845
16:03
18 Noyabr 2019

Qızılca peyvəndi məcburi oldu: Azərbaycanda vəziyyət necədir? - RƏSMİ

Almaniya Federal Məclisi 2020-ci il martın 1-dən qızılcaya görə peyvəndin məcburi olacağı ilə bağlı qanun layihəsini qəbul edib. Parlament üzvlərinin 459-u layihənin lehinə, 89-u əleyhinə səs verib. 105 deputat bitərəf qalıb.

Qanun layihəsinə əsasən, bütün valideynlər övladlarının qızılca əleyhinə peyvənd olunduğunu göstərən arayışı təqdim etməlidirlər. Əks təqdirdə, onlar 2 min 500 avro cərimələnə bilərlər.

Yeni qərarla bağlı danışan ölkənin səhiyyə naziri Yens Spah bildirib ki, il ərzində Almaniyada 501 nəfər qızılcaya yoluxub və bununla da qızılcaya yoluxanların sayında azalmaların olacağına əmindir.

Maraqlıdır, hazırda Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir? Ölkədə də məcburi peyvəndlə bağlı qanun qəbul edilə bilərmi?

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Lent.az -a bildirib ki, hazırda ölkədə peyvənd könüllü həyata keçirilir:

“Bizdə bu barədə ailələrə mətbuat vasitələri ilə geniş məlumatlar verilir və əsasən tibb işçiləri tərəfindən valideynlərin maarifləndirməsi baş tutur”.

A.Əliyeva qeyd edib ki, 2019-cu ilin əvvəlindən iyul ayına qədər Azərbaycanda da qızılca qeydə alınıb:

“Ancaq müvafiq tədbirlər görülərək bunun qarşısını ala bildik. Kənarda qalan uşaqlara qızılca əleyhinə peyvəndlər vuruldu. 20 yaşdan 40 yaşadək şəxslər arasında da peyvəndləməni apardıq.

Əlavə edim ki, avqust ayının 1-dən ölkədə təsdiqini tapmış qızılca faktı qeydə alınmayıb”.

Direktor müavini əlavə edib ki, peyvəndləmə ilə bağlı dəyişiklik, məcburilik olarsa, ölkədə də bununla bağlı qərar qəbul oluna bilər.

Xatırladaq ki, bu il fevralın 28-də səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.