430
21:15
20 Noyabr 2019

Respublika Seysmoloji Xidmət Mərkəzində Qadınlar Şurası yaradılıb

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Qadınlar Şurasının yaradılmasına dair təsis iclası keçirilib. RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayevin sədrliyi ilə keçirilən iclasda Həmkarlar Təşkilatının sədri, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev və mərkəz əməkdaşları iştirak ediblər.

Lent.az -ın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, tədbirdə “İnformasiya” şöbəsinin müdiri Vüsalə Rafiqqızı (Hüseynova) çıxış edərək, Qadınlar Şurasının yaradılmasının əhəmiyyəti, AMEA-da çalışan qadın əməkdaşların ölkəmizin elmi, mədəni və ictimai-siyasi həyatındakı rolundan danışıb. Azərbaycan qadınlarına müsəlman Şərqində ilk olaraq seçki hüququ verildiyini qeyd edən şöbə müdiri “bu gün ölkəmizin ictimai-siyasi həyatında qadınlar böyük rol oynayırlar. Qadınların təhsil alması, işləməsi üçün dövlət tərəfindən bütün imkanlar yaradılıb. Qadın hüquqları qanunvericilikdə də ən yüksək səviyyədə təmin olunmuşdur” - deyərək, Azərbaycanın birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin bütün qadınlar üçün örnək olduğunu qeyd edib.

Daha sonra Qadınlar Şurasının İdarə heyətinə namizədlərin seçilməsi keçirilib. Müzakirələrin nəticəsi olaraq, doqquz nəfər xanım əməkdaşın İdarə heyəti üzvlüyünə namizədliyi irəli sürülüb. Açıq səsvermə nəticəsində - “Kadrlar” şöbəsinin müdiri Fəridə Axundova, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “İnformasiya” şöbəsinin müdiri Vüsalə Hüseynova, “Seysmoloji materialların təhlili və təfsiri” şöbəsinin kiçik elmi işçisi Təranə Kazımova, “Maqnitometriya” şöbəsinin kiçik elmi işçi Aygün Davudova, “İnstrumental” şöbənin elektronçusu Lalə Fəttahova, “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin mühəndisi Xoşqədəm Yusifova, “Beynəlxalq əlaqələr” şöbəsinin kiçik elmi işçisi Leyla Aşurova və “Geodinamika” şöbəsinin kiçik elmi işçisi Gülxanım Əsgərli İdarə Heyətinin üzvləri seçiliblər.

Daha sonra RSXM - nin Qadınlar Şurasının İdarə Heyəti üzvlərinin iclası olub. Idarə heyətinin üzvləri - “Kadrlar” şöbəsinin müdiri Fəridə Axundova və “Beynəlxalq əlaqələr” şöbəsinin kiçik elmi işçisi Leyla Aşurova çıxış edərək, təşkilat sədrliyinə “İnformasiya” şöbəsinin müdiri Vüsalə Hüseynovanın namizədliyini irəli sürüb və məsələ səsverməyə qoyulub. Səsvermənin nəticəsi olaraq, “İnformasiya” şöbəsinin müdiri Vüsalə Hüseynova AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Qadınlar Şurasının sədri, “Beynəlxalq əlaqələr” şöbəsinin kiçik elmi işçisi Leyla Aşurova isə katibi seçiliblər.