2192
14:29
22 Noyabr 2019

Bakirə qızlar ginekoloji yoxlamadan keçməlidir? - HƏKİMDƏN CAVAB

Ölkəmizdə qız uşaqlarının ginekoloji müayinəyə getməsi birmənalı qarşılanmır. Bu məsələ ilə bağlı ciddi fobi var. Bəzi ailələrdə analar qızlarının ginekoloji müayinəyə getməsini özlərinə eyib sayırlar.

Bəs əslində necə olmalıdır, bakirə qızlar ginekoloji müayinə getməlidir?

Mövzu ilə bağlı Lent.az -ın suallarını cavablayan ginekoloq Rəşad Sultan bildirib ki, hər bir qadın vaxtı-vaxtında ginekoloji müayinədən keçməlidir.

“Ginekoloji problemlər təkcə cinsi aktivlik yaşayan qadınlarda olmur. Gənc qızların da özlərinə aid ginekoloji problemləri ola bilər. Məsələn, menstruasiya pozgunluğu, ginekoloji ağrılar, xoşxassəli şişlər, uşaqlıq yolunun ifrazatı və s. Bunların bakirə qızlarda olması normal qarşılanır. Problemlərin vaxtında aşkarlanmamağı gələcəkdə ciddi fəsadlara yol açar. Gənc qız həkimə müraciət edirsə, bu o demək deyil ki, o artıq bakirə deyil. Bu düşüncə tamamilə yanlışdır”.

Həkim bakirə qızların yoxlanılması üçün müayinələrin bəzi detallarını nəzərə çatdırdı:

“Ginekoloji müayinə təkcə uşaqlıq yolunun güzgü ilə yoxlanılması deyil. Tibbi müayinə sorğu ilə başlayır. Yəni xəstə ilə söhbət aparılır, şikayətləri müəyyənləşdirilir. Bundan başqa xarici cinsiyyət üzvlərinə gözlə baxmaqla da bəzi problemləri aşkar etmək olar. Eyni zamanda ultrasəs müayinəsi də ginekoloji müayinənin bir parçasıdır. Bakirə qızların müayinəsində bu vasitədən çox istifadə edirik. Əgər qızın yumurtalıqlarında problem varsa, həkim ona üstdən USM (UltraSəs Müayinəsi) aparatı vasitəsilə baxır və diaqnozu qoyur”.