497
20:34
05 Dekabr 2019

ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yaydı

ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Nazirlər Şurasının 26-cı iclası çərçivəsində dekabrın 4-də Bratislavada keçirilən görüşü ilə bağlı birgə bəyanat yayıblar.

APA-nın məlumatına görə, bəyanatda vurğulanıb ki, hazırki status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli yoxdur. Onlar tərəfləri süni gecikmələr və şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırıblar: "Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri təmas xəttində və beynəlxalq sərhəd boyunca gərginliyin nisbətən aşağı səviyyədə olduğunu müsbət hal kimi diqqətə alır və Xarici İşlər nazirlərinin iyunda Vaşinqtonda baş tutan görüşündə razılaşdıqları kimi, eskalasiya riskini azaltmaq üçün tərəflər arasındakı birbaşa əlaqələrdən tam istifadə etməyə çağırır. Həmsədr ölkələrin 2018-ci ilin dekabrında Milanda verdiyi bəyanatda və nazirlərin 2019-cu ilin yanvar ayında Paris görüşündə razılaşdığı kimi ötən il gərginliyi azaltmaq və xalqları sülhə hazırlamaq üçün atılan konkret addımları alqışlayırıq. Mart ayında Vyanada görüş zamanı liderlər tərəfindən müzakirə edilən və Xarici İşlər nazirlərinin aprel ayında Moskvada keçirilən görüşündə hazırlanan humanitar tədbirlərin həyata keçirilməsi üçün səylər, xüsusən də bu yaxınlarda baş tutan jurnalistlərin qarşılıqlı mübadiləsi və 28 iyun əsirlərin eyni vaxtda sərbəst buraxılmasını təqdirəlayiq hesab edirik. Bu cür səylərin münaqişənin sülh yolu ilə həllinə dair əsaslı danışıqların aparılmasına şərait yaradan mühitin qurulmasında mühüm rol oynadığını qeyd edərək münaqişə tərəflərini əlavə konkret humanitar və təhlükəsizlik tədbirləri görməyə çağırırıq”.

Bəyanatda həçminin həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəflərin humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı daha əvvəl əldə etdiyi razılaşmaları həyata keçirmək üçün təxirəsalınmaz konkret addımlar atmağın zəruriliyini vurğulayır: “Ağrı və itkilərlə üzləşmiş insanların dəhşətli əziyyətlərini nəzərə alaraq, 2014-cü ilin oktyabr ayında Paris görüşündə iki liderin götürdüyü öhdəliklərdə əks olunduğu kimi tərəfləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsində kömək göstərmək səylərini artırmağa çağırırıq. Atəşkəsin qorunmasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vacib töhfəsini qəbul edərək tərəflərin 2016-cı ildə razılaşdırdığı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin monitorinq missiyasının genişləndirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyini qeyd edirik.

Biz Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 2020-ci ilin əvvəlində, həmsədrlərin vasitəçiliyi ilə sülh yolu ilə nizamlanmanın əsas məqamları ilə bağlı danışıqları sürətləndirmək və gələcəkdə daha yüksək səviyyədə danışıqların aparılması üçün yenidən görüşmək niyyətini alqışlayırıq. Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bir daha ədalətli və davamlı bir nizamlanmanın Helsinki Yekun Aktının prinsiplərinə, xüsusilə də bu Aktın güc tətbiq edilməməsi və ya güclə təhdid etməmə, ərazi bütövlüyü bərabər hüquqlar və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanmalı olduğunu bir daha təsdiqləyir. Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 2009-cu ildə Afinada ATƏT Nazirlər Şurasının iclasında verdiyi və daha sonra ATƏT Nazirlər Şurası tərəfindən təsdiqlənən birgə bəyanatını xatırladırıq. Bu həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdiyi əlavə elementləri də əhatə etməlidir.

Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bir daha vurğulayır ki, hazırki status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli ola bilməz. Buna görə tərəfləri süni gecikmələr və şərtlər olmadan vicdanla əsaslı danışıqlar aparmağa çağırırıq

Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ATƏT-in Minsk Qrupu formatının davamlı həll yolunun əldə olunmasına səy göstərmək üçün əvəzedilməz mexanizm olduğuna əminliyini ifadə edirlər. Tərəfləri bir-biri ilə və vasitəçilik səylərini davam etdirməyi təlimatlandıracağımız Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa çağırırıq”.