440
18:44
20 Noyabr 2019

Narkotik tərkibli dərmanlar satan əczaçının işi MƏHKƏMƏDƏ

Zaqatalada aptekdə psixotrop tərkibli dərmanlar satmaqda təqsirləndirilən əczaçı Xasay İsmayılova və onunla birgə ittiham olunan Vasif Rəcəbovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, Zaqatala rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birində qanunsuz olaraq psixotrop tərkibli dərmanların satılması barədə məlumat daxil olub.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik “Diazepam” dərman preparatını qanunsuz olaraq satdığı üçün həmin aptekdə işləyən şəhər sakini X.İsmayılova polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri zamanı aptekdən 437 ədəd və 4 ampula psixotrop dərman preparatları aşkar edilərək götürülüb. İstintaqin gedişində V. Rəcəbov da cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.