50205
17:54
05 Dekabr 2019

Şuma çırpılan təyyarə, morqda görüş, sahibinə qaytarılan qızıllar – Səbuhi Məmmədli yazır

“Qəfil işıqlar söndü. Əvvəlcə heç nə başa düşmədik. Bir də gördük ki, ekipaj üzvləri o yan - bu yana qaçır. Onda başa düşdük ki, vəziyyət ciddidir, düşürük”.

Bunu Səkinə xanım deyir. Səkinə Məmmədova. 24 il əvvəl, bu yazı Lent.az -a qoyulan dəqiqədə Naxçıvan səmasında Bakıya uçuş edən A-55/56 nömrəli “Tu-134” sərnişin təyyarəsi yerə çırpılacaqdı. Naxçıvan şəhərinin, necə deyərlər, bir addımlığında. Sovetabad kəndinin əkin yerinə. 4-ü ekipaj üzvü olmaqla, 52 nəfər həyatını itirəcəkdi. 30 nəfər isə yaralanacaq, bu dəhşətləri hələ də unuda bilməyəcəkdi.

A-55/56 nömrəli təyyarə 15.28-də Bakıdan Naxçıvana uçmuşdu. 16.37-də Naxçıvana enmişdi. Komandir Eduard Xəlil oğlu Həsənov və ikinci pilot Sergey Georgiyeviç Quliyev təyyarəni uğurla endirmişdilər. Nə şassidə, nə mühərrikdə elə bir problem yox imiş. Təyyarə Naxçıvandan uçuşa hazırlanarkən də nasazlıq müşahidə edilməmişdi.

Saat 17:52:09 saniyədə Həsənov dispetçerə uçuşa başlaması haqda məruzə edir. Dispetçer razılıq verir. Təyyarəni ikinci pilot Quliyev hərəkətə gətirir. 26 saniyə sonra təyyarənin hər iki mühərriki işə düşür. Təyyarə saatda 317 km sürətlə hərəkət edəndə artıq yerdən üzülür. Yerdən 60 metr aralandıqdan sonra sol tərəfdəki mühərrik sıradan çıxır. 800 metr hündürlükdə isə ikinci mühərrik də sıradan çıxır və təyyarə idarə olunmaz hala gəlir. 17:54-də isə “Tu-134” Naxçıvan şəhərindən 3 km aralıda yerə çırpılır.


Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəlirlər. Amma faciənin böyük itkilərlə başa gəlməsinin iki səbəbi də vardı. Pilotlar təyyarəni şumluq əraziyə endirərkən onun bir qanadı yüksək gərginlikli elektrik naqillərinə çırpılır. Naqillər təyyarənin qanadını kəsir. Təyyarə yerə enəndən sonra isə xilasetmə qüvvələri hadisə yerinə gəlməkdə çətinlik çəkirlər. Şumluq əraziyə texnika və təcili yardım və yanğınsöndürənlər ən azı 1 saata çatırlar. Onlardan əvvəl yerli sakinlər özlərini yetirirlər.

Təyyarə partlamır, amma böyrü üstə düşdüyündən onu trosla qoşquyla dartıb təkərləri üstə qoymaq istəyirlər. Tros qırılr, təyyarə yenidən aşaraq böyrü üstə aşır.


Qeyd etdiyimiz kimi, 52 nəfərin cəsədi çıxarılan təyyarədə sağ qalan, amma ömürlük əlilə çevrilən Səkinə xanım da olur. Özü də tək yox. Qudası Pəri Əliyeva, əmisi qızları Lətifə və Kübra Məmmədovalar və yeznələri Məhərrəm Qasımovla birgə. O və qudası sağ qalır. Onlar isə həlak olurlar.

- Əmim qızları və yeznəmiz təyyarənin arxasında, quyruq tərəfdə oturmuşdular. Mən və qudam isə qanadın üstündə. Təyyarə havaya qalxandan sonra göydə iki dəfə dövrə vurdu. Qəfil işıqlar söndü. Mən təyyarədə çox uçmuşam. Belə hallar olur adətən. Amma ekipaj üzvlərinin həyəcanını görəndən sonra vəziyyəti anladım. Bir tərəfdən də gurultulu səslər gəlirdi. Hamı, təyyarədə kim vardı, ayaq üstəydi. Pəriyə dedim ki, gedirik, başla, kəlmeyi-şəhadətimizi oxuyaq. Amma unutmuşam, bitirə bildik, ya yox. Çünki…

Təyyarə elektrik naqillərini kəsib yerə çırpılır. Həmin an neçə nəfərin həlak olması bəlli deyil. Təyyarəni trosla dartıb yerinə oturdanda isə ikinci faciə baş verir. Tros qırılır.


- Mən bir də onda ayıldım ki, başımın üstündən balta səsi gəlir. Kimsə içəridəkiləri xilas etmək üçün baltayla təyyarəni deşirdi. Mən əlimlə həmin yeri bərk-bərk döyəcləməyə başladım. Səsimi eşitdilər. Amma bunun fərqində deyildim. Bir də gözlərimi açdım ki, morqdayam.

Səkinə xanımı morqa aparırlar. Deyir, azca huşu başında olanları təcili yardım apardı.

- Mənim kimiləri isə ölmüş bilib, yük maşınına yığaraq morqa apardılar. Üz-gözüm tanınmaz hala düşmüşdü. Gözümü qan örtüb. Huşum başıma gələndə gördüm ki, yaxın qohumumuz Surə xanım morqdadır. Mən xırıltılı səslə onu çağırdım. Qəfil dönüb mənə baxdı. Qayıtdı ki, sən kimsən. Dedim Səkinəyəm. Təsəvvür eləyin, nə gündə olmuşam ki, məni tanımayıb. Dedim, Əsgər dayının qızı Səkinə. Bundan sonra da heç nə xatırlamıram.

Sən demə, komaya düşübmüş Səkinə xanım sonradan. Bir də əməliyyat olunduqdan sonra özünə gəlib. 4 aylıq xəstəxana həyatından sonra… əlil qalıb, ömürlük.

- Mən ad günümü yadımdan çıxarmışam. Dekabrın 5-də qeyd edirəm. Çünki ikinci dəfə dünyaya gəlmişəm.

Hə, ən duyğusalı bilirsinizmi nədi? Qəzadan sonra hadisə yerinə tələsən yerli sakinlər sərnişinlərə məxsus pulları, qızılları, sənədləri, əşyaları… ümumiyyətlə, hər şeyi ərazidən yığıb hərbi prokurorluğa təhvil vermişdilər.

Sonradan həm həlak olanların yaxınları, həm də yaralılar prokurorluqdan əşyaları və pulları qəpiyinəcən götürmüşdülər...