677
19:18
02 Dekabr 2019

Hindistan hökumətindən “WhatsApp”la bağlı SƏRT TƏLƏB

Hindistan hökuməti rəqəmli şirkətlərdən ölkə vətəndaşlarının məlumatlarını dövlətin ərazisində saxlamağı tələb etmək niyyətindədir. Hindistan hakimiyyəti “WhatsApp” messencerində məlumat itkisi ilə bağlı hadisələrdən sonra belə qərar qəbul etməyi planlaşdırır.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, məlumatların lokallaşdırılması hakimiyyətə məlumat itkisi zamanı şifrlənmiş məlumatlara giriş əldə etməyə kömək edəcək.

Cari ilin mayında “WhatsApp”ın təhlükəsizlik sistemində boşluq aşkar edilmişdi. Həmin vaxt naməlum şəxslər istifadəçilərin (əsasən jurnalist və hüquq müdafiəçiləri) qurğularına casus proqramları quraşdıraraq onlara hücum etmişdilər.

Hücum messencer vasitəsilə edilmiş zəngin köməyi ilə həyata keçirilirdi. Daxil olan çağırış haqqında məlumatlar isə dərhal silinirdi. “Pegasus” proqramı qurbanları dinləməyə, foto və video çəkiliş etməyə imkan verirdi. “Pegasus” proqramının tərtibatçısı olan İsrailin “NSO Group” şirkəti bütün ittihamları inkar edərək proqram təminatını yalnız hökumət və kəşfiyyat idarələrinə satdığını iddia edir.

"Hindistan “WhatsApp” üçün ən böyük bazarlardan biridir, heç kimin bizə məlumat verməməsi təəccüblüdür" – adının gizli qalmasını istəyən yüksəkvəzifəli məmur deyib.