415
08:11
21 Noyabr 2019

Britaniya şahzadəsi Endryu qalmaqallı Epşteyn işinə görə rəsmi öhdəliklərini dayandırır

Böyük Britaniya kraliçası II Yelizavetanın oğlu, şahzadə Endryu amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinin olması ilə bağlı yaşanan qalmaqala görə kral ailəsinin üzvü kimi rəsmi vəzifələrini müvəqqəti olaraq yerinə yetirməkdən imtina edib.

APA xəbər verir ki, bu barədə sarayın Mətbuat Xidmətinin yaydığı rəsmi açıqlamada bildirilir.

Şahzadə, həmçinin ABŞ hakimiyyəti tərəfindən cinsi zorakılıqda və yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etməkdə günahlandırılan və 2019-cu ilin avqustunda intihar edən Epşteynlə bağlı aparılan istənilən araşdırmada Britaniya hüquq-mühafizə orqanlarına kömək etməyə hazır olduğunu da deyib.

“Son bir neçə gün ərzində mənə aydın oldu ki, əvvəllər məni Ceffri Epşteynlə əlaqələndirən münasibətlər ailəmin apardığı işə, eləcə də şərəfini qorumalı olduğum bir çox təşkilat və xeyriyyə cəmiyyətlərinin fəaliyyətinə ciddi maneə törədib. Bu səbəbdən də kraliçadan yaxın gələcək üçün ictimai vəzifələrimi dayandıracağımla bağlı icazə istədim və o da icazə verdi”, - deyə şahzadə qeyd edib.