417
17:25
02 Dekabr 2019

Azərbaycanda əlillərin sayı və onlara göstərilən xidmətlər AÇIQLANDI

Hazırda Azərbaycanda 600 mindən çox əlilliyi olan şəxs var və onlar əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinət alırlar.

Lent.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu il əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün aylıq sosial müavinətin, müharibə əlilləri və onlara bərabər tutulanlar, I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdünün məbləği orta hesabla 100 faiz artırılıb. Eyni zamanda, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. Əmək pensiyasının minimum məbləği də cari ildə 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb və bu artımın tətbiq edildiyi pensiyaçıların bir hissəsi də məhz əlilliyi olan şəxslərdir.

2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, bu il həmin kateqoriyadan olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub. Onların artıq 511 nəfərinə mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlər də ilin sonuna qədər veriləcək. Ümumilikdə, indiyədək nazirlikdən şəhid ailələrinə və müharibə əlillərinə 7165 mənzil və fərdi ev təqdim edilib.

Həmin kateqoriyadan olan vətəndaşlara 2018-ci ildə 265 avtomobil verilibsə, bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb. Onların artıq 427 nəfərinə avtomobil təqdim edilib. Beləliklə, indiyədək qeyd olunan vətəndaşlara 6400-dək minik avtomobili verilib.

Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərə dəstəyi

Heydər Əliyev Fondu 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradıb. Hər iki müəssisədə 5-18 yaşlarında 339 uşaq daimi dövlət təminatındadır. Onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, onlarla mədəni-kütləvi iş aparılır, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir.

Ümumilikdə 2019-cu ilin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizminin də elektronlaşdırılması təmin ediləcək ki, bununla da ildə bir hissəsi əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olan təqribən 180 minədək vətəndaş üzrə təyinatların elektron şəkildə, proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan həyata keçiriləcək.

Nazirliyin reabilitasiya müəssisələrində bu ilin 10 ayı ərzində 7241 nəfər əlilliyi olan şəxsə stasionar, 1867 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Bu müddətdə nazirliyin Protez-ortopedik Bərpa Mərkəzi bu kateqoriyadan olan 7463 nəfərə 25023 reabilitasiya vasitəsi, o cümlədən 1145 əlil arabası ilə təmin edib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1300 nəfər daimi dövlət təminatında yaşayır. Onların 1200-ə yaxını məhz əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Eyni zamanda, nazilriyin sifarişləri ilə icra olunan layihələr əsasında reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilən 10 minədək şəxsin 90 faizdən çoxunu məhz əliliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Evlərində sosial xidmət göstərilən 9700-dək şəxsin isə 2,1 min nəfəri əlilliyi olan şəxslərdir.

Ümumilikdə nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb və hazırda 200-ə yaxın mərkəz tərəfindən əsasən uşaqlardan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 10 minədək şəxsə xidmətlər göstərilir.

Əliliyi olan şəxslərin məşğulluğuna və sahibkarlığa çıxışına dəstək

2019-cu ilin 11 ayında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə 2200-dən çox əlilliyi olan şəxsin məşğulluğu təmin edilib.

İşsiz və işaxtaran şəxslərin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatında mühüm rola malik olan “İşsizin DOSTu” proqramı çərçivəsində bu il 40 minədək şəxs işlə təmin edilib və proqrama cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən həssas qruplardan biri də əliliyi olan şəxslərdir.

Peşə Reabilitasiya Mərkəzində peşə təlimi müddətində gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət ilə təmin olunur və kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri verilir. Onlar mərkəzdə inteqrasiya məqsədli çoxşaxəli tədbirlərə də cəlb olunurlar. Bu müəssisə ümumən sağlamlıq imkanları məhdud gənclərin həyatında müsbət dönüş yaradır.

Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən sosial cəhətdən həssas kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. 2018-ci ildə müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 1000 nəfərdən çox nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub.

2019-cu ildə də bu sahədə işlər aparılır, ilin əvvəlindən bəri proqrama cəlb edilən əlilliyi olan şəxslərin sayı artıq 2 mini ötüb və hazırda da işsiz və işaxtaran şəxslərin proqrama cəlb edilməsi işləri davam edir.