1279
16:30
28 Noyabr 2019

"Yiyəsiz" kənd tibb məntəqələri nəzarətə götürüldü: ÖZƏL - FOTO

Xəbər verdiyimiz kimi, 2020-ci il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.

Hazırda müxtəlif şəhər və rayonlarda, xüsusən də kəndlərdə olan tibb müəssisələrinin vəziyyətləri ürəkaçan deyil. Hətta Beyləqan rayonu, Sarısu kənd tibb məntəqəsi artıq rayon sakininin yaşadığı evə çevrilib. Amma kənd sakinlərinin narazılığından sonra məntəqənin bir otağı tibb bacısı üçün ayrılıb.

Qeyd edək ki, bununla bağlı Sarısu kənd bələdiyyəsinin sədri Yasəf Mehdiyev vəziyyətdən xəbərdar olduğunu bildirib. Səhiyyə Nazirliyindən isə bildirilib ki, sözügedən problem qısa müddətdə həllini tapacaq.

Maraqlıdır, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tibbi sığortanın tətbiq olunacağı bütün yerlər nəzarətdən keçibmi?

Mövzu ilə əlaqədar Lent.az -ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, 2019-cu ilin fevral ayında agentlik tərəfindən Beyləqan rayonunda fəaliyyət göstərən tibb müəssisələrinin ilkin dəyərləndirilməsi aparılıb:

“Sözügedən rayon, habelə Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli rayonları 2020-ci il aprel ayının 1-dən icbari tibbi sığorta sisteminə qoşulacaqlar. Bu tarixə qədər qeyd olunan bölgələrdə hazırlıq işləri yekunlaşacaq, tibb müəssisələri və tibb məntəqələri şəbəkəsi icbari tibbi sığortaya keçid üçün hazır vəziyyətə gətiriləcək və əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi təmin olunacaq”.

Məlumatda həmçinin o da bildirilib ki, mərhələli tətbiq zamanı (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi prosesin mürəkkəbliyini, tibb müəssisələrinin maliyyələşmələrinin köklü şəkildə dəyişməsini nəzərə alaraq, 2020-ci ildə hökumət və Milli Məclis qarşısında icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edib) vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək:

“Agentlik sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusunu (xidmətlər zərfi) hazırlayıb. Sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən, eləcə də verilməyən laborator və diaqnostik xidmətlərin siyahısı təsdiqləndikdən sonra agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.

2020-ci ildə icbari tibbi sığorta tətbiq edilməyən ərazilərdə tibbi xidmətlərdən yararlanmaq məsələsinə gəldikdə, qeyd edilməlidir ki, əhali qanunvericilikdə nəzərdə tutulmuş qaydada tibbi xidmətlərdən istifadə etməyə davam edəcək”.