796
15:05
06 Dekabr 2019

10 hakimimiz FİFA statusunu itirdi

FİFA dərəcəli Azərbaycan futbol hakimlərinin sayı azalıb.

Apasport.az saytının məlumatına görə, 2020-ci ildə müxtəlif səviyyəli turnirlərdə ölkəmizi cəmi 14 hakim təmsil edəcək.

Hərçənd 2019-cu ildə bu rəqəm 21 idi. Təmsilçilərimizin ümumi sayı 7 nəfər azalıb. Buna səbəb 10 ədalət təmsilçisinin statusunu itirməsidir. Hakimlər Komitəsinin “qələmini qırdığı” bu 10 referini 3 nəfər əvəzləyəcək. Bu azalma qadın futbolu, çimərlik futbolu və futzalda qeydə alınıb.

Düzdür, kişi futbolunda say dəyişməyib. FİFA referiləri Əliyar Ağayev, Rəhim Həsənov və Rauf Cabarov yenə iş başında olacaqlar. Lakin yan xətt hakimlərinin siyahısında dəyişiklik qeydə alınıb. Akif Əmirəli, Zeynal Zeynalov, Namik Hüseynov və Mübariz Haşımov statusunu qoruyub.

Onlara Elşad Abdullayev və Pərvin Talıbov qoşulub. Bu cütlük Yaşar Abbasovla Rza Məmmədovu əvəzləyib.

Qadın futbolunda 6 hakimimiz var idisə, indi onlardan ikisi qalıb. Yuliya Qurbanova yeganə referimiz olacaq. Səbayel Kuzutürk isə beynəlxalq dərəcəsini itirib.

Referi köməkçisi Gülnurə Əkbərzadə də bu vəzifənin yeganə icraçısı qalıb. Aybəniz Əsgərzadə, Xəyalə Əzizzadə və Gülyana Özcan FİFA-nın siyahısından kənar düşüb.

Futzalda üç hakimimizdən yalnız biri - Hikmət Qafarlı yenə FİFA statusu daşıyacaq. Yusif Nurullayevlə Ramil Namazov isə cədvələ düşməyib.

Çimərlik futbolunda da itki qeydə alınıb. İnqilab Məmmədov yenə siyahıdadırsa, Əli Cəbrayılov və Sədaqət Herinx ora daxil edilməyib. Əvəzində Nail Nağıyev əlavə olunub.