Anri Vertamonu isə 1963-cü ildə yük maşını basacaqdı. Həmin siyahıdan yalnız Fridenin taleyi naməlum qaldı.

“Lokkart qəsdi” üzrə cinayət işi başa çatandan az sonra yeni bir iş peyda oldu – “Pol Dyuks qəsdi”. O, ingilis kəşfiyyatının ən fəal əməkdaşlarından biri idi, 1917-ci ilədək Rusiyada işləmiş, sonradan qısa müddətlik geriyə - Londona çağırılmışdı. 1918-ci ildə Dyuks kəndli paltarında sovet ərazisinə atılmışdı. Sonra da saxta sənəd əsasında Petroqrad ÇK-sının əməkdaşı İosif Aferenkoya dönmüşdü. Kəşfiyyatçı geniş əlaqələrini işə salaraq, leqallaşmağa nail olandan sonra, özünü ingilis sosialisti kimi təqdim etməyə başlamışdı. O hamıya deyirdi ki, Rusiyaya səfərinin məqsədi İngiltərənin sovet ölkəsini tanıması üçün lazım olan sənədlərin toplanmasıdır.

Düks ingilis kəşfiyyatının Finlandiya ilə Rusiyanın sərhədində yerləşən rezidenturası ilə daimi əlaqədə işləyir, Petroqraddakı keçmiş və indiki agentlərinin vasitəsilə topladığı informasiyanı onlara ötürürdü.

Sovet Rusiyasında olduğu 9 ay ərzində Dyuks geniş kəşfiyyat və təxribat şəbəkəsi qurmağa müvəffəq oldu. Dyuksun rəhbərlik etdiyi, sabiq zabitlər arasından ələ alınan agentlər Qızıl orduda və donanmada məsul vəzifələrə sahiblənirdilər.

Onun ən aktiv fəaliyyəti 1919-cu ilin yayına, ağqvardiyaçı general Yudeniçin Petroqrad üzərinə yürüş etdiyi vaxtlara düşür. O zaman Dyuksun agentləri arasında yüksək vəzifə tutan adamlar – Petroqradın hava hücumundan müdafiəsinə rəhbərlik edən Lişin, hərbi dairənin artilleriya müfəttişi Lebedev, Baltik dənizi hərbi donanması qərargahının əməliyyat şöbəsinin rəisi Erikson və başqaları – vardı. Bu şəxslərin əksəriyyəti bilavasitə Dyuksun köməkçisi, donanma hava qüvvələrinin rəisi Berq tərəfindən işbirliyinə cəlb edilmişdi. Kronştadt qalasının qərargahında və limanın özündə Dyuksa işləyən səlahiyyətli şəxslər vardı. Yudeniçlə birbaşa əlaqə isə Qoloday adasındakı radiostansiyanın rəisi miçman Reyter tərəfindən həyata keçirilirdi...

Yudeniçin qoşunları yaxınlaşmağa başlayanda, Dyuksun agentləri bir sıra təxribat və diversiya əməliyyatları həyata keçirdilər: Oxta barıt zavodunda yanğın, Pskovdakı sursat anbarının partladılması, Petroqrad – Pskov dəmir yolu xəttinin dəfələrlə sıradan çıxarılması onların işi idi. 7-ci ordunun nəqliyyat idarəsində Blerin rəhbərlik etdiyi agent dəstəsi aktiv fəaliyyətdə idi. Onlar öz həyasızlığına görə misli görünməmiş bir təxribata əl atdılar: rəhbərliyə xəbər etdilər ki, bütün avtomobillərin, motosikletlərin təcili təmirə ehtiyacı var və bu bəhanə ilə bütün texnikanı söküb yerə qoydular... Sonralar, ingilislərin təcrübəli agenti olan Bler öz xatirələrində belə yazırdı: “... 8-9 həftə ərzində təxribatı başa çatdırdıq və bir dənə də yararlı texnika qalmadı. Anqarlarda ehtiyat hissələr dağ kimi qalaqlanmışdı və kimsə onlardan baş çıxara bilməzdi...”

Dyuks həm də gizli antisovet təşkilatı olan “Milli mərkəz”lə sıx əlaqə yaratdı. Lakin 1919-cu ilin yayında həmin təşkilat ifşa olunaraq, çekistlər tərəfindən darmadağın edildi. Axtarışlar zamanı anbarlardan 7 min tüfəng, pulemyot, revolver, 150 mindən artıq güllə tapıldı; səfirliklərin birindən hətta bir neçə top da çıxdı. Dyuksun casus təşkilatının xeyli üzvü yaxalandı, amma özünü tapmaq mümkün olmadı. O, yalnız Petroqraddakı əksinqilabçıları deyil, həm də başqa ölkələrin kəşfiyyat xidmətlərini əməkdaşlığa cəlb etmişdi. Kəşfiyyat məlumatlarının Fin körfəzində duran ingilis eskadrasının komandanı admiral Koenə çatdırılması üçün məxfi kuryer xidməti yaradılmışdı.

Dyuks başqa casus şəbəkələrinin də işini koordinasiya edirdi. Avqust ayının axırlarında VÇK bir neçə belə qrupu, o cümlədən Blerin şəbəkəsini ifşa edib, Dyuksun izinə düşdü. Lakin təcrübəli kəşfiyyatçı qətlə yetirilmiş bir əsgərin sənədlərindən istifadə edərək aradan çıxmağa və Latviya sərhədindən keçməyə müvəffəq oldu. Hadisələrin bu məcraya düşəcəyini təxmin edən Dyuks ona işləyən şəbəkənin başsız qalmaması üçün də tədbir görmüşdü; indi qəsdçilərə onun ən yaxın köməkçisi rəhbərlik edirdi.

1919-cu il oktyabrın 20-də qəsdçilər öz yığıncaqlarında Petroqradda qiyam qaldırmaq barədə qərar qəbul edirlər. Qiyam üçün şərti işarə İsaaki kilsəsinin nəhəng zəngini 12 dəfə vurmaqla veriləcəkdi. Təxminən eyni zamanda Yudeniç də yeni “hökumətin” yarandığını elan etməli idi.

Lakin bu qiyam da başlanmamış bitdi: noyabrın 2-də və 4-də Yudeniçə məlumat çatdırmalı olan casuslar ələ keçdi; onlardan biri Berqi satdı. Onu təcili həbs etdilər. Dindirmə zamanı o, planlaşdırılan qəsd və onun iştirakçıları haqda müfəssəl məlumat verdi. 1919-cu ilin axırlarında “Milli mərkəz”in Petroqrad təşkilatı məhv edildi. Yeni elan olunmuş sovet hakimiyyətinin başağrısına çevrilmiş casus şəbəkəsinin fəaliyyətinə də nöqtə qoyuldu...